Statistika Komitəsi ölənlərin sayının artdığını deyir, deputat isə RAZILAŞMIR

Azərbaycanda ölənlərin sayı artır. 2019-cu ilin 6 ayı ərzində Azərbayacan Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66687 doğum və 28 745 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirilib.




Onun sözlərinə görə, hesabat dövründə ölüm halları daha çox Bakıda qeydə alınıb. Şöbə müdiri eyni zamanda daha çox ölüm halının qeydə alındığı ilk 5-likdə olan şəhərlərin statistikasını da açıqlayıb:

Statistikaya görə, Bakıda 6570, Gəncədə 995,  Sumqayıtda 988,  Lənkəranda 713, Şəmkirdə isə 675 nəfər dünyasını dəyişib. .

Qeyd edək ki, rəsmi statistika son 10 ildə Azərbaycanda ölənlərin sayının artdığını göstərir. Belə ki, 2008-ci ildə ölkədə 28 042 nəfər, 2009-cu ildə 27 710 nəfər, 2010-cu ildə 28 248 nəfər, 2011-ci ildə 28 976 nəfər, 2012-ci ildə 29 488 nəfər, 2013-cü ildə 29 096 nəfər, 2014-cü ildə 29 655 nəfər, 2015-ci ildə 29 130 nəfər, 2016-cı ildə 29 924 nəfər, 2017-ci ildə 30 429 nəfər, 2018-ci ildə isə 30 643 nəfər ölüb. 2019-cu ilin 6 ayında 28 745 ölüm halının baş verdiyini nəzərə alsaq, ilin yekununda rəqəmin 2 dəfə artacağı istisna edilmir.

Rəsmi məlumata görə, təkcə ötən il ən çox ölüm - 5311 nəfər qeydə alınan yaş kateqoriyası 80-84-dür. Sonrakı yerləri 5235 sayla 85 və yuxarı yaşlılar, 3760 sayla 75-79 yaşlılar, 2470 sayla 65-69 yaşlılar, 2271 sayla 60-64 yaşlılar , 1973 sayla 70-74 yaşlılar tutur.



Vəziyyəti dəyərləndirən millət vəkili Musa Quliyev isə “Sherg.az”a açıqlamasında söyləyib ki, ölkəmizdə ölənlərin sayından heç bir artım olmayıb. 

Deputat qeyd edib ki, son 10 ildə Azərbaycan əhalisi 1 milyon artıb:

“Əhali artan zaman isə, ölümün və xəstələnmənin mütləq say hesabı ilə artımı müşahidə olunacaq. Ölümü hər yüz min nəfərə götürsək, əvvəlki illərin statistikası ilə çox ciddi şəkildə fərqlənən rəqəmlər görəcəyik.

Yəni, Azərbaycanda ölüm hallarının artması məsələsi əhali sayına bağlı olan və mütləq rəqəmdə görünən bir məsələdir.

Amma əhalinin 100 min nəfərinə düşən ölüm statistikası son 10 ildə çox cuzi şəkildə dəyişib. Azərbaycanda demoqrafik göstəricilər müsbət tendensiyada davam edir.

İldə təxminən 130-140 min doğuş, 30 min isə ölüm hadisəsi qeydə alınır. Bu da əhalimizin artması deməkdir.
Bu tendensiya artıq 10 ildir ki, davam edir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu