Diqqət ! Bu şəxslər insanları yoldaca “ovlamağa” çalışır


Atif İsmayılov: "Paytaxt küçələrində təbliğata cəhd edənlərin əksəriyyəti “Yəhova şahidləri”, bəhailər, “süleymanilər”… və sair belə təriqət üzvləridir"

"Onlar icma formasında fəaliyyət göstərə bilmədiklərindən belə yollarla insanları öz tərəflərinə çəkməyə cəhd edirlər. Bu cür hallarla qarşılaşdıqda vətəndaşlar polisə müraciət də bilər"



Paytaxt küçələrində missionerlər peyda olub yenə. İndiyədək islam dini daşıyıcısının küçədə birisinə broşür və ya kitab vermək istədiyinə rast gəlmədik. Əsasən qeyri-ənənəvi dinlərin, təriqətlərin təbliğatçıları insanları yoldaca “ovlamağa” çalışır. Belə bir halla “Radio Antenn 101 FM”-in aparıcısı Əzizə İsmayılova qarşılaşıb.   

Rastlaşdığı halla bağlı paylaşdığı statusda aparıcı bunları yazıb: 

Bilmirəm necə yazım ki, narahatlığımı çatdıra bilim. Hər halda, deməsəm olmaz.

Mərkəzi kitabxana tərəfdə adi geyimdə olan iki xanım qəfil durdu qarşımda və salamlaşdılar. Biri özünü təqdim etdi, "adım Günay" dedi. Söhbət əsnası yaşlarını soruşdum, 24-30 dedilər.

Əllərində dini broşürlər vardı. Allah onları insanlara düz yol göstərmək üçün vasitəçi seçibmiş. Maraq üstün gəldi, bir xeyli söhbət etdim. Biri susdu, danışan ancaq ən gənci idi. O biri arada nəyisə təsdiq edirdi.

Beyinlərinə sanki çip qoyulmuşdu. Nə deyirsən de, qız eyni şeyi təkrarlayıb dururdu və səni inandırmaq üçün nə bacarırdısa edirdi.
-Siz heç fəlsəfə oxudunuzmu? - deyə soruşdum.

-Yox, oxumamışam. Fəlsəfə allahı inkar edir. Mən 19 yaşından "Tövrat", "İncil", "Zəbur" oxuyub tədqiq etməklə məşğulam dedi, 24 yaşlı qız.

-Oxumadığınız halda fəlsəfənin nəyi inkar etdiyini necə müəyyən etdiniz?

-Məktəbdə keçmişik. Tarix dərsində.

Söhbəti bir xeyli uzatdım. Düşüncələrini anlamağa çalışdım. Bacarmadım. Niyəsini izah etmək çox çətindir. Başınızı ağrıtmayım.
-Gözəlim, 24 yaş ömrünüzün ən gözəl anıdır. Həyatınızı işıqlı yaşayın - deyib ayrıldım. Götürmədim uzatdıqlarını...
Yazmaqda məqsədim, şəhər uşaqları bəlkə də ayıq olarlar, bölgədən gələn istənilən gənc çox asanlıqla onların təsiri altda düşə bilər.
Neçə yaşınız var? - deyəndə belə bir cavab verdi. "Təşkilatımızda hər yaş qrupu üzrə adamlar var. Biz insanlara düz yol göstərmək üçün seçilmişik. Biz yol göstəririk, seçim hərənin özünı məxsusdur"
.
-Mən axı xahiş etmədim, mənə yol göstərəsiniz.

-Bəlkə siz bizim verdiyimiz xəritədə (şərti, yəni göstərdiyimiz yolda) daha uyğun yer tapacaqsınız?
-Niyə qəfil qarşımı kəsib xəritə verənin göstərdiyi yola inanmalıyam?
Döyükdü... "Biz sadəcə təklif edirik"..
Xeyli danışdım onlarla amma ayrılandan sonra yadıma düşdü ki, "o nə təşkilatdı elə?" sualını verməyi unutdum...

Bilmirəm yolda hansısa dini təşkilata aid dini broşür və ədəbiyyatın paylanmasına və təbliğat aparılmasına icazə var, ya yox, hər halda xəbəriniz olsun və uşaqlarınızı xəbərdar edin. İtirmək istəmirsinizsə, təbii...
Yanlış anlaşılmasın. Hər kəsin inancına dərin hörmətim var. Heç kimi seçiminə və inancına görə yarğılamaq fikrim yoxdur. Amma insan təsir altına düşüb yox, dərk edib öz yolunu seçməlidir, zənnimcə.

Əzizə İsmayılovanın paylaşımına rəylər də bildirilib. Hiss olunur ki, vətəndaşlar yaranmış vəziyyətdən narahatdır: 

Ilahə Haciyeva: Mənim başıma gəlib. Yəhova sahidləri olub. 
Aygün Əsədova: Əzizə, bir neçə il öncə Rusiyada biri mənə yaxınlaşdı..
Başladi insanları düz yola çəkirik falan.
Dedim siz hansi dinnənsiz? Dedi, xristian.

Gülnar Fətullayeva: Allah övladlarimizi qorusun. Övladlarım üçün çox narahatam.

Esmira Qasımova: “Yəhova şahidləri”dir. Xarici şirkətlərdə dinini dəyişməyən adama əyri baxırlar az qala. Gizli surətdə missioner fəaliyyətiylə məşguldurlar,  əcnəbilər. Və bunu pul muqabilində edirlər. Adamlarımızın sosial durumu dini dəyişməsinə səbəb olub, nə yaziq ki. Evli olanlar övladlarını da bu prosesə cəlb edirlər. 

Küçələrdə din təbliğatı aparanlar kimlərdir və onların buna icazəsi varmı? 

İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycanda din-dövlət münasibətləri qanunla tənzimlənir: 

- Azərbaycanda ənənəvi dinlərə hörmətlə yanaşılır, dini etiqad azadlığı təmin edilib. Ənənəvi dini icmalar təbliğatlarını azad şəkildə yaya bilir, qanuna müvafiq fəaliyyət göstərirlər.

Bunlar o icmalardır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçiblər. Lakin hansı icma ki, dövlət qeydiyyatına alınmayıb, hətta ənənəvi dinə aid olsa da, onun fəaliyyəti qeyri-qanunidir. Hər hansı dini icma qeydiyyat üçün komitəyə müraciət edirsə, ondan lazımi sənədlər tələb olunur.



Paytaxt küçələrində təbliğata cəhd edənlərin əksəriyyəti “Yəhova şahidləri”, bəhailər, “süleymanilər”… və sair belə təriqət üzvləridir. Onlar icma formasında fəaliyyət göstərə bilmədiklərindən belə yollarla insanları öz tərəflərinə çəkməyə cəhd edirlər. Bu cür hallarla qarşılaşdıqda vətəndaşlar polisə müraciət də bilər.

Qeyri-ənənəvi təriqətlərin təbliğatçıları hər hansı dini ədəbiyyat vasitəsi yayırsa, onun dövlət icazəli olub-olmadığına diqqət edilməlidir. Yayımına, nəşrinə icazə verilmiş dini ədəbiyyatlarda DQİDK-nin emblemi olur və bilinir ki, bi kitab də ya broşürun nəşrinə komitə icazə verib. Əgər komitənin icazə vermədiyi ədəbiyyatdırsa, deməli qanunsuzdur və bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu