Tibbi xidmətin bir hissəsinin pullu olması manipulyasiyaya şərait yaradacaq


Əhali hansı xidmət növünün pulsuz, hansının pullu olması haqda dəqiq informasiyaya malik olmalıdır

Əks halda tibb müəssisələrinə müraciət edənlər məlumatsız olduqlarından pulsuz xidmət növü üçün də ödəniş edə bilər 

"Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu, o demək deyil ki, publik hüquqi şəxs olmaqla xəstəxana pullu xidmətə keçir".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə çevrilir. Bu ilin sonuna qədər proses başa çatacaq.
Z.Əliyevin bildirdiyinə görə, xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir. Onlar bununla həm maliyyə resurslarını rahat idarə edə, həm də İTSDA-dan və digər qurumlardan vəsait qəbul edə bilər.

Əhalinin çaşqınlığı hardasa, başadüşüləndir. 

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti «Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklikləri təsdiq etdi. Dəyişikliyə əsasən bugünədək dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərirdisə, bundan sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. 

Bu da dövlət xəstəxanalarının qismən pullu xidmətə keçəcəyi anlamına gəlir. İndiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. 

«Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Burada uzun bir siyahı var. Oxucunun dəyərli vaxtını almaq istəmirik. Əslində, bu siyahı poliklinikalarda və dövlət xəstəxanalarında əhalinin oxuyub məlumat ala biləcəyi formada olmalıdır ki, insanlar nəyin pullu, nəyin pulsuz olduğunu bilsinlər. 

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla məsələnin mücərrəd xarakter daşıdığını və bu səbəbdən də əhali arasında çaşqınlıq yaratdığını bildirdi:

- Dövlət tibb müəssisələri pulsuz olmalıdır. Dəyişiklikdən belə anlaşılır ki, dövlət xəstəxanalarında, həmçinin poliklinikalarda həm də təsərrüfat hesablı xidmət növləri təşkil ediləcək. Hesab edirəm ki, hazırkı sosial durumda, bu, əhaliyə böyük iqtisadi çətinliklər yaşadacaq. İndiki zamanda əhalinin sosial durumunu ağırlaşdırmaq düzgün addım deyil. Bu, ümumi işin ziyanınadır. Digər tərəfdən tibbi xidmət növlərinin bir hissəsinin pullu olması, manipulyasiya üçün də şərait yaradacaq. Tibb müəssisələrinə müraciət edənlər məlumatsız olduqlarından pulsuz xidmət növü üçün də ödəniş edə bilər. Əhali hansı xidmət növünün pulsuz, hansının pullu olması haqda dəqiq informasiyaya malik olmalıdır. Bələdiyyə xəstəxanalarının pullu olması da düzgün deyil. Çünki bələdiyyə seçkili və dövlət təyinatlı orqandır. Bələdiyyə dövlət strukturudursa, tibb müəssisələri niyə pullu olmalıdır?! Ümumiyyətlə, 4 növ tibbi xidmət var – dövlət, özəl, bələdiyyə və tibbi sığorta.

Bunlardan yalnız özəl tibb müəssisələrinin pullu olması anlaşılandır. Digər 3 növ isə əhaliyə pulsuz tibbi xidmət göstərməlidir. İcbari tibbi sığorta paketi təyin edilməli və əhali lazım gəldikdə bundan sərbəst istifadə etmək imkanına və hüququna malik olmalıdır. Ödənişli tibbi xidmət yalnız icbari tibbi sığorta həyata keçirildikdə mümkündür. Qonşu dövlətlərdə icbari tibbi sığorta artıq illərdir ki, tətbiq edilir və belə olduğu halda əhalinin dövlət xəstəxanaları, poliklinikalarda müayinə və müalicəsi dövlət hesabına aparılır. Belədə, bəli, əhalinin üzərinə yük düşmür. Özəl klinikalara müraciət etmək istəyənlərsə, təbii ki, ödəniş edirlər.   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu