Xəstəxanalarda tibbi xidmətlərin pulsuz olması realdırmı ? – Professordan izah  


Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq. Bu barədə 

Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir:

“Bu ilin sonuna qədər proses başa çatacaq. Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu, o demək deyil ki, publik hüquqi şəxs olmaqla xəstəxana pullu xidmətə keçir”.

Z.Əliyevin bildirdiyinə görə, xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir. Onlar bununla həm maliyyə resurslarını rahat idarə edə, həm də İTSDA-dan və digər qurumlardan vəsait qəbul edə bilərlər.



Məsələ ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dövlət tibbi xərcləri tam və real olaraq qarşılamaq imkanına malik deyil.
Professorun sözlərinə görə, bu qədər əhalinin tibbi xidmətlərini tamamilə pulsuz həyata keçirmək bir qədər çətindir:

“İcbari tibbi sığorta paketində konkret xidmətlər əks olunub. Məsələn, paketə “chek up” müayinələri və müxtəlif əməliyyatlar daxil ola bilər. Məlumdur ki, icbari tibbi sığorta paketi pulsuzdur.

Xərclər sığorta şirkətinin hesabına ödənilir. Bu gün bütün tibbi xidmətləri sığorta fondu və dövlət büdcəsi hesabına ödəmək real görünmür. Türkiyə kimi dövlət bu məsələyə 2000-ci ildən sonra başladı. Yəni, 2000-ci ilə qədər tibbi xərclərin bir hissəsi vətəndaşın, digər hissəsi isə dövlətin üzərinə düşürdü.

Ölkəmizdə də belə etmək olar. Tibbi sığortanı elə şəkildə həyata keçirmək lazımdır ki, ortada xaos yox, qayda-qanun olsun. Hesab edirəm ki, Türkiyə təcrübəsindən yararlansaq yaxşıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu