Təhsil Nazirliyinin təşəbbüsü alqışlandı: “...Bu mövzular olduqca önəmlidir”

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri ) və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.


İlk dərs günündə bu cür mövzulara yer ayrılmasını təqdirəlayiq hesab edən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət “Sherg.az”a açıqlamasında deyib ki, orta məktəblərimizdə hər zaman belə vətənpərvərlik mövzuları təbliğ olunub.
Ekspert bildirib ki, sinif müəllimləri orta məktəbə ilk addımlarını atan fidanlarımıza məktəbəqədər hazırlıq vaxtlarından sağlamlıqlarının qeydlərinə qalması barədə məlumatlar verirlər:
“Yeni tədris ilinin ilk dərs gününün də məhz bu mövzu ilə başlanması olduqca sevindiricidir. Çünki yuxudan durub məktəbə gələn fidanlarımız məktəbə sevgi, dərsə vaxtında gəlmək, özünü idarə etmək vərdişlərinə yiyələnmiş olduqları üçün onlara çətinlik gəlmir. Artıq məktəbə tam hazırlıqlı şagirdlər gəldiyi üçün ibtidai sinif şagirdləri bu mövzu ilə bağlı az da olsa məlumatlıdırlar.
9-cu sinifə qədər şagirdlərə mütaliə vərdişlərinin artırılması ilə bağlı mövzunun ilk dərs günündə yer alması da çox önəm daşıyır. Çünki 5-9-cu sinifə qədər şagirdlərdə ilk dərs günündə sırf mütaliəyə vaxtlarının ayrılmasına diqqətin yönəldilməsi şagirdlərimiz üçün çox xeyirlidir. Əminəm ki, məktəblilərimiz ilk dərs günündə bu mövzuların dinlənilməsində fəal iştirak edəcəklər”. 
Ekspert qeyd edib ki, yuxarı sinif şagirdlərinə vətən və torpaq sevgisi, milli dəyərlərimizə bağlılığı aşılamaq üçün vətənpərvərlik mövzularının tədrisinə ehtiyac var:
“Yuxarı sinif şagirdlərimiz bilməlidirlər ki, 11-ci sinifə gəlib çatana kimi nə qədər uğurlu nailiyyətlər əldə ediblərsə, hamısı validyenlərinin fəaliyyəti və əsgərlərimiz sayəsində olub. Orta məktəbdə çalışan bacarıqlı və zəngin biliyə sahib olan müəllimlərimiz bunu tək ilk dərs günündə yox dəfələrlə bildirirlər. Çünki bu mövzular olduqca önəmlidir. Şagirdlərimizə belə mövzular tədris edildikdə onlar yüksəlişə doğru addım atmış olurlar. Bu da bizim inkişafımıza, uğurumuza yönəldilən bir istiqamətdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu