“Əsrin müqaviləsi” neft gəlirlərinin artmasına zəmin yaratdı”


“25 il əvvəl, sentyabrın 20-i müasir Azərbaycan tarixinin əlamətdar günü kimi tarixə düşdü”. 

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandı, 2017-ci ilin sentyabrında isə müqavilənin müddəti 2050-ci ilə qədər uzaldıldı: 

“Əsrin müqaviləsi sadə neft müqaviləsi deyildi. Bu, strateji hədəf idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək yüzillikdəki inkişaf trayektoriyasını cızan fəlsəfə idi. “Əsrin müqaviləsi” məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı.


Sözügedən saziş Azərbaycana, nəinki regional layihələrdə söz sahibliyi etməyə, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verib. “Əsrin müqaviləsi”nin imzalanmasından 3 il sonra, 1997-ci il noyabrın 12-də müqavilə çərçivəsində ilk neft çıxarılıb. İlk neftin ixracı üçün 1997-ci il oktyabrın 25-dən Bakı-Novorossiysk kəməri istifadəyə verilib və neft dünya bazarına şimal marşrutu ilə çıxarılıb”. 

Ekspert vurğulayıb ki, Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir: 

“Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün də milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür.

Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycanın, həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, bütövlükdə Avropa qitəsinin maraqlarına cavab verir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkə maraqlarının daha əmin şəkildə reallaşmasına gətirib çıxardı. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib”. 

Z.Məmmədovun sözlərinə görə, “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində də mühüm rola malikdir: 

“Ulu Öndər Heydər Əliyevin neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin artmasını təmin etdi. Bu yeni layihələr sırasında Azərbaycan qazının Avropaya çıxarılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizini xüsusiylə qeyd etmək lazımdır. “Cənub Qaz Dəhlizi” “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazın Xəzər dənizindən Türkiyəyə oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsidir.

Azərbaycanın qaz ehtiyatları Avropa üçün yeni imkanlar kimi qəbul olunur. Bu imkanın reallığa çevrilməsi isə qazın Avropaya nəqli marşrutlarının düzgün seçilməsini zərurətə çevirirdi. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olan TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başladı”. 

Analitik vurğulayıb ki, neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını büsbütün dəyişib: 

“Əldə edilmiş gəlirlə sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu isə, Azərbaycan milli maraqlarının reallaşmasını asanlaşdırır. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur”. 






Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu