“Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür"


““Əsrin müqaviləsi” həqiqətən də Ulu Öndər Heydər Əliyevin şah əsəridir”.

Bunu “Sherg.az”a açıqlmasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi əlamətdar hadisədir: 

“Xalqımız bu müqavilənin imzalanmasının ildönümünü Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malik hadisə kimi dəyərləndirir. Müstəqil Azərbaycanımızın həyatında yeni cığır açan siyasi-iqtisadi uğur kimi qeyd edir. 25 il heç də az müddət deyil. Bir əsrin dörddə biri qədər zaman kəsiyini geridə qoymuşuq. Ötən müddət ərzində ölkəmizdə tamamilə yeni bir nəsil formalaşıb. Fərqli reallıqlar zəminində yetişən gənc nəslin şübhəsiz ki, “Əsrin müqaviləsi”nin ölkəmiz üçün necə çətin bir şəraitdə imzalanması barədə bütün həqiqətləri bilməsi vacibdir. Bu günləri “Əsrin müqaviləsi”nin icrası prosesi bizə adi görünə bilər. Ancaq uzunmüddətli perspektivə nəzər saldıqda bu hadisəni tam qətiyyətlə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi hesab edə bilərik. Müqavilə barədə danışarkən heç şübhəsiz ilk növbədə Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərini qeyd etməliyik. Əgər həmin vaxt Heydər Əliyev olmasaydı, nə “Əsrin Müqaviləsi” imzalanardı, nə də müstəqilliyimiz qarantiya altına alınardı”. 

Təşkilat rəhbəri vurğulayıb ki, ötən 25 ildə qazandığımız uğurların bəhrələri məhz Heydər Əliyevin müdrik uzaqgörənliyinin və çevik siyasi səylərinin nəticəsidir: 

““Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Bu müqavilənin 25 illiyi bizə ötən dövrə, müstəqil Azərbaycanın yaxın keçmişinə nəzər salmağa və haradan hara gəldiyimizi xatırlamağa imkan verir. Bəziləri belə hesab edir ki, neftimiz olmasaydı, ölkəmiz bu qədər təhlükələrlə üzləşməzdi. Ancaq tamamilə əsassız fikirdir.

Əsl həqiqət göstərir ki, məhz neft ölkəsi olmağımız bu gün Azərbaycanı bir çox təhlükələrdən, geopolitik təlatümlərdən qoruyur. Başqa sözlə desək, enerji strategiyamız Azərbaycanın təhlükəsizliyinin qarantıdır. Bu strategiyanın təməl daşı isə 1994-cü ilin 20 sentyabrında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizin iqtisadi qüdrəti, beynəlxalq nüfuzu da məhz bu strategiyaya söykənir. Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması da ilk növbədə bu strategiya və bu müqavilə ilə bağlıdır”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu