Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib


Bu gün 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
APA -nın məlumatına görə, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları iştirak ediblər.
Nazir Ə. Qarayev bildirib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy nəinki müasir Azərbaycan musiqisinin banisi, bəstəkar, o həm də yazıçı, filosof, ictimai xadim olub”.
Ə. Qarayev 11 ildir Azərbaycanda Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirildiyini vurğulayıb: “Artıq bu festival haqqında dünyanın aparıcı Mezzo kanalında bildirilir, Üzeyir bəyin davamçısı olan Fikrət Əmirovun əsərləri də mütəmadi şəkildə Mezzoda səslənir. Bu da Üzeyir bəyin qoyduğu ənənənin təntənəsidir”.
Nazir bu il həm də bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini vurğulayıb: “Bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər keçiriləcək”.
F. Bədəlbəyli Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırıb: “Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır”.
Sonra Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edib.
Daha sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu