İşsiz vətəndaşların sayı artır? – RƏSMİ AÇIQLAMA


“Bəzi saytlarda və sosial şəbəkə səhifələrində işsiz vətəndaşların sayının artması ilə bağlı məlumat yayılıb”.

Lent.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, sosial sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində yeni “Məşğulluq haqqında” qanunun qəbulu, “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nın təsdiqi, məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edən “Məşğulluq” altsisteminin (MAS) yaradılması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, onların sürətli, rahat və şəffaf şəkildə məşğulluq xidmətlərinə çıxışı üçün geniş imkanlar yaradıb:

“2019-cu il sentyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub. 2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib. Onu da xüsusi vurğulayaq ki, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidir.

Məlumat üçün bildiririk ki, artımın səbəbi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinə uyğun olaraq, yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır.

Belə ki, yeni “Məşğulluq haqqında” qanuna əsasən MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur”.

F.Talıbov əlavə edib ki, qeyd olunan prosedur dövlət məşğulluq tədbirlərinin operativ və sistemli şəkildə həyata keçirilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin bilavasitə gücləndirilməsini təmin edir:

” 2019-cu ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanlarında işlə təmin olunanların sayı 60 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 faiz çoxdur. “DOST İŞ” Mərkəzi tərəfindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərəfindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsədi ilə digər aktiv məşğulluq tədbirləri də davam etdirilir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu