“Aparılan siyasətin təməlində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır” - Deputat


“Əməkhaqqının artırılması vətəndaşın sosial rifahına birbaşa öz təsirini göstərir”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, 2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında böyük uğurlarla, yeniliklərlə yadda qalan il kimi başlayıb və indi də davam etməkdədir: 

“İlin əvvəlində ölkə başçısının sərəncamları ilə minimum əməkhaqları və əmək pensiyaları artırılıb. İlin ikinci yarısında isə ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addım olaraq yenə də minimum əməkhaqqının, digər sahələr üzrə əməkhaqlarının və əmək pensiyalarının artırılması istiqamətində yeni sərəncamlar imzalandı.

Bu sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib. Bu o deməkdir ki, vətəndaşlarımız sentyabr ayının əməkhaqqını artımla alacaqlar. Əvvəlki sərəncamlardan fərqli olaraq bu sərəncamlarda əməkhaqları ayrı-ayrı sahələr üzrə yüksək faizlərlə - 20 faizdən 50 faizədək artırılır. Yəni, sosial ədalət gözlənilir və hər bir sahədə çalışan işçiyə mütənasib qaydada əməkhaqqı ödənilir”. 

Parlament üzvü bildirib ki, ümumilikdə, 4 milyon nəfərdən çox insanı əhatə edəcək sərəncamlar 4 milyard manatadək maliyyə tutumludur: 

“Bu da təbii ki, ölkə iqtisadiyyatından daxil olan əlavə vəsaitlərdir və həmin vəsaitlər ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Bu onu göstərir ki, ölkə başçısının apardığı siyasətin təməlində sosial siyasət, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması dayanır.

Təbii ki, bu son deyil. Ölkəmiz gücləndikcə, iqtisadiyyatımız inkişaf etdikcə belə addımlar davamlı və ardıcıl xarakter alacaq”.




Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu