“Davudoğlu ona bəslənilən etimadı doğrultmadı...” – AKTUAL ŞƏRH

 Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu AKP-dən xaric ediləcəyi ilə bağlı açıqlama verib. Davudoğlu sözlərinin arxasında dayandığını və AKP-nin şəxsləri deyil, prinsipləri xaric etdiyini söyləyib. Bu arada məlum olub ki, Davudoğlu öz ətrafına fərqli siyasi qruplardan adam toplayır. O, CHP millət vəkili İhsan Özkəsi yeni quracağı partiyaya dəvət edib. Bu barədə Özkəs özü məlumat verib. O, Davudoğlunun onunla əlaqə saxlayaraq, yeni heyətə dəvət etdiyini və keçirilən görüşdə də iştirak etdiyini bəyan edib: “Keçmiş baş nazirin dəvəti ilə keçirilən görüşdə iştirak etdim. Davudoğlu seviləcək bir şəxsdir. Özü mövcud sistemdən narahat olduğunu etiraf edib. Bu səbəbdən onun yanında yer aldım”. 



Sabiq baş nazirin manevrlərini “Sherg.az”a dəyərləndirən Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, Türkiyə imperiya keçmişinə malik, minilliklərə  dayanan dövlətçilik ənənəsi sahib, böyük və çox qəliz olkədir. 

Partiya sədrinin sözlərinə görə, qardaş ölkədə baş verən siyasi hadisələri şərh edərkən bir sıra nüansları nəzərə almaq lazımdır: 

“İqtidar partiyası AKP-də baş verən hadisələri məhz bu kontekstdən analiz etmək lazımdır. Hakim partiya 18 ilə yaxındır ki, iqtidardadır və bu illər ərzində mürəkkəb siyasi-iqtisadi vəziyyətlərdən keçib. Təbiidir ki, tərkibində yüzlərlə, minlərlə müxtəlif sahələr üzrə mütəxəssisləri, ziyalıları, siyasiləri cəmləşdirən bir partiyanın daxilində zaman-zaman fikir ayrılıqları, fərqli düşüncələr, yanaşmalar olacaq. Üstəlik, nəzərə alsaq ki, hazırki Türkiyə onun yeni qlobal gücə çevrilməsini istəməyən güclü dövlətlərlə də siyasi savaşdadır, o zaman belə fikir ayrılıqlarının labüdlüyü danılmaz olur.

Hazırda dünyada bir çox güclər prezident Ərdoğanın Türkiyə maraqları naminə yürütdüyü müstəqil siyasəti həzm etmir, onunla barışmır. Çünki, bu siyasət onların həm siyasi, həm də iqtisadi maraqlarına uyğun gəlmir. Odur ki, beynəlxalq güclərin də təlqini və dəstəyi ilə zaman-zaman AKP daxilində bəzi qarşıdurmalar, ziddiyyətlər, hətta qopmalar yaşanır. Mən Davudoğlu və ətrafının fəaliyyətni də bu planların daxil hissəsi kimi görürəm”. 

T.Abbaslı bildirib ki, Davudoğlu vaxtı ilə Ərdoğanın ən çox etimad göstərdiyi və Türkiyə kimi dövlətə baş nazir təyin etdiyi bir şəxs idi: 

“Necə oldu ki, birdən-birə aralarında problem yarandı. Deməli Davudoğlu ona bəslənilən etimadı doğrultmadı və bəlkə də başqa qüvvələrin təsir dairəsinə düşdü. İstənilən halda indiki vəziyyətin yaranmasında Davudoğlu daha çox günahkar görünür. İnanmıram ki, onun yaradacağı partiya Türkiyə siyasətində hansısa ciddi uğura imza atacaq.

Çünki xalq indiki iqtidarın nail olduğu real inkişafın əyani şahididir. Artıq quru sözlərlə və boş vədlərlə nəyəsə nail olmaq çox çətindir. Ancaq, bu qətiyyən o demək deyil ki, Ərdoğan və onun ətrafının heç bir səhvi və yanlışı olmayıb. Əgər elə olsaydı, Abdulla Gül, Əhməd Davudoğlu və başqa siyasilər AKP-yə arxa çevirməzdilər.

Eyni zamanda İstanbul, Ankara, İzmir, Antalya kimi bir çox böyük şəhərləri bələdiyyə seçkilərində uduzmazdı. Düşünürəm ki, hakim partiya öz daxilində təftiş aparmalı, yorulmuş, tükənmiş və iqtidar komandasına, o cümlədən millətə fayda verməyən siyasilərdən təmizlənməlidir. Onların yerinə daha enerjili, ambisiyalı və səmərəli gənclər gətirilməlidir. Əks təqdirdə partiya siyasi baxımdan qocalacaq və köhnələcək. Bununla da uzun illərdən bəri davam etdirdikləri iqtidarları sona çatacaq”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu