"Hərbi təlimlərimiz Paşinyana ciddi mesajdır" - AKTUAL

“Azərbaycan ordusunun genişmiqyaslı təlimləri danışıqlar prosesindan yayınan Paşinyan üçün ciddi mesajdır”.  Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, Paşinyan öz daxili problemlərinin girdabına doğru gedir: “Paşinyanın komandası ondan üz döndərir. Bu vəziyyət Paşinyanın siyasi dayaqlarının zəifləməsinə və Qarabağla bağlı ritorikasının dəyişməsinə gətirəcək. Qeyd edim ki, Ermənistanda inqilab hökuməti demək olar ki, ölkənin inkişafına heç bir müsbət islahatlar gətimədi. Ölkədə düşmənçiliyə və qütbləşməyə səbəb oldu. Kreml ciddi şəkildə Paşinyanın hakimiyyətinin laxlanmasına çalışır və onun komandasının dağılması istiqamətində ciddi iş aparır. Məhz onun hökumətinin üzvülərinin istefaya getməsində Kremlin izini istisna etmirəm”.

Analitikin sözlərinə görə, Ermənistana iqtisadi-hərbi və kəşfiyyat baxımından nəzarət edən Rusiyanın Paşinyanın komandasını dağıtması elə də çətin bir məsələ deyil: 

“Paşinyanın silahdaşlarının ondan üz döndərməsi və ağırlaşan iqtisadi durum xalqın narazılığına səbəb olacaq. Moskva prosesləri bu istiqamətdə planlayır. Nəticədə, zəifləmiş Paşinyan güclənən “Qarabağ klanı” ilə danışıqlara gedə bilər. Bu da Paşinyanın siyasi sonu demək olacaq. Əgər, Paşinyan Qərblə normal əməkdaşlığa gedib, ABŞ-ın siyasətinə uyğun davranarsa, hakimiyyətdə qalmaq şansı var. Bu şans da Qarabağ münaqişəsinin həlli və Rusiya ilə konkret şəkildə məsafə saxlamaqdır. Amma, Paşinyan iki stolda oturmağa can atdığı üçün hər iki tərəf onu stoldan aşırmağa başlayır. Azərbaycan yalnız cəbhədə ciddi təzyiqləri davam etdriməli və Moskva ilə danışıqlar aparmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu