Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlir ? – AÇIQLANDI

 İlqar Vəlizadə: “Son vaxtlar Rusiya Dağlıq Qarabağla bağlı narahatlıqlarını gizlətmir. Bu narahatlıq xüsusi olaraq Paşinyanın çıxışlarından sonra meydana gəldi”

“Rusiyanın siyasi dairələri hesab edirlər ki, belə çıxışlar münaqişənin arzuolunmaz forma almasına gətirib çıxaracaq. Bu isə Rusiyanın marağında deyil”



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək. Səfər zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparılacaq.

Rusiya Təhlükəzilik Şurasının press-relizində bildirilir ki, Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq.



Səfərlə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, N. Patruşevin ölkəmizə gəlməsi Azərbaycan və Rusiya arasında təhlükəsizlik sahəsində olan dialoqun göstəricisidir:

“Bu, Patruşevin Azərbaycana ilk səfəri deyil. Son vaxtlar bu səfərlərin sayı çoxalıb. Nəinki Patruşevin, eyni zamanda Azərbaycanlı həmkalarların da Rusiyaya səfəri artıb. Belə səfərlərdə müzakirə olunan məsələlər bəllidir. Xəzəryanı dövlətlərin regional təhlükəsizliyi, qonşuluğumuzda olan ölkələr ətrafında gedən proseslər müzakirə olunur. Əlbəttə, gündəlikdə münaqişə ocaqları və münaqişələrin böyüməsi ilə bağlı ehtimallar barədə də söhbət gedir. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında gedən proseslər xüsusi önəm kəsb edir”. 

Politoloq diqqətə çatdırıb ki, son vaxtlar Rusiya Dağlıq Qarabağla bağlı narahatlıqlarını gizlətmir:

“Bu narahatlıq xüsusi olaraq Paşinyanın çıxışlarından sonra meydana gəldi. Rusiyanın siyasi dairələri hesab edirlər ki, belə çıxışlar münaqişənin arzuolunmaz forma almasına gətirib çıxaracaq. Bu isə Rusiyanın marağında deyil. Çox güman ki, Patruşevin İrəvana səfəri zamanı sözügedən məsələlər müəyyən olunub. Bakı səfəri çərçivəsində də məsələyə yenindən baxılacaq”.

İ.Vəlizadə vurğulayıb ki, Rusiya Azərbaycanın tutduğu mövqedən razıdır:

“Ermənistan tərəfin müxtəlif  və təhlükəli bəyənatlarına baxmayaraq Bakı təmkinli davranır və münaqişəninn alovlanmasına yol vermir. Yəqin, bu məsələ ətrafında da fikir mübadiləsi aparılacaq. Hazırda həm Moskva, həm də Bakı bu mövzuya eyni gözlə baxırlar”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu