Sosial evlərə tələbat yüksəkdi



Çünki satış üslubu və qiymət cəlbedicidir

Bir aydan sonra sosial evlər növbəti dəfə satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə növbəti elan verib. Bildirilir ki, oktyabrın 16-dan daha 570 mənzil satışa çıxarılacaq. 
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. 
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il saat 11:00-dək davam edəcək.
Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi,  su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Sosial evlərdən razılıq edənlər çoxdur. Amma narazılar da var və səbəb də bunu gətirirlər ki, güzəştli şərtlər olsa da, nəticə etibarilə mənzillərin qiyməti baha düşür. 

İqtisadçı Rəşad Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, sosial evlərə tələbat yüksəkdi: 

- Burada səbəb təkcə qiymətin əlçatanlığı deyil. Əsas hərəkətverici qüvvə maliyyələşmə mexanizmidir. Sosial evlərin satış üslubu cəlbedicidir və sərfəlidir. Bu da güzəştli kreditlərə bağlıdır. Sosial mənzillərin qiymətləri ilk dəfə dərc olunanda bunun bazar qiymətlərindən götürüldüyü deyildi. Amma bazar qiymətləri də fərqlidir. Bir var, ilkin qiymət, bir də var təkrar bazar qiyməti. İlkin qiymət vətəndaşa sərf edir. Təkrar bazarda isə artıq qiymət artımı tendensiyası özünü göstərməyə başlayır. Sosial evlərdə mənzilin kvadrat metri 950 manatdır. Şəhərdəki digər mənzillərin qiymətinə baxsaq, 1 m/kv. 1.300-1.400 manatdır. Sosial evlər nağd ödəmə yolu ilə alınırsa, qiymətdə 10 faiz güzəşt edilir. Demirəm ki, qiymət tam əlçatandır, sadəcə, cəlbedicidir. Qiymət aşağı olmasa da, satış şərtləri vətəndaşa sərf edir. Narazılıq tələbatın ödənməməsidir. Tələbat böyükdür, amma təklif azdır. Üstəlik, tam təmirli mənzillərdir, kommunikasiya sistemi də işlək vəziyyətdədir. Bunları nəzərə alanda sosial evlər sərfəlidir. 

   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu