“Sıfır gömrük rüsumu tətbiq olunarsa, bu, iqtisadi inkişafa təkan verər” - Açıqlama 


“Azərbaycanla Türkiyə arasında preferensial ticarət haqqında sazişin imzalanması barədə razılıq əldə edilməsi çox təqdirəlayiq haldır”. 

Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

Analitik bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək lazımdır: 

“Ümumiyyətlə, Azərbaycan İran, Türkiyə, Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirməlidir. Bunun üçün böyük potensial var. Yaxşı olar ki, qarşılıqlı hesablaşmalarda da milli valyutalardan istifadə olunsun. Bu addımlar atılarsa, qlobal maxinatorların spekulyasiyaları zamanı zərərdən sığorlanmaq mümkün olar. Sıfır gömrük rüsumu bu istiqamətdə ən effektiv addım olacaq. Türkiyə ilə, o cümlədən digər qonşu ölkələrlə sıfır gömrük rüsumu tətbiq olunarsa, həm ölkədə bolluq və ucuzluq yaranar, həm də iqtisadi inkişafa əlavə təkan verilər”. 



E.Bayramlının sözlərinə görə, hazırda Amerika və Qərbi Avropa ölkələri Türkiyəni iqtisadi cəhətdən zəiflətməyə, ticarət əlaqələrini məhdudlaşdırmağa çalışırlar: 

“Türkiyənin bu vəziyyətdən çıxmasına biz də kömək etməliyik. Ümumiyyətlə, regional formatlarda əməkdaşlığı genişləndirmək lazımdır. Rusiya, İran, Türkiyə, Çin, Gürcüstan, Azərbaycan, Qazaxstan, Belarus kimi ölkələr birgə iqtisadi əməkdaşlıq platformaları işləməlidirlər. İdxalda və ixracatda bir-birilərinə üstünlük verməlidirlər. Bu halda bir sıra mərkəzlərin tabe olmayan ölkələrə qarşı yeritdiyi iqtisadi sanksiya və maliyyə maxinasiyalarını zərərsizləşdirmək mümkün olar. Türkiyə də hazırda belə bir güclü təzyiq qarşısındadır. Əminəm ki, ölkə özünün imkanları və həqiqi müttəfiqlərinin də köməyi ilə bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, 2019-cu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında preferensial ticarət haqqında saziş imzalanacaq. Saziş, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu