"...Rəsmi Bakı Almaniyanın həmsədr olmasında maraqlı idi” - Deputat


“Milli Məclisin sədri Oktay Əsədovun Almaniyaya səfəri ilk növbədə iki dövlət arasında parlament əməkdaşlığının müzakirəsi, eyni zamanda ikitərəfli siyasi, diplomatik, iqtisadi əməkdaşlığın real vəziyyətinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Professor bildirib ki, Almaniya Avropa İttifaqının lokomotiv dövlətidir və Birliyin ən güclü iqtisadiyyatına malik ölkədir: 

“Bu dövlətlə Azərbaycanın əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına uyğundur. Almaniya kansleri Angela Merkelin Bakıya səfəri zamanı bu mövqe ifadə olunub. Eyni zamanda Prezident İlham Əliyevin Almaniya səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı məsələsi müzakirə edilib. Bu da təsadüfi deyil. Almaniya ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.

Vaxtı ilə Minsk Qrupunda həmsədrlik institutu təsis edilərkən Almaniyanın da vasitəçi olmasını təklif etmişdik.

Bu, həm Almaniyanın siyasi, iqtisadi qüdrəti, problemləri həlletmə gücü ilə bağlı idi, həm də Almaniyadakı türk icmasının çoxluğu ilə əlaqədar idi. Alman Bundestaqında təmsil olunan türklər də var. Bütün bu reallıqları nəzərə alan rəsmi Bakı Almaniyanın həmsədr olmasında maraqlı idi”. 

Parlament üzvünün sözlərinə görə, spikerin Almaniya səfəri Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından da əhəmiyyətlidir: 

“Oqtay Əsədov Ermənistanın işğalçılıq siyasəti və bunun region üçün törətdiyi təhlükələrlə bağlı fikirlərini Almaniya rəsmilərinin diqqətinə çatdırıb. Həmçinin, münaqişənin həllində Almaniyanın daha fəal mövqedə olmasının faydalı olacağını vurğulayıb.

Spikerin səfəri təkcə parlamentlərarası diplomatiya nöqteyi-nəzərindən deyil, bütövlükdə Azərbaycanın üzləşdiyi təcavüz faktının aradan qaldırılması və informasiya üstünlüyünün təmin edilməsi baxımından da qiymətlidir. Bu işin həyata keçirilməsində hər kəsin, o cümlədən deputatların da üzərinə böyük yük düşür”.  

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu