Əməkdar müəllim Prezidentə təşəkkür etdi: “Bu, tələbələr üçün çox lazımlı stimuldur”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan 102 tələbəyə təqaüd veriləcək. 
 
Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.  

Məlumat üçün bildirək ki, 2001-ci ildən etibarən hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırıldı. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırıldı və hazırda 210 manat müəyyən edilib.

Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.

Bu il Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən, o cümlədən 8 nəfər kənd məktəblərinin məzunları, 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Ayrıca məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.



Builki qəbul imtahanları və Prezident təqaüdünə layiq olan tələbələr barədə “Sherg.az”a danışan əməkdar müəllim Almaz Həsrət qeyd etdi ki, təhsilimizin inkişaf strategiyası doğru yoldadır: 

- Cənab Prezidentin qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə xüsusi təqaüd ayırması məktəbdə, ümumilikdə təhsildə qazanılan uğurların dövlət tərəfindən daim diqqətdə saxlanılmasını göstərir. Bu həm də onun göstəricisidir ki, dövlət daha bacarıqlı, savadlı övladlarımıza qarşıya qoyduqları hədəflərə çatmaq üçün köməklik edir. Bu gənclər gələcəkdə bizi idarə edəcəklər. Azərbaycanı təmsil edəcəklər, diqqət mərkəzində olacaqlar. Mən Prezidentə təşəkkür edirəm belə xeyirxah addım atdığı üçün. Əksər ölkələrdə belə hallarla rastlaşmaq mümkün deyil. Amma bizim ölkədə yüksək nəticə əldə etmiş abituriyentlər hər il mükafatlandırılır. Bu, tələbələr üçün çox lazımlı stimuldur. Özünə güvən hissinin daha da artmasıdır. Eyni zamanda digər yeniyetmələrə də örnəkdir ki, siz də çalışıb, zəhmət çəkib təhsildə uğurlar əldə etsəniz, Prezident təqaüdçüsü ola bilərsiniz və tanınarsınız. 

Yüksək bal toplayan abituriyentlərin ölkənin müxtəlif bölgələrindən, hətta ucqar kəndlərdən olması, təqaüdçü ailəsi, fəhlə, sıravi vətəndaşların övladları, köçkün məktəblərinin şagirdləri olması faktına gəlincə, A.Həsrət bunun səbəblərini izah etdi: 

- Təhsildə uğur qazanmağın başlıca amili səbr, əzmkarlıq, iradə, biliklərə təhsilin ilk pilləsindən etibarən yiyələnməkdir. Məktəbin harada yerləşməsi, mərkəzi, yaxud ucqarlardakı məktəb olmasının önəmi yoxdur. Savadlı uşaq, üzərində çalışan, qarşısına hədəf qoyan uşaq uğur əldə edə bilir. İlk növbədə valideyn nəzarəti, uşağın özünün potensialı, sonra məktəb amili və burada da əlbəttə ki, peşəsinə vicdanla yanaşan, fədakar müəllimlərin zəhmətinin bəhrəsidir. Bölgələrdə elə müəllimlərimiz var, heç bir fəxri adı, xüsusi imtiyazı yoxdur, amma yetişdirdiyi şagirdlər ən yüksək nəticələr göstərirlər. Əksər müəllimlər şagirdləri savadlandırmaq yolunda gözünün nurunu əsirgəmir. Nəticə də sevindirici olur. Yüksək nəticə göstərən abituriyentlər bizim gələcəyimizdir və mən çox sevinirəm ki, ölkəmizdə belə gözəl şəxsiyyətlər yetişir. 


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu