Tarixçidən AĞIR İTTİHAM: “Himnimizi bilməyən millət vəkillərimiz var” 

Məhərrəm Zülfüqarlı:“Amma bağça uşaqları tərbiyəçilərin hesabına himnimizi əzbər bilirlər”

“Uşaq bağçalarında uşaqlara elə şeirlər öyərdilir ki, onları eşidəndə böyüklər də fəxr edirlər. Böyüklər həmin şeirləri nə televizorda, nə də radioda eşidirlər”



Uşaq bağçalarında qışa hazırlıqla bağlı vəziyyət yoxlanılacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində qışa hazırlığın, mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə icra başçısı sərəncam imzalayıb və komissiya yaradılıb.

Sərancama uyğun olaraq komissiya uşaq bağçalarına baxışlar keçirəcək, bağçaların binaları, dam örtüyü, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Bəzi vaxtlarda bağçalarla bağlı müəyyən xoşagəlməz hadisələrin şahidi olmuşuq. Hətta bu barədə dəfələrlə mətbuatda davamlı informasiyalar tirajlanıb. İndi isə bağçalardakı vəziyyətin yoxlanılması ilə bağlı işlər görülür. Bəs bu yoxlamalar effektiv olacaqmı?

Sualımızı cavablandıran AVCİYA-nın seçki qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru  Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, Azərbaycan dövlətçiliyi üçün ən vacib məsələlərdən biri körpələrə münasibət, uşaq bağçaları və körpələr evinə xüsusi qayğının göstərilməsidir.

Onun sözlərinə görə, müəyyən yoxlama işlərinin aparılması bağçalarda işlərin müsbət dinamika inkişafına səbəb olacaq:

“Çünki uşaqlar Azərbaycanın gələcəyidir. Əvvəllər bu sahədə ciddi nöqsanlar var idi. Hətta bir müddət kütləvi şəkildə uşaq bağçalarını özəlləşdirilməsinə yol verildi. İndi isə həm özəl, həm də dövlət bağçaları var. Amma körpələr üçün fərqi yoxdur, onlar hər yerdə körpədir. Ona görə də onlara qayğı yüksək səviyyədə olmalıdır. Düşünürəm ki, mülkiyyət  formasından asılı olmayaraq bütün bağçalara dövlət nəzarəti olmalıdır.

Orada uşaqlara qayğı necə göstərildiyi, yeməklərin keyfiyyətli olub-olmaması, tibbi xidmətlərin səviyyəsi, uşaqlara Azərbaycan tarixi və incəsənəti tədrisi və hansı şeirlər öyrədilməsi vacibdir. Məsələn, bir faktı qeyd edim ki, uşaq bağçalarında uşaqlara elə şeirlər öyərdilir ki, onları eşidəndə böyüklər də fəxr edirlər. Böyüklər həmin şeirləri nə televizorda, nə də radioda eşidirlər. Fikrimcə, tərbiyəçilər tərəfindən bu cür qürur duyulası şeirlərin uşaqlara öyrədilməsi televiziya və radio ilə təbliğ olunmalıdır”. 

M.Zülfüqarlı qeyd edib ki, bağçalarımızın fəaliyyətindəki müsbət məqamlardan biri dövlət himnimizin uşaqlara əzbərlətdirilməsidir:

“Dövlət himnimizi bilməyən millət vəkillərimiz var. Amma bağça uşaqları tərbiyəçilərin hesabına himnimizi əzbər bilirlər. Ona görə də bağçalarımızın fəaliyyətində müsbət məqamlar var. Yoxlamaların keçirilməsi bu müsbət məqamları daha da artıracaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu