“Fransalı deputatlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozublar” – Millət vəkili

Xəbər verdiyimiz kimi, ötən həftə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazisinə- Dağlıq Qarabağ bölgəsinə səfər edib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması səfərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, fransalı deputatların işğal altında olan torpaqlarımıza səfəri qanunsuzdur:

“Fransa Parlamentinin üzvləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib. Həmçinin bir sıra “tədbirlər”də iştirak ediblər.

Fransa Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır. Səfər vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir”.

Müxtəlif zamanlarda işğal edilmiş torpaqlarımıza bu cür səfərlərin şahidi olmuşuq. Tərəfimizdən dəfələrlə bəyənatlar səsləndirilsə də, qanunsuz və təxribat xarakterli səfərlər bitmək bilmir. Maraqlıdır, fransalı deputatların Dağlıq Qarabağ səfərində məqsəd nədir?



Qanunsuz səfərlə bağlı “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, fransalı deputatların işğal olunmuş ərazilərimizə səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulması deməkdir. 

Deputat qeyd edib ki, bu səfər Fransanın özünün ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi mövqeyinə ziddir:

“Düşünürəm ki, bu hadisənin arxasında Avropada mövcud olan siyasi korrupsiya dayanır. Çünki deputatların səfəri  Fransada çox zəngin erməni diasporasının onları ələ almağı ilə bağlıdır. Bu siyasi korrupsiya özü-özlüyündə Fransanın imicinə ləkədir. Fikrimcə, Fransada müvafiq bir araşdırma aparılmalıdır ki, onlar deputat etikasının korrupsioner deputatlar tərəfindən pozulduğunun şahidi olsunlar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu