Deputatdan BNA ilə bağlı kurioz iddia:"Ölmüş adama belə cərimə yazırlar”


Tahir Kərimli: “Bu yaxınlarda mənə tanış adamlardan biri dedi ki, rəhmətə gedən şəxsin sürücülük vəsiqəsi ələ düşüb və ona da cərimə yazıblar”

“Fikirləşirlər ki, nəyin bahasına olursa olsun çox pul qazanaq. BNA və yaxud başqa orqan mahiyyətini dəyişmir”


Paytaxt sürücülərinin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindən narazıdır. Bu narazılığın yaranmasına ən başlıca səbəb dayanma-durma qaydalarına görə, yazılan cərimələr və pulsuz parkinq problemidir.

Sürücülərin əksəriyyəti iddia edir ki, bir çox hallarda dayanma-durmanı qadağan edən nişanlar qoyulmadığı üçün bu, onları çaşdırır. Avtomobillərini 5 dəqiqəlik müddətə saxlasalar da geri dönəndə agentlik əməkdaşlarının cərimə yazdıqlarını görürlər. Hətta bu hal getdikcə kütləvi hal alıb. Sürücülər dəfələrlə öz narazılıqlarını ifadə ediblər. 



Millət vəkili Tahir Kərimli “Sherg.az”a açıqlamasında bildirib ki, bu, olduqca ağrılı bir mövzudur.

Deputat qeyd edib ki, BNA-nın nəyin bahasına olursa olsun, cərimə yazması böyük bəladır:

“Bir dəfə BNA-nın rəhbərlik ştatının iştirak etdiyi Milli Məclisin komitə iclasında bu məsələyə toxunmuşdum. Cərimələrin müəyyən faizi agentlik işçilərinin əmək haqqına əlavə kimi verilir.

Ona görə də cərimələr bu qədər çoxalıb. Bu tendensiya çox ciddi problemlər yaradır. Yalnız nəqliyyat sahəsində yox, digər sahələrdə də əhali yerli-yersiz cərimə olunur. Hətta bu yaxınlarda mənə tanış adamlardan biri dedi ki, rəhmətə gedən şəxsin sürücülük vəsiqəsi ələ düşüb və ona da cərimə yazıblar.

Təsəvvür edin, ölmüş adama belə cərimə yazırlar. Fikirləşirlər ki, nəyin bahasına olursa olsun çox pul qazanaq. BNA və yaxud başqa orqan mahiyyətini dəyişmir. Mahiyyət ondan ibarətdir ki, ümumiyyətlə, belə bir tendensiyaların qarşısı alınmalıdır.

Agentliyin işçiləri daha nəzakətli və səbirli davranmalıdır. Ancaq pul qazanmaq istəyi hər şeyi üstələyir. Bu və ya digər sahələrdə vətəndaşlara durmadan cərimə yazırlar. Azərbaycanda bahalaşma bir də bu yersiz cərimələrin yazılması əhalini ciddi narahat edir. Ona görə də hesab edirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər etməliyik”.

Parlament üzvü bildirdi ki, əvvəllər də cərimələr olurdu:

“Amma heç vaxt belə dərəcəyə gəlməmişdi. Heç olmasa işçilərin əmək haqlarını yüksəldək və cərimələrdə olan əlavələri ləğv edək. Çıxış yolunu ancaq belə görürəm. O zaman BNA işçiləri daha dözümlü və nəzakətli olarlar. Nəticədə cərimələrin də sayı azalar”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu