“Tehran qətiyyətli addımları ilə ABŞ-ın planlarını pozmaqdadır” - AKTUAL

“ABŞ və İran öz imiclərini qoruyub saxlamaq istəyirlər”. 

Bunu “Sherg.az”a açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib. 

Analitik bildirib ki, Amerika “5+1” nüvə razılaşmasından birtərəfli qaydada çıxdıqdan sonra İrana qarşı ciddi sanksiyalar tətbiq etməkdədir: 

“Vaşinqton çox yaxın zamanda İran iqtisadiyyatının çökəcəyini və rəsmi Tehranın danışıqlar masasına geri qayıdacağını zənn edirdi. Hətta ABŞ prezidenti Donald Trampın dilindən bunu bir neçə dəfə eşitmişik. Ancaq İran bütün iqtisadi sarsıntılara rəğmən danışıqlar masasına oturmadı və Ağ Ev rəhbərinin dəvətini geri çevirdi. Başda Ruhani olmaqla SEPAH təşkilatı Vaşinqtonla danışıqların əleyhinədir. Nəzərə alaq ki, 2020-ci ildə ABŞ-da prezidenti seçkiləri keçiriləcək. Ağ Ev rəhbəri İranı zorla masaya otuzdurmaqla öz imicini qorumağa və gələcək seçkilərə görə xal qazanmağa çalışır. Masada iki plan var. Birincisi, İrana qarşı hərbi əməliyyatların keçirilməsidir. Bu da zaman-zaman gündəmə gətirilməklə İrana təzyiq xarakteri daşıyır. İkincisi isə ağır iqtisadi sanksiyalarla İranı çökdürərək masaya əyləşməyə məcbur etməkdir”. 

Ekspert vurğulayıb ki, danışıqlar sadəcə İran və ABŞ arasında getmir: 

“Amerikanın tələbi odur ki, yeni nüvə sazişi ilə bağlı müzakirələrə başlanılsın. Bu da əvvəlki “5+1” sazişinin tamamilə ləğv olunması anlamına gəlir. ABŞ-ın istəklərinə rəğmən Tehran buna getmir. Yeni sazişlə bağlı Amerikanın dövlət katibi Mark Pompeonun irəli sürdüyü 12 maddədən ibarət bir anlaşma mətni var. Bu plan İranın tamamilə ram edilməsini nəzərdə tutur. Rəsmi Tehranın israrla danışıqlardan qaçması bununla bağlıdır”. 



N.Miri bəyan edib ki, Amerika Oman və Hörmüz hövzəsində yaratmaq istədiyi koalisiya vasitəsi ilə İranın neft tankerlərini sıradan çıxarmaq
istəyir: 

“Buna cavab olaraq İran tərəfi Böyük Britaniyanın neft tankerinə əl qoymaqla həm Avropaya, həm də ABŞ güc nümayiş etdirdi, mesaj verdi. Yəni Vaşinqton koalisiya yaratmaq istiqamətində də istəklərinə nail ola bilmədi. Çünki bir çox Avropa ölkəsi İrana qarşı getməyi ağıllı addım hesab etmir. Tehran hökuməti qətiyyətli addımları ilə ABŞ-ın bütün planlarını pozmaqdadır. İran anlayır ki, danışıqlar masasına oturarsa, “5+1” nüvə sazişi ləğv olunacaq. Ancaq Tehran Avropa ölkələrinin də müzakirələrdə iştirakını istəyir. İranın güzəştə gedəcəyi təqdirdə mübarizəni uduzacağının fərqindədir. Həm də gözəl bilir ki, indiki məqamda Vaşinqton müharibəyə başlaya bilməz. Çünki savaş 2020-ci ildəki prezident seçksində Donald Trampın rəqibləri qarşısına məğlubiyyətinə səbəb ola bilər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu