“Suriya ətrafındakı proseslər olduqca mürəkkəbdir” – ŞƏRH


Dünən Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib. Astana formatında keçirilən görüşünün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır.

Görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb:

“Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Problemin həlli üçün qarşılıqlı razılaşma əldə etməklə bağlı 3 ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var”.



Üçtərəfli görüşü “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadənin qənaətinə görə, keçirilən görüşlərin nə dərəcədə məhsuldar olduğu bir
müddət sonra bilinəcək.

Ekspert qeyd edib ki, görüş barədə ilkin nəticələr söyləmək düzgün deyil:

“Hər halda bu görüşün həm gedişatına, həm də yekunlarına nəzər salsaq, qəti fikrə gələ bilmərik. Düzdür, prezidentlər mətbuat konfransı keçiriblər və bu konfransda bəzi məqamlara aydınlıq gətiriblər. Ümumiyyətlə, Suriya ətrafındakı proseslər olduqca mürəkkəbdir. Xüsusilə indiki zamanda Suriya-Türkiyə sərhədi boyu problemlər yaşanır. Ona görə də demək olmaz ki, tərəflər hansısa konkret nəticəyə gələ bilərlər”. 

Politoloq bildirib ki, müzakirə olunan məsələlərdən biri Suriyada təşkil olunan konstitutsion şura və onun fəaliyyətidir:

“Konstitutsion şura ilə bağlı müxtəlif təzyiqlər və bəyənatlar var idi. Son görüşlərin birində tərəflər konstitutsion şuranın iştirakçılarını müəyyən etmişdilər. Amma şuranın nə vaxt fəaliyyətə başlayacağı və hədəf olaraq müzakirə olunan məsələlərin nə olacağı bilinmir. Təəssüf ki, sual altında qalan məsələlər daha çoxdur. Üçtərəfli görüş öz-özlüyündə göstərir ki, tərəflər arasında ziddiyyətlərin olmasına baxmayaraq, bütün hallarda həmin ziddiyyətlər danışıqlar yolu ilə həll olunur. Birbaşa qarşıdurma yoxdur və mövqelərin toqquşması müşahidə olunmur. Ümumiyyətlə, Suriyadakı proseslər proqnozlaşdırıcı xarakter daşıyır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu