Əhali də artıb, xəstəliklər də...

Təcili yardım briqadalarının ştat sayı mütləq artırılmalıdır

Briqadalar çağırışlara gecikmə ilə gedir, vətəndaşlar da narazılıq edir, həkimlərə hücum çəkirlər


Təcili yardımla bağlı təkcə bizim ölkədə problem yaşanmırmış. Avropanın inkişaf etmiş dövləti Fransada da demə, təcili tibbi yardım sistemi bərbad imiş. Fransa təcili tibbi yardım xidmətlərinin altı ay davam edən tətilindən sonra səhiyyə və həmrəylik naziri Anyes Büzen 2019-2022-ci illər üçün tibb sahəsindəki böhrandan çıxmaq və tibbi yardım sistemini yenidən strukturlaşdırmaq məqsədilə 750 milyon avro ayrılacağını vəd edib.

Eyni zamanda, təcili tibbi yardımın təkmilləşdirilməsi məqsədilə hazırlanan 12 bənddən ibarət təkliflər təcili tibbi yardım xidmətinin personalı və xəstəxana rəhbərlərinə, eləcə də azad tibbi həmkarlar təşkilatlarına təqdim olunub. İrəli sürülən təkliflər tibbi xidmət işçilərinin iş şəraitinin yaxşılaşdırılması, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsini nəzərdə tutur.

Bəs bizdə nə vaxt təcili yardım sisteminə əncam çəkiləcək? 

Təcili yardım briqadası üzvlərinin vətəndaşlar tərəfindən təhqir olunması, döyülməsi faktları dəfələrlə baş verib.  
Bu yay mövsümündə Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülmüşdü. Həkimlərin təhqir və təzyiqlərə məruz qalmasının əsas səbəbi çağırış ünvanına gec çatmaları, pasiyentə, təbii, ailə üzvlərinin düşüncəsinə görə, gərəkən tibbi yardımın göstərilməməsi, təcili yardım briqadasının muzd almasıdır. Əslində, heç bir həkim demir ki, mənə pul verin. Həkimin, tibb bacısının cibinə pul basmaq xüsusiyyəti bizim canımızda, qanımızdadı. Bunun əksi – həkimin, tibb bacısının, sanitarka”ların xəstədən və ya yaxınlarından pul istəməsi halları da ölkəmiz üçün qeyri-xarakterik deyil.    

Təzyiqə məruz qalan təkcə təcili yardım həkimləri də deyil. Bəzən xəstəxanada, hansısa müalicə müəssisəsində də xəstənin yaxınları, doğmaları həkimə hücum çəkir. İnsanın ruh halı mürəkkəb və dəyişkəndir, bu məlumdu. İnsanın doğması, yaxını, ailə üzvü ağır vəziyyətdədirsə, əsəbi, emosional olması, özünü ələ ala bilməməsi anlaşılandır. Hətta tibbi baxımdan ağır vəziyyət sayılmayan hallarda da məhz doğmamız olduğundan həyəcan keçirməməyimiz və həkimin çağırışa tez gəlməsini arzulamağımız təbii qarşılanmalıdır. Amma istəklər həm də reallıqlardan asılıdır. Təcili yardım da çağırışa vaxtında çatmaq və xəstəyə ilkin tibbi yardımın tez göstərilməsini istəyir, lakin konkret səbəblərdən bəzən bunu edə bilmir. Təcili yardım gec gələndə də hücumlar, təhqirlər başlayır. Bəs necə olsun? 

Bəlkə Fransa təcrübəsindən bizdə də bəhrələnsinlər və təcili yardım sisteminin yenidən strukturlaşmasına başlanılsın?  

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında Fransa kimi inkişaf etmiş bir ölkənin təcili tibbi yardım xidmətində əsaslı dəyişikliklər etmək qərarının bu sistemin həqiqətən də problemlərlə üz-üzə qaldığını göstərdiyini dedi:

-  Fransa kimi bir ölkədə təcili tibbi yardım xidmətində belə problemlər yaşanması, tibbin bu sahəsinin çox ağır, məsuliyyətli olduğunu göstərir. Təcili yardım sisteminin qurulması, vətəndaşlara vaxtında və lazımi tibbi yardım göstərilməsinə nail olmaq çətin prosesdir. Burada bütün detallar nəzərə alınmalıdır. Bizim əsas çətinliyimiz təcili yardım briqadalarının sayının az olmasıdır. Say mütləq artırılmalıdır. Təcili yardım briqadalarının hazırkı sayı günün reallığı ilə uyğun gəlmir.

Əhali sayı artıb, xəstəliklər də əvvəlki illərə nisbətən 2 dəfə artıb. Ona görə də təcili yardım briqadaları çağırışlara gecikir. Bəzən çağırışa göndərməyə həkim briqadası tapılmır. Briqadaların sayı az olduğundan təcili çağırışlara gedə bilmirik. Təcili yardım briqadalarında ştat sayı artırılmalıdır. Paytaxtın 13 inzibati rayonu üzrə 22 təcili yardım stansiyası var, amma yenə də çatışmır. Briqadalar çağırışlara gecikmə ilə gedir, vətəndaşlar da narazılıq edir, həkimlərə hücum çəkirlər.

Ş.Məmmədov qardaş Türkiyədə təcili yardım strukturunda dəyişiklik edildiyini xatırlatdı:

- Məsələn, Türkiyədə təcili yardım briqadasının həkimi yalnız ağır çağırışlara qoşulur. Xəstəlik nisbətən yüngüldürsə, çağırışa paramediklər gedir. Yəni feldşer, tibb bacısı.

Xəstəni stasionara yerləşdirmək zərurəti varsa, yol boyu ona lazımi tibbi yardım göstərilir. Bizdə də bu sistem tətbiq olunsa, həkimlər nisbətən sərbəst olar və çağırış sayı artdıqda, həkim özü ünvana gedər, bununla da vətəndaşlara təcili tibbi yardım göstərilər. Biz vətəndaşları da anlayırıq, onların həyəcan, stress keçirdiyini bilirik, amma vətəndaşlar da gərək həkimləri anlasın və gecikmənin həkimdən asılı olmadığına inansın. Bir az təmkinli olsunlar. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu