“Ya ana, ya da körpə dünyasını dəyişir” – Pediatr səbəbləri sadaladı



Azərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb.
2018-ci ildə Azərbaycanda 5 yaşadək 1825 uşaq dünyasını dəyişib. 2017-cı ildə isə ölkədə 2058, 2016-cı ildə 2092, 2015-ci ildə isə 2395 uşaq dünyasını dəyişib.

Ölən uşaqların çoxu oğlanlar olub. Keçən il dünyasını dəyişən uşaqların 1065-i oğlan, 760-ı qız olub. Ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1433-ü oğlan, 979-u qız olub. Ötən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.

Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. Ötən il sinir xəstəliklərindən 289, tənəffüs sistemi xəstəliklərindən 215 uşaq dünyasını dəyişib, 2018-ci ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 214, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 197 uşaq dünyasını dəyişib.



Uşaqların ölüm səbəbləri ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən həkim-pediatr Vaqif Qarayev söylədi ki, nisbətən yuxarı yaşda olan uşaqlar daha çox bədbəxt hadisələr baş verən zaman dünyasını dəyişir.

Həkimin sözlərinə görə, dünyaya sağlam uşaq gətirmək üçün ilk növbədə valideynin özü sağlam olmalıdır:

“Nəsilartırma funksiyası və orqanizmin ümumi sağlamlığı deyilən bir anlayış var. Xüsusilə də ananın sağlamlıq durumu vacibdir. Bəzi xəstəliklər var ki, hamiləliyə imkan vermir və doğuşdan sonra təhlükəli hallar yaranır. Həmçinin hamiləlik vaxtı aşkar olunan patalogiyalar da var. Hansı ki, bu patalogiyalar uşağın əlilliyinə, ölümünə səbəb olur.

Çox vaxt ölüm halları olanda günahı həkimlərdə görürlər. Lakin bu düzgün yanaşma deyil. İnsanlar mayalanma günündən tutmuş uşaq doğulana qədər hamiləliyin müxtəlif dövrlərində yoxlamalardan keçməlidir.

Amma ölkəmizdə belə deyil. Ən çox regionlarda bu hal müşahidə olunur. Bir də yadına düşür ki, doğuş sancısı var, ona görə də həkimə getməlidir. Beləliklə bu hal çox ağır sonluqla nəticələnir. Ya ana, ya da körpənin həyatda qalmaq şansı az olur və ya dünyasını dəyişirlər.

Bu zaman da həkimi günahlandırırlar. Bəzən buna səbəb olaraq imkansızlığı, maddiyatı əsas gətirirlər. Amma qətiyyən bununla razılaşmıram”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu