Müsavat partiyasında ciddi mübarizə... - Sədr kim seçiləcək ?  

“Müsavatda sədr seçkilərində ciddi mübarizə olacaq. Çünki Tofiq Yaqublu əksər partiya üzvlərinin dəstək verdiyi şəxsdir”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq, Müsavat Partiyasının keçmiş divan üzvü Qabil Hüseynli deyib. 

Analitik bildirib ki, əgər T.Yaqublu sədr seçilərsə, Müsavatdakı dağınıqlığı, fikir ayrılıqlarını ortadan qaldıra bilər: 



“Tofiq Yaqublu bəzən radikal meyillərə baş vurur. Onun nöqsanlarından biri məhz budur. Bir siyasətçi partiya sədrliyinə namizəd olursa, emosiya ilə deyil, ağılla hərəkət etməlidir. Ümid edirəm ki, T.Yaqublu partiyaya sədr seçilərsə, radikal davranışlardan əl çəkəcək və düşünülmüş, ölçülüb-biçilmiş addımlar atmağa üstünlük verəcək.

Ən əsası isə ölkənin və millətin maraqlarına uyğun siyasət yürüdəcək. Sədr müavini Tofiq Yaqublu partiya başqanı olacağı təqdirdə məsuliyyəti daha da artacaq. Ona görə də sədr olduğu müddətdə yersiz çağırışlara baş vurmamalıdır”. 

Siyasi şərhçi vurğulayıb ki, o, Tofiq Yaqublunu iradəsi və əqidəsi olan, siyasi prosesləri ayıq başla təhlil etməyi bacaran, səmimi bir adam kimi tanıyır: 

“Tanıdığım üçün deyirəm ki, onun hərəkətlərində hər hansı pozucu, neqativ faktora rast gəlməmişəm. Heç vaxt yolundan sapdığını görməmişəm. Rayon təşkilatının sədri olanda da, partiyanın siyasi rəhbərliyində təmsil olunanda da özünü doğrultmağı bacarıb. Yəni, Müsavat partiyasının başqanlığına layiq şəxsdir”.  


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu