“Paşinyanın “yeni tezis”ləri Ermənistanda məsxərə obyektinə çevrilib"



“Paşinyanın “yeni tezisləri” məsxərə obyektinə çevrilib”

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin “etimologiyası” ilə bağlı Nikol Paşinyanın “yeni tezis”ləri Ermənistanın özündə belə lağa qoyulur

“Azərbaycanın SSRİ-nin tərkibindən çıxması proseduru ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisi olaraq işğal edilməsi faktı arasında paralel aparmaq heç bir məntiqə sığmır. Əvvəla, bu, bir həqiqətdir ki, SSRİ konstitusiyasına görə, müttəfiq respublikaların hər birinin, o cümlədən Azərbaycan və Ermənistanın da ittifaq dövlətinin tərkibindən çıxmaq hüququ var idi. Bu hüquqdan da istifadə olundu. Həmin konstitusiyada muxtar respublika və vilayətlər anoloji hüquqa malik deyildilər. Belə bir hüququn olmadığı reallıqda hər hansı bir muxtar subyektin “müstəqillik” sevdası separatizm kimi hüquqi qiymətini alırdı və cəzalandırılırdı. Eyni məntiqlə, Azərbaycan daxilindəki heç bir muxtar qrumun, o cümlədən DQMV-nin həm ölkə, həm də SSRİ qanunvericiliyinə görə ayrılmaq və müstəqilliyini bəyan etmək hüququ yox idi. Belə bir hüquqla DQMV-ni təmin edən hər hansı bir sənəd varsa, Nikol Paşinyan üzə çıxarsın. Bu, mümkün deyil, çünki belə bir sənəd yoxdur”.

Parlament üzvü bəyan edib ki, Ermənistanın baş nazirinin populist və təxribatçı bəyanatları yeni aranjimanda təqdim olunmaqdadır: 

““Dağlıq Qarabağ elə Ermənistandır” kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bu dəfə xalqların öz müqəddəratını təyinetmə hüququndan bəhs edərkən “Qarabağ xalqı” ifadəsi işlədir və titullu xalq axtarışına çıxır. Bu absurd mövqenin daşıyıcısının nəzərinə çatdırırıq ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi siyasi avantüradan başqa bir şey deyil. Dağlıq Qarabağın Azərbaycan və erməni icması var. Ermənilər isə bir xalq olaraq öz müqəddəratını təyin ediblər. Vassal və sattelit olsa da, bir siyasi subyekt yaradıblar. İkinci erməni dövləti yaratmaq onların boş xülyalarıdır. Münaqişənin həlli imkanları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dərəcə qətiyyətli, prinsipial və dəyişməz mövqeyi var. Həmin mövqeyə görə, “Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı həll yolu qəbuledilməzdir”. Ermənistanın nicatı bu mövqeni sonadək tanımasından və qəbulundan keçir. Zaman isə gözləmir”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu