Aprel savaşı Ermənistanın gündəminə qayıdır


"Qarabağ klanı" ilə Paşinyan arasında qarşıdurma qanlı olacaq


Ermənistanın parlament komissiyası 2016-cı il aprel döyüşləri zamanı baş verən hadisələri araşdırmaq məqsədi ilə hərbçiləri dindirəcək. Bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, ilk növbədə əsas döyüşlərin baş verdiyi yerlərdə olan hərbi personal çağırılacaq. Dindirilməyə adi əsgərlərlə yanaşı, zabitlər də dəvət olunublar.

Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavinləri artıq dindiriliblər. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq Prezident Serj Sarkisyan da sorğu-sual ediləcək. Məlumat üçün bildirək ki, aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan tərəfində məğlubiyyətin səbəbini araşdırmaq üçün bu ilin may ayında parlament komissiyası yaradılıb. Ekspertlər hərbiçilərin dindirilməsini Paşinyan hökumətinin “Qarabağ klanı”na qarşı növbəti hücumu kimi dəyərləndiriblər. Onların fikrincə, Robert Koçaryanı həbsə atdıran baş nazir Paşinyan eks-prezident Serj Sarkisyanı da “aprel döyüşləri”ndəki uğursuzluğa və qanunsuzluqlara görə zərərsizləşdirməyə çalışır. 

Düşmən ölkədəki siyasi gərginliklə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Paşinyan “Qarabağ klanı”ndan ehtiyat edir. Siyasi şərhçinin sözlərinə görə, “Qarabağ klanı” hakimiyyəti illərində Ermənistanda korrupsiyanı çiçəkləndirib:

“Paşinyan anlayır ki, “Qarabağ klanı” hələ 1997-ci ilin martında Ermənistanın bütün güc strukturlarını öz nəzarətinə keçirib. 1998-ci ilin martında isə onlar bütün Ermənistanda hakimiyyətə gəliblər. “Qarabağ klanı”nın hakimiyyəti dövründə - 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib. Hadisələrin inkişafı Paşinyanın əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Baş nazirin Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı sonrakı mərhələdə çox hadisələrə təsir edəcək. Xankəndinin özündə də mövcud separatçı hakimiyyətə müxalif olan qüvvələr bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışa bilərlər”. 
Analitikin sözlərinə görə, separatçı rejimin başında Sarkisyana yaxın bir adamın qalması Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir: “Əslində özünə yaxın bir simanın separatçı rejimin başında olması Paşinyan üçün çox vacibdir.  Bu baxımdan, Paşinyan və “Qarabağ klanı” arasında savaşın qanlı olacağını ehtimal edə bilərik”.



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu