Metroda cəmi bircə dəfə gecikmə yaşanıb


Onun da səbəbi yeni metro vaqonlarının qapılarının sərnişinlər tərəfindən tutulub saxlanması olub

"O xətləri biri-birindən ayırmaq lazımdır. O zaman intervalları azaltmaq mümkün olacaq. Bunun üçünsə 5 yeni stansiya tikilməlidir"

Yollarda tıxac, metroda basabas. Get görüm, necə gedirsən. Belə gedirik; deyinə-deyinə. Bir-birimizi itələyə-itələyə. Başqalarını da özümüzlə bərabər metro vaqonundan sürüyüb çıxara-çıxara. Dərslər başlanandan ictimai nəqliyyat lap dəhşət olub. Adamlar ümidini ən sürətli, ən rahat bildiyimiz metroya bağlayır. Di gəl, sərnişinlər platformada dayanıb metro vaqonunun yolunu gözləyəndə “bilmirik bu metrodu, yoxsa tısbağa? Gəlib çıxmaq bilmir. Avtobus bundan yaxşı işləyir” deyirsə, ümidlər sabun köpüyü kimi dağılır. Səhər və axşam sərnişin axınının pik saatlarında interval 4-5 dəqiqəyə çatırsa, özünü “qladiator” döyüşünə hazırlamalı olursan. Xüsusən də “Dərnəgül-Həzi Aslanov” (və əks istiqamət) xəttində. “Elmlər Akademiyası” stansiyası isə lap “qorxunc sahə”dir. 

Metro sərnişinlərinin dərdi intervaldır. Bəs bu problemi həll etmək mümkün deyilmi?

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Şərq”ə açıqlamasında intervalı hələ ki azaltmağı mümkünsüz edən səbəbləri göstərdi:

- Tədris ili başlayanda biz yeni qrafiki elan etdik ki, axşam və səhər “28 May” – “Həzi Aslanov” xəttində interval 2 – 2 dəqiqə yarım olacaq. Bu günlər ərzində cəmi bircə dəfə gecikmə yaşanıb. Onun da səbəbi yeni metro vaqonlarının qapılarının sərnişinlər tərəfindən tutulub saxlanması olub. Yeni vaqonlar kompüterləşdirilmiş, avtomat sistemlə işləyir. Hər hansı maneəyə rast gəldikdə proqram təminatı donur, qapılar avtomatik olaraq irəli-geri açılır-bağlanır. Kompüter dili ilə desək, sistemdə “sboy” baş verir. Proqramı işə salmaq müəyyən qədər vaxt apardığından qatarların hərəkətində gecikmə yaranmışdı. Proqram düzəldi, hərəkət də qrafik üzrə davam etdi. Sentyabrın 16-sı metroda 800 min sərnişin daşınıb. Bu, həddindən artıq yükləmə deməkdir. Bilirik ki, sərnişinlərin əsas problemi “Dərnəgül-Həzi Aslanov” xəttində intervalın azalmamasıdır. Metronun hazırkı strukturu ilə bu mümkün deyil. Bu niyə mümkün olmur, deyim. Dünya şəhərlərinin metrolarında 2 xəttin bir müstəvidə kəsişməsinə rast gəlinir. Amma 2 xəttin bir müstəvidə birləşməsi praktikası yoxdur. Bakı Metropolitenində isə bu var. O xətləri biri-birindən ayırmaq lazımdır. O zaman intervalları azaltmaq mümkün olacaq.

Bunun üçünsə 5 yeni stansiya tikilməlidir. “Xətai”dən sonra Y 14 və Y 15 stansiyaları, “Dərnəgül”-“Koroğlu” xəttində də 3 stansiya tikilməlidir. Həm də dönmə kameralı. “İçərişəhər” stansiyasında olduğu kimi. Stansiyaya gələn qatar, geri dönməlidir. Bu stansiyalar tikildikdən sonra “İçərişəhər”-“Həzi Aslanov” xətti ayrı olacaq.

Qatarlar bir xətt üzrə hərəkət edəcək. “Dərnəgül”-“Koroğlu”  xətti də ayrı. Necə ki, hazırda “Xətai” stansiyasından “Cəfər Cabbarlı” keçid stansiyası, eləcə də “Memar Əcəmi” stansiyasından “Avtovağzal”a keçid stansiyası – bənövşəyi xəttə keçid var, “Koroğlu” stansiyasından da “Dərnəgül”ə sərnişinlər hərəkət edə biləcəklər.

“Dərnəgül” xətti “Həzi Aslanov” xəttindən ayrılacaq. Qırmızı xətlə yaşıl xətt artıq bir müstəvidə kəsişməyəcək. Yaşıl xətt dairəvi olacaq. Bu da qatarlararası intervalların azaldılmasına imkan verəcək. Üstəlik, Bakı Metropolitenində “Depo” da xəttin ortasındadır. Bu da qatarların hərəkətinə əlavə maneədir. “Depo”ya yola salınası qatarların da hərəkət xəttinə buraxmaq məcburiyyəti yaranır.

Ona görə də qatarlar “Nəriman Nərimanov” stansiyasına çatıb sərnişinləri boşaltmalı olur. Sıxlıq həm də bu zaman yaranır. Yeni stansiyalar nə vaxt tikiləcək? B.Məmmədov bildirdi ki, metro tikintisi geoloji şərtlərə bağlıdır. Elə stansiyalar olub ki, tikintisi uzun illər davam edib, eləsi də olub ki, qısa zamanda başa çatdırılıb: - Ona görə də konkret müddət söyləmək mümkün deyil. Amma metronun konseptual inkişafı Proqramı qəbul edilib, yeni stansiyaların tikintisi prioritet məsələdir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu