Bu, son deyil

Dövlət başçısı üçün əhalinin yaşam standartlarının yüksəlməsi əsas prioritet və hədəfdir



2019-cu il Azərbaycan tarixinə sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi daxil oldu. Məhz bu il ərzində ölkə başçısı tərəfindən iki sosial müdafiə paketi imzalandı. Təxminən 30-a yaxın fərman və sərəncamlar əhalinin sosial rifah halını xeyli dərəcədə yüksəltdi. Sərəncamlar nəticəsində 4 milyon 200 min vətəndaşın həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artırıldı, problemli kredit məsələsi öz həllini tapdı. Heç şübhəsiz, atılan addımlar arasında minimum əməkhaqqının artırılması xüsusi önəm kəsb edir. Məlumdur ki, ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Lakin Prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki fərman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Yəni bu rəqəm 50 manat məbləğində artdı. Sonrakı paketdə isə daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı ki, bu da dövlətçilik tariximizdə bir ilkdir. Bu artım sahəsində Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB məkanında köhnə post-sovet ölkələri arasında ikinci yerə yüksəldi. Fərman nəticəsində təkcə büdcə təşkilatında deyil, eyni zamanda özəl sektorda çalışan vətəndaşlarımızın da əməkhaqları artırılmış oldu. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib. İctimaiyyət verilən qərardan olduqca razıdır. Vətəndaşlar əmindir ki, ölkə başçısının apardığı siyasət xalqa yönəlikdir və insanların sosial müdafiəsi hər məsələdən öndədir. 

Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında bəyan edib ki, əməkhaqların artırılması vətəndaşın sosial rifahına birbaşa təsir göstərən amildir. Deputatın sözlərinə görə, 2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında böyük uğurlarla, yeniliklərlə yadda qalan il kimi başlayıb və o cür də davam etməkdədir:

“İlin əvvəlində ölkə başçısının sərəncamları ilə minimum əməkhaqları və əmək pensiyaları artırılmışdı. İlin ikinci yarısında isə ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addım olaraq yenə də minimum əməkhaqqının, digər sahələr üzrə əməkhaqlarının və əmək pensiyalarının artırılması istiqamətində yeni sərəncamlar imzalandı. Bu sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib. Bu o deməkdir ki, vətəndaşlarımız sentyabr ayının əməkhaqqını artımla alacaqlar. Əvvəlki sərəncamlardan fərqli olaraq bu sərəncamlarda əməkhaqları ayrı-ayrı sahələr üzrə yüksək faizlərlə - 20 faizdən 50 faizədək artırılır. Yəni sosial ədalət gözlənilir və hər bir sahədə çalışan işçiyə mütənasib qaydada əməkhaqqı ödənilir”. Parlament üzvü bildirib ki, ümumilikdə, 4 milyon nəfərdən çox insanı əhatə edəcək sərəncamlar 4 milyard manatadək maliyyə tutumludur: “Bu da təbii ki, ölkə iqtisadiyyatından daxil olan əlavə vəsaitlərdir və həmin vəsaitlər ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Bu onu göstərir ki, ölkə başçısının apardığı siyasətin təməlində sosial siyasət, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması dayanır. Təbii ki, bu son deyil. Ölkəmiz gücləndikcə, iqtisadiyyatımız inkişaf etdikcə belə addımlar davamlı və ardıcıl xarakter alacaq”.

Tanınmış jurnalist, siyasi şərhçi Tural İsmayılov da “Şərq”ə bildirib ki, ölkə başçısının vətəndaşlara olan qayğısı özünün bütün siyasi kursunda ehtiva olunub:

“İyun ayında artımlarla bağlı sərəncamlar veriləndə bunun əhali arasında pozitiv və xoş aura yaratdığının şahidi olduq. Sentyabrın 1-dən minimum əməkhaqqı 250 manatdır. Bu islahatlar bir çox məsələni aydınlaşdırır. İlk növbədə dövlət başçısı üçün əhalinin yaşam standartlarının yüksəlməsi əsas prioritet və hədəfdir. Eyni zamanda Azərbaycanda sosial dövlətin əsasları möhkəmdir. Hakimiyyət sosial reformları özünün yaxın gələcək üçün əsas strateji planlarından biri kimi təqdim edir. Vətəndaş məmnunluğu daim ölkə başçısının diqqətindədir. Bu baxımdan əhalinin sosial rifah halının yüksəldilməsi üçün əməli və qarşısıalınmaz işlər görülür”. T.İsmayılovun sözlərinə görə, əməkhaqqı artımını hamı öz həyatında hiss edəcək: “Çünki artıma qədər eyni işi görən bir şəxs indi daha çox maaş almış olacaq. Bütün bu artımlar və islahatlar əhalinin dövlətə inamını gücləndirir. Xalq sosial islahatlar fonunda siyasi iqtidarla olan mənəvi bağlarından daha da məmnunluq duyur. Sosial rifah durumunun getdikcə yaxşılaşması Azərbaycanda bütün region üçün örnək ola biləcək xalq-iqtidar birliyini daha da qüvvətləndirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu