Azərbaycan üçün KTMT mövzusu bağlanıbmı? 


“Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı maraqlı müzakirələr gedir”. 

Bu barədə "Sherg.az"a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Analitik vurğulayıb ki, bir müddət əvvəl Rusiyanın təşəbbüsü ilə təşkilata müşahidəçi ölkə və ya ölkələrin qəbulu təklifi irəli sürülüb. Bu təklif təşkilatın nizamnaməsində əks olunmalıdır: 



“Ermənistan parlamentində müzakirələr zamanı nizamnaməyə ediləcək əlavədən narazılıq ifadə edilib. Ermənistanda düşünürlər ki, Azərbaycan müşahidəçi statusu ilə təşkilata qatıla bilər. İrəvanda ondan ehtiyat edirlər ki, bu, Rusiyanın maraqlarına cavab verir. Erməni deputatları parlamentdəki çıxışı ilə xarici işlər nazirinin müavini Şavarş Köçəryan sakitləşdirməyə çalışıb. O deyib ki, təşkilata istənilən dövlətin üzvlüyü və ya müşahidəçi statusu ilə qatılması konsensusla həll olunacaq. Yəni, Köçəryan demək istəyib ki, Ermənistanın razılığı olmadan Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər, nə də müşahidəçi statusunda qatıla bilər”.

Ekspertin sözlərinə görə, Ermənistan parlamentində müzakirələr zamanı təşkilatın nizamnaməsinə bir bəndin də əlavə olunması təklif edilib: 

“Parlamentdə vurğulanıb ki, “KTMT-yə üzv dövlət təşkilata üzv olan digər dövlətinə düşmən olan ölkəyə silah sata bilməz”. Yəni, demək istəyirlər ki, KTMT üzvü olan Rusiya və Belarus Ermənistanın düşməni Azərbaycana silah və hərbi texnika satmasın. Hər yerdə Azərbaycanı ittiham etməkdən yorulmayan Şavarş Köçəryan belə təklifin absurd olduğunu, Rusiya və Belarusa şərt diqtə etməyin mümkünsüzlüyünü anlayaraq deputatların təklifinin hamı tərəfindən qəbul olunmayacağını bildirib. Köçəryan deputatları sadəcə bu şəkildə sakitləşdirib ki, üzv dövlətlər bir-birlərinə silah alışında və satışında güzəştlərə malikdirlər”.

E.Şahinoğlu bildirib ki, ötən il bu vaxtlar Azərbaycan parlamentinin bir neçə deputatı Azərbaycanın KTMT-ya üzv olması gərəkliyini əsaslandırmağa çalışıb: 

“Həmin deputatlarla qiyabi polemikaya girərək, işğal davam etdiyi dövrdə KTMT-yə üzvlüyün Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermədiyini əsaslandırdım. Yaxşı yadımdadır, televiziya kanallarından biri mənimlə təşkilata üzvlüyü dəstəkləyən deputatın debatını təşkil etmək istədi, dərhal razılaşdım, ancaq qarşı tərəf debata maraq göstərmədi. Necə izah etsin ki, torpaqlarımızı işğal edən dövlətlə eyni hərbi blokda yer almaq mümkündür? Bundan böyük absurd ola bilməz. Bu ona bənzəyərdi ki, NATO-nun bir dövləti o biri üzv dövlətin ərazisini işğal edib və hər iki dövlət heç nə olmamış kimi hərbi blokda əməkdaşlığı davam etdirirlər. “Azərbaycan KTMT-yə üzv ola bilər” deyənlərə cavabı bir neçə ay sonra Prezident İlham Əliyev də verdi. Rusiyalı jurnalistlərdən biri Davosda İlham Əliyevə “Azərbaycan KTMT-yə üzv ola bilərmi” sualını ünvanladıqda Prezidentin cavabı qısa oldu: “Azərbaycan heç bir hərbi blokda üzvlüyə çalışmır”. Bununla da bu haqda danışan deputatlarımız bir daha “Azərbaycan və KTMT” mövzusuna qayıtmadılar. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu