Azərbaycan - Ermənistan XİN başçılarının növbəti görüşü nə vəd edir ? – ŞƏRH 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. Sentyabrın 22-də Nyu- York şəhərində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə "Sherg.az" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.  Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşdən gözləntiləri şərh edən politoloq Tofiq Abbasov “Sherg.az"a bildirib ki, elə də böyük nəticələr gözləmək lazım deyil.

Onun sözlərinə görə, çox güman ki, keçiriləcək görüş protokol xarakteri daşıyacaq:



“Hazırkı danışıqlar prosesindən sonra ara-sıra təmasların baş verməsi onu göstərir ki, Ermənistan yenə də siyasi mərhələdə hazırlıqsızdır. Düşmən əlindən gələni edir ki, danışıqlar prosesi çöksün və status-kvo eləcə də qalsın. Amma bu, mümkün olan deyil. Çünki status-kvo mütləq şəkildə dəyişilməlidir. Bunun üçün vaxt çoxdan çatıb. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və torpaqlarımız işğaldan azad olunmalıdır. Qarabağın erməni icmasının bütün problemləri ancaq dövlətçiliyimizin çərçivəsində həllini tapa bilər. Düzdür, İrəvan buna istədiyi kimi mane olur və hər zaman problemlər yaradır. Amma bu perspektivi olmayan yanaşmadır. İstər-istəməz Azərbaycan məqsədinə nail olacaq. Ola bilsin, hazırda texniki proseslərin həllində və danışıqlarda ümidverici məqamlar olsun. Lakin bunlar köklü xarakter daşımır. Çünki əslində hər iki tərəf hazırlıqlı olmalıdır ki, danışıqlarda proses canlansın. Ermənilər öz havadarlarının, xaricdə yaşayan ermənin diaspor sturukturlarının dəstəyinə ümid edirlər ki, guya torpaqlarımız özümüzə qayıtmasın. Amma onlar bir şeyə nail olurlar. Bu da özləri üçün problemin həllində uzun və ağrılı bir variantı seçirlər. Azərbaycanın öz planları var. Torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri evlərinə qaytararaq ölkənin 1990-cı illərə qədərki vəziyyətini bərpa etmək əsas məqsədlərdən biridir”.

Politoloq vurğlayıb ki, hazırda Ermənistan daxilində bəzi qüvvələr Paşinyanı qısnayırlar:

“Qarabağ klanı” ona düşmənçilik edir. İndi həmin klan Ermənistanın özünü hədələyir. Amma bu Azərbaycanın məramına, gözləntilərinə heç bir təsir göstərmir.  Düzdür, biz bir qədər üzgünük, çünki proses uzanır. Lakin bu olanlar bizə çox da əziyyət vermir. Ermənistanda vəziyyət durmadan pisləşir, iqtisadi tənəzzül dərinləşir, insanlar ölkəni tərk etməyə davam edirlər. İstər-istəməz məsələnin həllinə yaxınlaşmalıyıq. Bu problemlərdən daha çox əziyyət çəkən Ermənistanın özüdür”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu