“Kirayə evlərin qiyməti tələbələr üçün əlçatmazdır” – “Gecəqondular” 300-350 manat...


Nüsrət İbrahimov:“Kirayə üçün nəzərdə tutulmuş xüsusi evlərin tikintisi və tələbə şəhərciklərinin qurulmasına ehtiyac var”

“İnvestorlar üçün şərait qurulmalıdır ki, onlar bu sahəyə vəsait yatırmağa maraqlı olsunlar. Hələ ki investorlar yalnız yaşayış evləri və obyektlərin tikintisi ilə məşğuldurlar”


Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Müxtəlif bölgələrdən gələn tələbələr kirayə evlərin necə deyərlər “ov”una çıxıblar. Kimi internet üzərindən, kimi maklerlərə üz tutaraq kirayə ev axtarırlar. Elə univesitetlərin ətrafında gəzmək kifayət edir ki, divara yapışdırılan çoxsaylı kirayə ev elanlarına rast gələsən. Kirayə mənzillərə tələbat artdığından qiymətlərdə də nəzərəçarpan bahalaşma var.

Hətta vəziyyət o yerə gəlib ki, “gecəqondu” kimi tanınan evlər “od” qiymətinədir. “Gecəqondular”da 1 otaqlı evlərin 300-350 manat arası olduğu bildirilir. Təbələlərin təhsil haqqı, kirayə pulu, geyim, yemək və digər xərclərini hesablasaq, onların paytaxtda yaşayışını təsəvvür etmək belə çətindir. Belə olan halda isə universitetlərin nəzdində yataqxanaların, düşərgələrin salınması yenidən gündəmə gəlir. Amma dəyişən bir şey yoxdur. Köhnə hamam köhnə tas. 



Mövcud durumu “Sherg.az”a dəyərləndirən daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, mənzillərə olan tələb çoxalırsa və ona uyğun təklif artmırsa, qiymətlərdə bahalaşma olur. 

Ekspert qeyd edib ki, son illər paytaxtımızda mənzillərə təklif azalır, tələb isə artır:

“Sovetski, Kubinka, Alatavanın bir hissəsi sökülüb. Ona görə də bu mənzillərlə bağlı təklifin azalmasına gətirib çıxarır. Bazara daxil olan mənzillər əsasən yeni tikililərdir. Həmin mənzillər isə baha qiymətə bazara çıxarılır. Bu qiymətlər tələbələr üçün əlçatmazdır”.

N.İbrahimovun qənaətincə vəziyyətdən çıxış üçün Türkiyə praktikasına istinad etmək lazımdır:

“Kirayə üçün nəzərdə tutulmuş xüsusi evlərin tikintisi və tələbə şəhərciklərinin qurulmasına ehtiyac var. Dünya təcrübəsini də ölkəmiz üçün tətbiq etmək olar. Sadəcə bunun üçün münbit şərait yaratmaq lazımdır. Xüsusilə investorlar üçün şərait qurulmalıdır ki, onlar bu sahəyə vəsait yatırmağa maraqlı olsunlar. Hələ ki investorlar yalnız yaşayış evləri və obyektlərin tikintisi ilə məşğuldurlar.

Çünki ora qoyduqları vəsaiti qısa müddətdə artıqlaması ilə götürə bilirlər. Amma kirayə mənzil sahəsində gəlir az olduğundan investorlar ora vəsait yatırmaq istəmirlər.

Bunun üçün icra hakimiyyətləri müəyyən ərazilər ayırmalı, həmin ərazilərin layihəsi işlənməli və müvafiq infrasturuktur salınmalıdır. Bundan sonra tenderlər elan edib həmin yerə investorlar cəlb edilməlidir. Hələ ki, bu əlçatmazdır. Yəqin yaxın zamanda kirayə evlərlə bağlı müəyyən tədbirlər görüləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu