Abort etdirən məktəblilərin sayı artır - Kimdir müqəssir ?  


Azərbaycanda abortla bağlı statistik göstəricilər açıqlanıb. Ötən il 15-19 yaşlı qızların abort sayı 1 238 olub.

Nəzərə alaq ki, bu rəqəmlər rəsmi göstəricilərdir. Qeyri-rəsmi abortların sayını da əlavə etsək, açıqlanan rəqəmlərin sayı ikiqat çox olar. 

Təəssüf ki, valideynlər bəzi hallarda çıxış yolunu abortda görürlər. Əlbəttə, 15-19 yaşlı qızların hamilə qalması müxtəlif formada baş verib. Erkən nigahlar və ya zorlanma halları buna misal ola bilər. 



Mövzunu dəyərləndirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a bildirib ki, bir çox ekspert bu rəqəmləri böyük dəhşətlə qarşılayırlar. Amma əhalinin ümumi sayını və 15-19 yaş həddində olan uşaqların sayını nəzərə alsaq, 1238 elə də böyük rəqəm deyil. 

Onun sözlərinə görə, hər bir halda erkən yaşlı qızların hamilə qalması narahatlıq doğurur:

“Nəzarətsiz qalan uşaqların sayı çoxdur. Baxmayaraq ki, onların valideynləri var, amma nəzarətsizlik sonda belə sonluqlarla nəticələnir. Yaxud da bəzi uşaqlar kifayət qədər sərbəst davranışa malik olur və onları idarə etmək çətindir. Bütün bunların miqyasında təbii ki, açıqlanan rəqəmi böyük göstərici hesab etmək olmaz. Biz nə qədər milli mentalitetlərdən danışsaq da, müasir dünyanın müasir davranışları var.

Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər. Təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir. Hamilə qalan qızların hamısı o demək deyil ki, öz xoşu ilə cinsi əlaqədə olublar.

Həmin rəqəmlər içərisində zorlama halları da baş verib. Kimsə polisə müraciət edib uşağı qanuni yolla abort edir. Abortları gizli şəkildə etmək heç yaxşı hal deyil. Bunun üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Heç bir həkim azyaşlı qızı özbaşına abort edə bilməz. Ona görə də bu rəqəmlərin hansı həssaslıqlara aid olduğu qeyd olunmalıdır. Statistikada konkret rəqəmlər qeyd olunarkən hamilə qalmaların hansı şəraitdə olduğu bildirilməlidir. Məsələn, nə qədəri erkən nigah, nə qədər zorlama halları baş verib. Bunları müəyyənləşdirmək  əsasdır. Ona görə də 1238 rəqəmini heyrətlə qarşılamaq qeyri-ciddidir”.

M.Zeynalova qeyd edib ki, azyaşlı qızların hamilə qalması və abort olunmasını mental dəyərlərlə ölçmək düzgün deyil:

“Sovet dönəmində də mentalitetimiz var idi və bu cür abort halları baş verirdi.

Sadəcə olaraq, hansı problemin daha çox qabarıq olduğunu dəqiqləşdirmək lazımdır. Ona görə deyə bilmərək ki, mentalitetimiz məhv olub gedir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu