Tikintilərdən tərpənmək olmur


Şəhəri bu qədər yükləmək təhlükəlidir

"50 ildir eşidirəm ki, Baş Plan hazırlanır"

Bakının Baş Planı hazırlanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib ki, paytaxt və rayonların hərtərəfli inkişafı üçün ciddi müzakirələr aparılır:
“Ötən illər ərzində komitə tərəfindən respublikanın 51 şəhərinin baş planının hazırlanmasına başlanılıb ki, bunlardan artıq 42-si rəsmi şəkildə təsdiqlənib. Doqquzunun təsdiqlənməsi isə yaxın illərdə gerçəkləşəcək.
Bakının hərtərəfli inkişafını təmin etmək məqsədilə prezidentin tapşırıqlarına uyğun olaraq hazırda komitə tərəfindən paytaxtın gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş planın hazırlanmasına başlanılıb. 
Sözügedən sənəd bazar iqtisadiyyatı standartlarına cavab verəcək. Bu, Bakı şəhərinin ilk baş plan layihəsi olacaq. Sadalanan işlər müvafiq şəhərsalma sənədlərinin və mövcud vəziyyətin dəyərləndirilməsi çərçivəsində nüfuzlu şirkətlərin iştirakı ilə aparılır”. 
O bildirib ki, Bakının inkişaf konsepsiyası əsas dörd prioritet istiqamətdə aparılacaq:
“Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə ənənəvi mərkəzlərlə yanaşı, alternativ mərkəzlərin formalaşdırılması, ikinci şəhər və ətraf mühitin əhali üçün əlverişli olması, xüsusilə ekoloji təmizliyə önəm verilməsi, üçüncü milli və mədəni irsin, şəhərin memarlıq nümunələrinin qorunması və mədəni həyatının zənginləşməsi, dördüncü istiqamətdə isə şəhər iqtisadiyyatının müasir xidmət və turizmin inkişafını təmin etmək məqsədi dayanır”.

Bakının baş dərdi – Baş Plan?

Yada salmaq istəsəm ki, Bakının Baş Planı barədə indiyədək neçə material hazırlamışam, hafizəm alt-üst olar. Gərək ən dərin qatlara baş vurum, Baş Planı axtarım. İllərdir Baş Plandan yazırıq. Ümumilikdə bütün media. 

Baş Plan hazırlanmaqda, tikililərsə ucalmaqda, memarlıq nümunələri dağılmaqda. Şəhər xaotik görüntü almaqda. Deyəcəklər, şəhər son illər bu qədər inkişaf edib. Bəli, edib. Ancaq üfüqi yox, şaquli istiqamətdə. Əgər bu, Rüfət Mahmud dediyi kimi, Bakının ilk Baş Plan layihəsidirsə, o zaman indiyədək aparılmış, hazırda da aparılan tikintilər hansı planla aparılır?

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova “Şərq”ə açıqlamasında 20 yaşından Baş Plan haqqında eşitdiyini dedi: 

- Ali məktəbdə oxuduğum illərdə Bakının Baş Planının hazırlandığını deyiblər, o vaxtdan 50 ildir eşidirəm ki, Baş Plan hazırlanır. “Bakproqor”da (Şəhərsalma institutu) işlədiyim vaxtlarda da Baş Planla bağlı rəy bildirməyimizi istəyirdilər. İndi layihələri pulla hazırlayırlar, ödəniş müqabilində. Amma biz pulsuz, könüllü prosesə qoşulurduq. Mən də layihə nümunələri təqdim etmişəm. Layihədə Bayıl zonasında terras evlərin tikintisini göstərmişdim. Terras evlər Bakının, xüsusən də Bayıl yamacının relyefinə, geoloji quruluşuna uyğundur. Terras o deməkdir ki, bir evin damı, o biri evin həyətidir. Evlər pillə-pillə tikilir. Bakının amfiteatr quruluşunu dəyişmək lazım deyildi. Əvvəllər şəhər məhz belə quruluşda idi. Dənizdən baxanda evlər hündür görünürdü, əslində isə kiçik idilər, sadəcə bir-birinə söykəndiyindən hündür bina təsiri bağışlayırdı. Ötən əsrin sonlarından şəhərdə nizamsız tikintilər aparıldı. Hündürmərtəbəli binalar bir-birinin qarşısını kəsdi, şəhərin ümumi görünüşü bərbad şəklə düşdü. Hündürlükdən baxanda da binaların necə nizamsız, səliqəsiz tikildiyi görünür. Heç kim iddia etmir ki, müasir cəmiyyətdə hündürmərtəbəli binalar olmasın. İnkişaf labüddür. Amma biz şəhərin tarixi-memarlıq üslubundan danışırıq. Bütün şəhərlərin özünəməxsus memarlıq üslubu var. Bakının əsas xüsusiyyəti şərq və Avropa memarlığının birləşməsidir. Bakını digər şəhərlərdən fərqləndirən 5 mərtəbəli evlərin, 19-cu əsrin sonlarında tikilmiş yüksək memarlıq nümunəsi olan tarixi binalardır. Müasirliyin tarixiliklə çulğaşması müsbətdir, amma bu işdə nizamsızlıq yox, qanunauyğunluq gözlənilməlidir. 

Z.Budaqova Bakının Əhmədli, Xırdalan qəsəbələri və Yasamal rayonu ərazisində binaların Plana uyğun tikildiyini bildirdi:

- Mən əvvəlki Baş Planlarla tanış idim. Müsbət yeniliklər gözlənilirdi. Məsələn, Planda vardı ki, Xəzər dənizinin üzəri ilə asma körpü tikiləcək, İstanbulda olduğu kimi, Abşeron yarımadasının kənd və qəsəbələrinə körpünün üzəri ilə hərəkət etməklə gedəcəklər. Bu da şəhərdə sıxlıq yaranmasının qarşısını alacaq. Həqiqətən də bu gözəl ideyadır. Deyək ki, Binə, Masazır, Xırdalan, Novxanı, Mərdəkan və sair Bakı kəndlərinə gedənlər niyə şəhərin içi ilə fırlanıb, yarım saata gedə biləcəkləri yolu saat yarıma getməlidir? 

Z.Budaqova bildirdi ki, çalışdığı zamanlar təqdim etdiyi layihədə karkas binaların tikintisi təklifi də olub: - Mən həmişə bu qənaətdə olmuşam ki, Bakı sakinlərini beton evlərdən xilas etmək lazımdır. Çünki beton evlər insanları xəstə salır. Bakının geoloji quruluşu gil qatı olduğundan burada ağır binaların tikintisindən mümkün qədər qaçmaq lazımdır.

Daş binalar olar, amma 5 mərtəbə. Mənzil təminatına, yeni yaşayış komplekslərinə, inzibati binalara, ehtiyac varsa, bunu karkas binalarla təmin etmək mümkündü. Mənim layihəmdə məhz karkas binalara üstünlük verilirdi. Bakıda aparılan bütün tikintilər zamanı zəlzələ ehtimalı yaddan çıxmamalıdır. Tikililər 11 ballıq zəlzələyə hesablanmalıdır. 12-16 mərtəbə binalar da olar, əgər qrunt imkan verirsə. Torpaq binanı sağlaya biləcəksə. Abşeron yarımadasının altı ilə yeraltı çaylar axır. “Azərsel” binasının altı ilə 3 çay axdığı müəyyənləşmişdi. “Qanlı göl” deyilən ərazidə də yeraltı sular dənizə axır. Abşeron yarımadası gil qatının üzərindədir. Gil möhkəmdir, əgər ona su dəymirsə. Amma bizdə axı yeraltı axıntılar, çaylar var. Su gilə dəyəndə palçıq əmələ gətirir və torpaq yumşalması, sürüşmə təhlükəsi yaranır. Ona görə də binalar inşa edilərkən birincisi torpağın geoloji quruluşu, torpaq qatının yumşalma dərəcəsi mütləq dəqiqliyi ilə öyrənilməlidir. Təqdim olunan layihələrdə yaşayış binalarının şəhərdən kənarlara doğru çıxarılması vardı. Amma indi baxırsan, şəhərin mərkəzi, həmişə sıxlıq olan ərazilər daha da dolub, tikintilərdən tərpənmək də olmur. Şəhəri bu qədər yükləmək olmaz. 

Z.Budaqova Bakının Baş Planının geniş müzakirəyə çıxarılmalı olduğunu dedi: 

- Baş Planda nə var, nələr nəzərdə tutulur, niyə açıqlamırlar? Ümumi ifadələr lazım deyil. Layihəni konkret göstərsinlər, görək o layihə əsasında nə edəcəklər, nə tikəcəklər, biz də baxaq, fikrimizi bildirək. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu