"Birinə olar, birinə olmaz" prinsipi sürücüləri incik salır - Yük maşınlarına ciddi nəzarət olmalıdır




Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri sahiblərinə və sürücülərinə müraciət edib. İdarənin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabr ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.
Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, xüsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur.

Qeyd olunanları nəzərə alaraq, DYP sürücülərdən və avtomobil ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunmasını xahiş edib: “Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar”.

DYP-nin açıqlamasında diqqət çəkən məsələ qadağa deyil, məhdudiyyətlərin qoyulmasının bəyan edilməsidir. Bizcə, məhz bu “məhdudiyyət” kəlməsi bəzi tikinti şirkətləri və sürücülərin günün istənilən saatında paytaxt küçələri ağır yüklər daşımasına şərait yaradır. Hazırda şəhərdə tikinti aparılan xeyli ərazilər var ki, onlara gecə-gündüz material daşınır, ağır tonnajlı betonqarışdıran, özül tökən texnika gedib-gəlir. Yollarda tıxacların yaranma səbəblərindən biri də məhz ağır tonnajlı avtomobillərdir. “Birinə olar, birinə olmaz” prinsipi sürücüləri də incik salır. 

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında problemin ciddi olduğunu dedi: 

- Bu məsələdə birdəfəlik qadağaların tətbiq edilməsi mümküm deyil. Şəhərdə daim inkişaf gedir, dövlət əhəmiyyətli obyektlərin tikintisi aparılır, yaxud da ayrı-ayrı şirkətlər tikinti işləri ilə, mal-məhsul daşınması ilə məşğul olurlar. Tikinti materialları istehsal edən zavod, fabriklər, material bazarları şəhərdən kənarda və şəhər əytafında yerləşdiyindən şirkətlər məcburdur ki, şəhər daxilinə yük daşımaları həyata keçirsin. Bunlar da əsasən dairəvi yollarla daşınır. Böyük layihələrin icrası üçün ağır tonnajlı yük avtomobillərindən istifadə etmək zərurəti yaranır. Ona görə də istisnalar tətbiq olunur. Belə vəziyyətdə digər sürücülər də istisnalardan sui-istifadə etməyə başlayır. Bir də görürsən hansısa şirkətin loqosunu yapışdırırlar avtomobilin ön şüşəsinə və şirkətin adından istifadə edib qaydaları pozurlar. Problemlər bir-birilə bağlıdır. Ağır tonnajlı avtomobillərin hərəkət məhdudiyyəti gecə və səhərin erkən saatlarında aradan qaldırılır. Amma bu saatlarda işçini işə cəlb etmək Əmək Qanunvericiliyi ilə qadağandır. Deməli, burada Əmək Qanunvericiliyi də pozulur. Bir qayda tətbiqi digər qayda pozuntusunu yaradır. 

İ.Hüseynli problemdən çıxış yolunu belə göstərdi: 

- Hesab edirəm ki, tikinti şirkətləri qarşısında belə bir şərt qoyula bilər ki, 1 aylıq materiallar tikinti meydançasına əvvəlcədən gətirilsin. Deyək, daşdı, kərpicdi, armaturdur, bunları 1 aylıq ehtiyat nəzərdə tutulmaqla gətirmək olar ki, sonra hər dəfə yük avtomobilləri yola çıxası olmasın. Fəhlənin pulu da daşıdığı yük müqabilində hesablansın. Təchizat işlərini belə qurmaq olar, məncə. Başqa məsələ DYP-nin yük avtomobillərinə ciddi nəzarət etməsidir. Hansı yükün daşınmasına rəsmi icazə sənədi yoxdursa, şirkət sahibi cərimələnsin. Görürük ki, adicə avtomobildə təhlükəsizlik kəmərinin taxılmamasına görə cərimələr tətbiq edildikdən sonra sürücülər artıq bu məsələyə ciddi yanaşmağa başlayıb. Yük daşımaları ilə bağlı da sistematik nəzarət və sərt cəzalar olsa, bu iş də yoluna qoyular. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu