Bu təşəbbüs düşünüldüyü kimi tətbiq olunsa, işsizlərin sayı kəskin azalar


Bütün işsizlərin "şəxsi kabinet"i olacaq. Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi seçə biləcəklər. Bu barədə Nazirliyin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov məlumat verib.

O bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya Sistemində yaradılan “Məşğulluq” altsistemi modulunun əsas məqsədi işsiz vətəndaşların hər hansı çətinlik çəkmədən öz evlərindən belə bu sistemə müraciət edib, iş axtaran kimi qeydiyyata alınmasıdır:

“İş üçün müraciət edən vətəndaşların işlə təmin olunması, onların iş yerləri haqqında məlumat əldə edə bilməsi üçün “Məşğulluq” sistemi içərisində “Vakansiya bazası” yaradılıb. Həmin bazadan istifadə edərək həm işə götürənlər, həm də işçilər bir-biri ilə elektron formada birbaşa əlaqə qura bilər. 



Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a söyləyib ki, bu cür elektron xidmət bazalarının yaradılması cəmiyyət, iqtisadiyyat üçün müsbət haldır.

“Belə bir təşəbbüs çox yaxşıdır. Çünki ölkədə kifayət qədər işsiz əhali var. Eyni zamanda çox maraqlıdır, bu elektron bazadan neçə nəfər iştirak edə biləcək?

Burada bütün amillər paralel şəkildə aparılmalıdır. Fikrimcə, bu cür sistem yaradılmazadan əvvəl əhalinin elektronlaşma siyasətini təkminləşdirmək lazımdır.

Çünki hazırda əksər insanın elektronlaşma dərəcəsi telefon üzərindədir. Ona görə ilk əvvəl bu sahədə addım atılmalıdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı bu bazanı istənilən halda müsbət qiymətləndirirəm.

Çünki müasir dövrün tələbləri, standartları bu kimi xidmət sahələrini tələb edir. Fikrimcə, bu təşəbbüs düşünüldüyü kimi tətbiq olunsa, ölkədə işsiz əhalinin sayı kəskin şəkildə azalar. Amma bu sistemin efektivliyi hələ ki sual altda qalır”.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu