"Bunun adı paxıllıqdı"

Samir Cəfərov: "Üzeyirin, Şəbnəmin, Damlanın oxuduqlarına bayağı demək doğru deyil"
"Birinin səsi də var, diplomu da, amma tamaşaçı sevgisi qazana bilmirsə o istedad nəyə, kimə lazımdı?"

 Son illər hamı səhnənin bayağı olduğundan şikayətlənir.   Əslində hamı danışır, danışanlar da özlərini daha zövqlə akademik musiqi ruhuna sahiblər kimi təqdim etməyə çalışırlar. Əslində bayağı musiqi necə olur sualına isə cavab verən yoxdu? Hansı musiqini bayağı musiqi adlandırmaq lazımdı?

Ümumiyyətlə, bu anlayış, termin doğrudurmu? Musiqi bayağı ola bilərmi?

 Suallarımıza Xalq artisti Samir Cəfərov cavab verməyə çalışdı. 

- Hər vaxtınız xeyir. İstirahət mövsümü bitir. Necə dincələ bildiniz?

- Dincəlməyə vaxtım o qədər çox olmadı. Amma imkan qədər ailəmə vaxt ayırmağa çalışdım.

- Yəqin ki, yeni mövsümə hazırlıq var. 

- Təbii ki, yeni mahnılar  hazırlamışıq. Barış Mançonun repertuarından məşhur bir bəstəyə fərqli aranjimanla müraciət etmişəm. «Can bədəndən çıxmayınca» adlı mahnını sevirdim, ona müraciət etdim. Artıq sosial şəbəkələrdə iki gündür paylaşım etmişəm, böyük maraq var. Dinləyənlər maraqlı rəylərini yazırlar. Eyni zamanda  bəstəkar, musiqiçi, aranjimançı  İlkindən də yeni bir mahnım olacaq. O bəstə də maraqlıdır. Sevgidən bəhs edir. 

- Bəs duet necə, olacaqmı? Bir çoxları Samir Cəfərovla duet oxumağa can atır...

- Bu mövsüm duet ifaların olmasını istəmədim. Duet məsələsini bağladıq. Hələ ki duet lazım deyil.  Bilirsiz, duet ifa etmək asan deyil. Bir də kiminlə duet oxumaq vacib məqamdır. Bir müddət öncə «İzn ver, gedim» adlı mahnını duet oxudum. Çox böyük maraqla da qarşılandı. Hətta sauntrek olaraq da istifadə ediblər. Ola bilər gələcəkdə maraqlı bir mahnı təqdim edilsin, duet oxumaq istəyim olsun.

-  Son vaxtlar belə bir fikir yaranıb ki, yaxşı bəstəkar mahnıları yoxdu. Sizcə, bəstəkarlarımız tənbəllik edirlər, ya zamanın zövqünü, nəbzini tuta bilmir bir çox bəstəkarlarımız?

- Zaman dəyişib. Bu gün dünyada zövqlərin ortaq nöqtəsini tutmaq çətinləşib. Bir də görürsən ki, səsi olmayan bir ifaçı  bir mahnı ilə  gündəmi zəbt etdi. Yəni musiqi zövqü həm də şansa bağlı məsələyə çevrilib. Ruslar buna «İzyuminki» da deyirlər. Yəni tuta bilmək məsələsi var.  Əgər bəstəkar əvvəldən  bilsə ki, onun mahnısı tutacaq, o mahnını müğənniyə verməz, özü oxuyar. Mahnının sevilməyi şans məsələsidir. Heç kim əvvəldən deyə bilməz ki, o mahnı reytinq əldə edər, ya yox.

- Son dönəmlər bayağı deyilən mahnıların bu  qədər populyar olmağı da elə bununla bağlıdırmı?

- Bilirsiz necədir, hamı bayağı-bayağı deyir. Amma elə insanların məclisində elə müğənnilər oxuyur ki, bir anlıq o  qənaətə gəlirsən ki, bayağı sözünün yükü itib. Bayağı musiqi deyilən anlayış, ifadə vasitəsi yoxdu musiqidə. Bayağı sözü bəzi  akademik musiqi savadı olan, konservatoriya təhsili alan bəstəkarların, ifaçıların dilində  səslənir. Bayağılıq sözü Azərbaycan musiqisindən ləğv olunmalıdır. Hansı bayağılıqdan danışılır? Bir ifaçıya, bir mahnıya ki milyonlarla insan qulaq asır, onu bayağı adlandırmaq doğru deyil. Çünki  o dinləyicilərin arasında təhsilli, deyək ki, məmurlar belə varsa, o musiqi artıq bayağılıqdan çıxır. Cəmiyyətdə nüfuzlu, deyək ki, elit təbəqənin nümayəndəsi hesab etdiyimiz insanların məclisində  belə o bayağı dediyimiz müğənniləri, ya da o mahnıları eşitmək mümkündür. 

- Deyək ki, bu gün Üzeyir Mehdizadənin ifasına bayağı demək doğru deyil. Çünki onun milyonlarla izləyicisi var?

 - Bəli. Mən  Üzeyirə bayağı musiqiçi demirəm. Çünki o ifaçının böyük auditoriyası yaranıbsa, o, bayağı ola bilməz. Deyək ki, nə Şəbnəm xanıma, nə Damlaya, ya da son vaxtlar mahnıları məşhur olan digərlərinə bayağı müğənni demək olmaz. Niyə bayağıdırlar? Oxuyurlar, oxuduqlarını da milyonlar sevir. İnsanların zövqü bu musiqiləri istəyir. Biz kimsəyə bu musiqini dinlədiyinə görə bayağı deyə bilmərik.  Sadəcə zaman dəyişib. Onlar zamanın ifaçılarıdır. Bir müqayisə aparım.

Deyək ki,  Rəşid Behbudovun zamanında  eyni zamanda Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Qədir Qızılsəs kimi ifaçılar da var idi, onları da sevənlərin sayı hədsiz idi, mən onların heç birinin ifasına mənfi fikir söyləmirəm. O zamanlar Rəşid  Behbudov kimi sənətkarlar akademik ifaçılar sayılırdı, digərləri oxusalar da, efirdə məhdudiyyətləri yaranırdı. Baxın, amma onlar da sevilirdi.  Hər dövrdə akademik musiqiçilər kimi orta musiqiçilər də olub. Hərənin öz  dinləyicisi var. Bu gün efirdə reklam olunmağa ehtiyac qalmayıb, çünki sən  ifanı, mahnını sosial şəbəkəyə buraxırsan, tanınırsan. Əvvəl efirə 2000-3000 pul ödəyirdin ki, reklamın getsin, bu gün ona ehtiyac qalmır. İnstaqram üzərindən tanınırsan, efirdə maraqlı müğənni olduğun üçün səni pulsuz dəvət edir ki, verilişinə tamaşaçı cəlb etsin, reytinq qazansın. Əgər bu ifaçılar tanınırsa,  sevilirsə, niyə onların adına bayağı deməliyik? Bu, haqsızlıqdı.

O müğənnini tamaşaçı sevir. Sosial mediada bir müğənninin 1 milyon baxışı varsa onların hamısı bayağı ola bilməz axı. Sənin o akademik ifa edən müğənnin niyə o qədər izləyici əldə edə bilmir?  Bilirsiz kimlər bayağı sözündən daha çox istifadə edir? O müğənnilər, musiqiçilər ki, həyatda öz mövqelərini tuta bilməyiblər, bayağı dedikləri müğənnilər qədər auditoriyaları böyük deyil, məhz o ifaçılar bayağı sözündən istifadə edirlər. Sən o uğuru, tamaşaçı sevgisini  əldə edə bilmirsənsə,  digəri bunu bacarırsa, niyə ona bayağı deməlisən? Sən əldə edə bilmədiyin tamaşaçı sevgisini bayağı dediyin ifaçı qazana bilib. Qəbul etmək nə qədər çətindi? Bunun adı paxıllıqdır. Bəzi müğənnilər var ki,  onlar həyatın gerçəkliklərini qəbul edə bilmirlər. Həqiqət nə qədər acı olsa da reallıqla barışmaq lazımdır.

Qardaş, bu gün Üzeyirə, Şəbnəmə, Damlaya tələbat var. Bunu niyə qəbul edə bilmirsiz?  Birinin səsi də var, diplomu da, amma tamaşaçı sevgisi qazana bilmirsə o istedad nəyə, kimə lazımdı? İnsan həyatda qazanmaya da bilər.  Tanınmaq, seçilmək çox insanın arzusudur. Bu da şansla bağlı məsələdir. Mən bilirəm ki, bu gün Azərbaycanda məndən qat-qat artıq qazanan ifaçılar var. O ifaçının diplomu, musiqi təhsili var ya yox, bu önəmli deyil. Önəmli odur ki, o tanınır, ona tələbat var, sevilir. Reallıq budursa bunu görməmək mümkün deyil. Hə, mən akademik təhsilə sahib ifaçı olduğum üçün öz statusumu saxlayıb özümə uyğun tərzdə ifaya üstünlük verirəm. Mənim də öz auditoriyam var. Məni də bəlli təbəqə sevir. Yəni biri tanınırsa, sevilirsə onu qısqanmaq  acizlikdir.  




Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu