Adam gərək insafla danışsın, həqiqətən layihə möhtəşəmdir 

Rasim Balayev: "Nəsimi yaradıcılığına yaraşan səviyyədə hazırlanıb"

 
Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusif böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib.
Qəzələ musiqi yazan müğənni onu xor və orkestri ilə birgə oxuyub.

Mahnıda sənətçiyə Əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə də yoldaşlıq edib. Onlar mahnının muğam hissəsini səsləndiriblər.
“Nəsimi” adlandırılan ifa Sami Yusifin rəsmi “Youtube” kanalına yerləşdirilib. 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb.

“Sonuncu mahnım “Nəsimi”ni təqdim etdiyimə görə çox xoşbəxtəm. Bu musiqi qəlbimə yaxındır və indiyədək olan ən yaxşı işlərimdən biridir. Burada yüksək enerjili səslər, çox istedadlı 57 nəfərlik orkestr və ovsunlayıcı vokallar çalışıb. Şeir sevgi və tolerantlığı əks etdirən 14-cü əsrdə Azərbaycanın əfsanəvi şairi olmuş Nəsiminindir” deyə, layihə barədə S.Yusif yazıb. 
                                        
Qeyd edək ki, layihə Bakıda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində həyata keçirilib.

 Nəsiminin məşhur «Sığmazam» qəzəli üzərində hazırlanan kompozisiyaya Xalq artisti Rasim Balayevdən də münasibət gəldi. «Şərq»ə açıqlama verən aktyor dünya şöhrətli müğənninin ifasında belə bir layihənin həyata keçirilməsinin sevindirici hal olduğunu qeyd etdi: «Mən kompozisiyanı izlədim. Çox bəyəndim. Dünyada tanınan bir sənətçinin ifasında Nəsiminin qəzəlinin səslənməsi həqiqətən sevindirici və qürurverici bir hadisədir. Bildiyim qədər Sami Yusifin milyonlarla izləyicisi var.

Əgər onun ifasını dinləyən əcnəbilərin hərəsi bir dəfə Nəsiminin kimliyi barədə maraqlanırsa, bu, layihənin uğuru deməkdir, Azərbaycan ədəbiyyatının uğuru anlamı daşıyır. Adam gərək insafla danışsın, həqiqətən layihə möhtəşəmdir. Nəsimi yaradıcılığına yaraşan səviyyədə hazırlanıb. Böyük bir orkestrin təqdimatında layihə ərsəyə gətirilib. Duetin seçimini də bəyəndim.

Təyyar Bayramov istedadlı və çox səliqəli muğam ifaçısıdır. İfasında bu qəzəl çox maraqlı alınıb. Səsləndirmə, görüntülər insanı düşündürür, təsirləndirir. Yaxşı işi, keyfiyyətli yaradıcılıq məhsulunu alqışlamaq, dəyərləndirmək lazımdır. Vacib bir layihə kimi dəyərləndirə bilərəm. Nəsimi yaradıcılığı mənim üçün özəldir, fərqlidir. Mənim yaradıcılığımda müstəsna yer tutur.

Ona görə də mən Nəsimi yaradıcılığı ilə bağlı istənilən layihəyə laqeyd qala bilmirəm. Sami Yusifin «Nəsimi» layihəsi düşünürəm ki, uğurlu bir seçimdir. Yanaşması çox fərqlidir. Musiqi keyfiyyətli şəkildə hazırlanıb. Mən yalnız təbrik edə bilərəm».   

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu