80-ci illərin televiziyası indikindən qat-qat maraqlı idi

"Doğrudur, deyirik, televiziya məktəb deyil, universitet deyil. Amma əyləncə də keyfiyyətli deyil axı"

"Əgər verilişdən-verilişə inkişaf olmayacaqsa, bu, bizim televiziyanın faciəsi olacaq”


Azərbaycan televiziya məkanındakı ictimai yayımçıların efirində müşahidə olunan son tendensiyalar cəmiyyətin maariflənməyə olan tələbatının ödənilməsində mühüm rol oynamaqla audiovizual sahə ilə bağlı ictimai gözləntilərə adekvat reaksiya hesab edilməlidir.
Bu barədə Milli Televiziya və Radio Şurasının açıqlamasında bildirilir. 

Hazırda Azərbaycanda 92 teleradio yayımçısı və operatorunun fəaliyyət göstərdiyi açıqlanan məlumatda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən AzTV, Mədəniyyət TV, İdman Azərbaycan, İTV, Respublika radiosu, İctimai Radio və “ASAN” radionun efirində daha çox ictimai maraqlara xidmət edən yayımlar həyata keçirilir: “Xüsusilə son dövrlər bu yayımçıların proqram siyasətində müsbət dəyişikliklər, dinamika özünü qabarıq şəkildə göstərməkdədir. Belə ki, proqram səbətində yer alan, auditoriyanın müxtəlif seqmentlərini hədəfləyən yeni layihələr tamaşaçı və dinləyicilərin rəğbətini qazanır.

Özəl teleradio yayımçıları isə maarifləndirici və informasiya verilişləri ilə yanaşı, şou-əyləncəli proqramlar yayımlayır. Nəzərə almaq lazımdır ki, özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir. Nəticə olaraq bu gün özəl yayımçıların efirində şou və əyləncəli proqramlar çoxluq təşkil edir. Qeyd etmək lazımdır ki, bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir”.
MTRŞ vurğulayır ki, Azərbaycan tamaşaçısı və dinləyicisi üçün audiovizual medianın rəngarəng palitrası formalaşıb.

Ölkədə həm ciddi, maarifçilik yüklü verilişlər, həm xəbər-informasiya, həm də şou-əyləncəli proqramlar yayımlayan xeyli sayda teleradio yayımçısı fəaliyyət göstərir: “Son illərdə fəaliyyətə başlamış ixtisaslaşmış xəbər kanalları olan Real TV, ARB 24 də tamaşaçılara seçim imkanları verilməsi baxımından mühüm rol oynayır. Bundan başqa, çoxsaylı kabel, İP TV və peyk operatorları vasitəsilə populyar xarici kanalların da ölkəmizdə keyfiyyətli retranslyasiyası həyata keçirilir. Bir sözlə, artıq seçim vətəndaşların öz əllərindədir.

Seçim imkanlarının genişliyinə baxmayaraq, ictimaiyyət tərəfindən ümumölkə kanallarında bəzi proqramların məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir və bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycanda senzura 1998-ci ildən ləğv edilib və MTRŞ yalnız mövcud teleradio yayımı haqqında qanunvericilik çərçivəsində tənzimləmə funksiyasına malikdir. “Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyənləşdirilməsi üçün məhkəmələrə müraciət edir. Eyni zamanda, ictimaiyyəti narahat edən bu məzmun keyfiyyəti problemini MTRŞ də bölüşür və narahatlığını ifadə edir. Bu sahədə yayımçılarla mütəmadi görüşlər keçirilir, zəruri tövsiyələr verilir”.

Şou məzmunlu, ya məzmunsuz olmalıdır?

Milli Teleradio Şurası Azərbaycan tamaşaçısının nədən narazı olduğunu bilir. Açıqlamada da buna aydın işarələr var. Yerli telekanallarda bir sıra proqramların məzmun keyfiyyəti tamaşaçını qane etmir, hətta hiddətləndirir də. Bu, əsasən şou, əyləncə proqramlarına aiddir. Proqrama dəvət edilən qonaqların davranışı, danışıqları tamaşaçını qıcıqlandırır. Proqramların qonaqları da daimidir. Sanki proqram rəhbərləri 3-5 müğənni ilə müqavilə imzalayıblar, hər 2-3 verilişdən bir eyni simalar qonaq qismində dəvət edilirlər. Elə proqramlar var ki, tamaşaçı hansı müğənninin efirə çıxacağını “aşağı-yuxarı” düz təxmin etmiş olur. Belə təəssürat yaranır ki, proqramların sponsoru məhz müğənnilərdir. Bir də dərman şirkətləri, klinikalar. TV-proqramların efir vaxtının böyük bir hissəsi klinikaların, dərmanların reklamına sərf olunur. Tamaşaçı narazılıqları isə “özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir” arqumenti ilə qarşılaşır. Belə çıxır ki, özəl telekanallar pul qazanmaq üçün hər hansı üsula əl ata bilər və burada heç bir ölçü-tərəzi gözlənməməlidir.  Başqa arqumentsə, “bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir” fikridir. Yəni, İngiltərə, ABŞ, Türkiyə və ya Rusiya telekanallarında nə edirlərsə, biz də onu təkrarlamalıyıq? 

Telekanalların, proqram rəhbərlərinin bir əsası var ki, gəlir yalnız şou proqramlardan əldə edilir, məcburuq efiri şou və əyləncəli proqramlarla dolduraq. Tutalım, bunu qəbul etdik. Bəs səviyyə, keyfiyyətə nə sözünüz? Yəni bu şou proqramı da keyfiyyətli tərtib etmək olar da. Təbii, əgər peşəkarlıq, bilik, savad varsa. MTRŞ deyir ki, məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir və bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Halbuki “Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyənləşdirilməsi üçün məhkəmələrə müraciət edir. Və yayımçılara tövsiyələr verir. Tövsiyə və cərimələrlə vəziyyət düzəlmir, hamı da bunun şahididir. Bəs necə olsun? Bunun da cavabını hazırlayıblar: “seçim öz əlinizdədir. İstəyirsiniz baxın, istəyirsiniz baxmayın”. Digər arqumentdə “tamaşaçı nə istəyir, onu göstəririk”. “Əla”dı ki!.. Onda bu televiziyalar niyə fəaliyyət göztərir? Niyə onlara tezlik verilir? Yayım hüququ əldə edirlər? Televiziya kiçik müəssisədir, məhsul istehsal etsin, bəyənsək alaq, bəyənməsək almayaq? Televiziya kütləvi informasiya vasitəsidir və əhali – vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaş ona baxmayacaqsa, onda nəyə gərəkdi? Bir qrup insanın qazanc  mənbəyi, bir də müğənnilərin bazarıdırmı televiziya?! Səviyyəsiz, yüngül, əttökən şoularını “tamaşaçı istəyi” ilə sığortalamaq isə ən axırıncı söykənəcəkdir. Guya ki, tamaşaçı rəyinin öyrənilməsi institutu formalaşıb və bunlar da tamaşaçının istəyi ilə atılıb-düşürlər. 


Məişət səviyyəli danışıqlar, mətbəx söhbətləri

Mövzu ilə bağlı fikirlərini açıqlayan televiziya mütəxəssisi Zeynal Məmmədli realiti-şoular üçün dramatik situasiyaların xarakterik olduğunu dedi:

- Dünya televiziyalarında realiti-şoularla bağlı böyük təcrübələr var. Dramatik situasiyalar realiti-şouların xarakterik cəhətidir. Amma şou iştirakçıları özlərini necə aparır, davranışları necədir, bu, artıq senarinin gedişindən asılıdır. Bəzən situasiya o qədər dramatikləşir ki, istər-istəməz seyrçi gözünü efirdən ayırmır. Ciddi realiti-şoular var, amma bizdəki kimi yoxdu. Şəxsən mən aparıcılarda günah görmürəm. Onlar istəyir, maraqlı nəsə olsun. Şou və tok-şoularda həddindən artıq məişət səviyyəli danışıqlar, həddindən artıq aşağı mətbəx söhbətləri, qeyri-etik davranışlar, kobudluq görünür. Reallıq budur. Bu verilişlər Azərbaycan cəmiyyətinin rentgen şəklidir. Cəmiyyətimizin real mənzərəsidir. Reytinqə gəlincə, bizdə «reytinq ölçən cihazlar» da düzgün işləmir. İnkar etmirəm, o verilişlərə baxanlar var. Ancaq bu, ümumi səviyyəni əks etdirmir. 

Z.Məmmədli vəziyyəti nisbətən də olsa düzəltmək imkanlarının mövcudluğundan da danışdı:

- Daha yaxşı, keyfiyyətli telelayihələr hazırlamaq, yaxşı nümunələr ortaya qoymaq lazımdır. Məsələn, MTRŞ keyfiyyətli verilişlər üçün müsabiqə elan edə bilər. Tender keçirə bilər. Yaxşı layihələr maliyyələşdirilər və populyarlaşar. Bununla da keyfiyyətsiz verilişlərin bazarı bağlanar. Bizim əsas problemlərimiz reklam bazarı ilə bağlıdır. Baxın, Avropada keyfiyyətli telelayihələrin büdcəsi milyonlarla ölçülür. Nəhəng vəsaitlər sərf olunur verilişlərə, layihələrə. Çünki sərf etdikləri vəsaiti reklam sayəsində geri alacaqlarını bilirlər. Reklam bazarı xərcləri təmin edir. (Məsələn, «O səs Türkiyə»də münsiflərin həftəlik qazancı 80-100 min TL təşkil edir. Həftəyə təqribən 40-50 min manat. Bunu Azərbaycan efiri üçün düşünmək ağlasığmazdır -red). Niyə Avropada məşhur telelayihələr Azərbaycanda sönük alınır? Çox pis, aşağı səviyyəli «kopirovka» təsiri bağışlayır, çünki o büdcə bizdə yoxdu. Reklam bazarı şəffaf deyil. Üstəlik, uyğun komanda tərtib olunmur, yaradıcı heyətə düzgün adamlar seçilmir. Yaradıcı insanlar, həqiqi peşəkarlar qalır kənarda, aidiyyətsiz adamlar komandada yer alır. 

Əyləncə də keyfiyyətli olmalıdır

Z.Məmmədli hətta 1980-ci illərin televiziyasının indikindən qat-qat maraqlı olduğunu bildirdi: “80-ci illərdə televiziyada plüralizm, söz azadlığı olmasa da, aydınlatma, maarifləndirmə baxımından daha maraqlı idi. Heç olmasa, bir istiqamətdə keyfiyyət göstəricisi vardı. İndi isə istiqamətlər tamam pozulub. Doğrudur, deyirik, televiziya məktəb deyil, universitet deyil. Amma əyləncə də keyfiyyətli deyil axı. Heç olmasa, əyləncəli verilişlər, şou proqramlar keyfiyyətli olsun. Bu da yoxdursa,  o zaman televiziya nəyə xidmət edir? Əgər verilişdən-verilişə inkişaf olmayacaqsa, bu, bizim televiziyanın faciəsi olacaq”.

Qeyd edək ki, bir çox mütəxəssislər keyfiyyətli proqramlar baxımından yenə də Azərbaycan Dövlət Televiziyasının hazırladığı verilişləri nümunə göstərirlər. Həqiqətən də, bütün digər telekanallarla müqayisədə Az.TV efirində baxılası xeyli proqram var. Son zamanlar isə bu televiziyanın proqram siyasətində dəyişikliklər hiss olunmaqdadı. Deyəcəklər ki, Az.TV dövlət büdcəsindən maliyyələşir, maliyyələşmə çətinliyi yoxdur, filan... Belədə müzakirə yenə səhv istiqamət alacaq. Bizim dediyimiz şou və tok-şounun keyfiyyətli hazırlanmasıdır. Niyə biz, məsələn, Türkiyə efirindəki “Ben bilməm eşim bilir” şousuna rahatlıqla baxa bilirik, amma bu verilişin Azərbaycan variantı bir-iki buraxılışdan sonra efirdən çıxdı? Bir həqiqəti dərk etmək lazımdır; şoumen təlxək deyil. Aparıcı da prokuror deyil. Efir məkanı da sirk deyil. Vəssalam. 



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu