Patruşev hansı missiya ilə gəlib ? – TƏHLİL


“Nikolay Patruşev az qala ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlədə müzakirə mövzuları dəyişmir”.

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, buna baxmayaraq, bəzən Nikolay Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır: 

“Məsələn, Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı belə bir cümlə işlətmişdi: “Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”. Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. Nikolay Patruşevin avqustun 12-də İrəvana səfəri də bu mövzuyla əlaqəli olub. Patruşev keçmiş illərdə Rusiya kəşfiyyatına başçılıq edib. O Azərbaycandakı və Ermənistandakı vəziyyət haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malikdir. Üstəgəl Nikolay Patruşev prezident Vladimir Putinin ən yaxın adamlarındandır və bir sıra hallarda Kreml sahibinin xüsusi mesajlarını çatdırmaq üçün bu və ya digər ölkəyə səfər edir”. 



Ekspertin sözlərinə görə, Rusiya bölgədə müharibənin əleyhinədir: 

“Ancaq Kreml onu da müşahidə edir ki, birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi haqqındakı məntiqsiz fikirləri bölgədə müharibə risqini artırır. İkincisi Azərbaycanda münaqişənin güc yoluyla inanların sayı artır və rəsmi Bakı Naxçıvan və Qazax istiqamətlərindəki apardığı əməliyyatlar çərçivəsində Ermənistana qarşı hərbi təzyiqdən istifadəyə meyllənib. Bu gedişat Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Kreml Patruşevi həm İrəvana, həm də Bakıda göndərir ki, hər iki tərəfi lokal toqquşmadan çəkindirsin. Nikol Paşinyan avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır” dedikdən düz 1 həftə sonra Patruşev İrəvana getdi.

O, rəsmi İrəvanın dəyişən ritorikasının bölgədə müharibə risqini artırdığını erməni həmkarlarına anlatmağa çalışdı. Nikolay Patruşev Paşinyanla görüşə başqa bir missiya ilə də getmişdi. Paşinyan Vladimir Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. Putin bu yaxınlarda həbsdə olan Köçrəyana artıq ikinci təbrik məktubunu göndərib. Budəfəki məktubda o Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib.

Siyasi tarixdə görünməyən hadisədir ki, bir dövlətin başçısı digər dövlətdə həbsdə olan siyasətçini iki dəfə ard-arda nəyəsə görə təbrik edir. Bu Putinin Paşinyana birbaşa mesajıdır ki, səbrimi daşırdma! Putin Patruşevin İrəvana səfərləri vasitəsilə Köçəryanı həbsdən azadlığa çıxmasına nail olmaq istəyir. Paşinyan Köçəryan məsələsində Kremlin təzyiqləri ilə üz-üzə qalsa da, eks-prezidenti azad etməklə “Qarabağ klanının” əlini gücləndirmək istəmir. Ancaq Paşinyanın Kremlin Köçəryan məsələsində təzyiqlərə hansı həddə qədər dözəcəyi sual altındadır”.

Siyasi şərhçinin fikrincə, Patruşevin İrəvan səfərləri Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyi kimi, Rusiya Təhlükəsizlik Şurasının katibinin Bakıda müharibənin qarşısını almaq çağırışları da Azərbaycanın maraqlarına cavab vermir: 

“Kremlə bölgədə sakitlik lazımdır. Ancaq torpaqların işğalının davamına şərait yaradan sakitlik Azərbaycanın maraqlarına cavab vermir. Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana hər səfəri bir maraqlı təsadüflə və ya gerçəkliklə də yadda qalır. Patruşev hər dəfə Bakıda olanda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına yönəlik hansına önəmli hadisə baş verir. Məsələn 2017-ci ilin apprelində Patruşev Bakını tərk etdikdən dərhal sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bülənt Bostanoğlu Azərbaycana üç günlük səfərə gəldi. Bülənt Bostanoğlunun Bakıya səfəri yerinə düşdü. Rusiya Xəzərdə hərbi imkanlarını genişləndirir.

Heç bir Xəzəryanı dövlət buna etiraz etmir. Ancaq əgər Rusiyanın Xəzərdə hərbi qüdrətini artırmaq hüququ varsa, başqa ölkələrin də oxşar hüququ var. Eynilə Azərbaycan da strateji tərəfdaşlarının köməyi ilə Xəzərdə hərbi imkanlarını artırmaq hüququna malikdir və bu məsələdə Azərbaycan tərəfdaşlarından real dəstək almaq hüuquna malikdir. Türkiyəli generalın Bakıya səfəri ona işarəydi ki, Türkiyə Azərbaycan hərbisinin müxtəlif istiqamətlərində inkişafı məsələlərində dəstəyini əsirgəməyəcək”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşüb. Rəsmi xəbərlərə görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri müzakirə edilib. Rəsmi xəbərlərdə o da vurğualnıb ki, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edib. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu