İvanişvili xalqın etirazlarına məhəl qoymur

Bir ay bundan əvvəl Tiflis küçələri məhz Qaxariyanın istefası ilə çalxalanırdı


Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Baş nazir postuna Georgi Qaxariya gətirilib. Daxili işlər naziri kürsüsü Vaxtanq Qomelauriyə, müdafiə naziri vəzifəsi isə İrakli Qaribaşviliyə verilib. Səsvermədə yenilikləri 98 deputat dəstəkləyib. Müxalif deputatlar isə səsverməyə qatılmayıb. Bir qrup müxalif parlamentin qarşısında etiraz aksiyası keçirərək Qaxariyanın baş nazir postuna gətirilməsini tənqid ediblər.

Məlumat üçün bildirək ki, əvvəlki baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Hakim Gürcü Arzusu Qaxariyanı baş nazir postuna sentyabrın 3-də namizəd göstərib. 1975-ci ildə doğulan Georgi Qaxariya Moskva Dövlət Universitetinin politologiya ixtisasını bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri, 2017-ci ildən isə daxili işlər naziri olub. 



Qonşu ölkədəki siyasi dəyişikliyi “Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstanın yeni baş naziri, sabiq daxili işlər naziri Georgi Qaxariya gürcü cəmiyyəti tərəfindən birmənalı qəbul edilmir. Ekspertin sözlərinə görə, ölkə müxalifəti hesab edir ki, “boz kardinal” Bidzina İvanişvili tərəfindən bu kürsüyə gətirilən Georgi Qaxariya xalqın iradəsinə qarşı atılan addımdır:

“Bir ay bundan əvvəl Tiflis küçələri məhz Qaxariyanın istefası ilə çalxalanırdı. İvanişvili bununla göstərdi ki, o, xalqın etirazlarına məhəl qoymur və Kremlin göstərişini yerinə yetirir. Ehtimallara görə, yeni baş nazir ölkədə müsbətə doğru hər hansı islahat keçirə bilməyəcək. Onun mesajları sadəcə söz yığını kimi dəyərləndirilir.

Çünki hamı bilir ki, ölkəni faktiki olaraq İvanişvili idarə edir. Yeni baş nazirin Azərbaycanla əlaqələrinə gəldikdə isə çox güman ki, münasibətlər əvvəlki məcrada davam edəcək. Fikrimcə, İvanişvilinin seçimi onun daha da nüfuzdan düşməsi ilə nəticələnəcək və növbəti seçkilərdə şansını sıfıra yaxınlaşdıracaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu