“...Azərbaycan məhz hər şeydən öncə iqtisadi müstəqilliyini qura bilib” - Deputat


“Azərbaycanın dinamik inkişafı və günü-gündən qüdrətinin artması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsinin nəticəsidir”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, bu inkişaf əvvəlcədən müəyyənləşdirilmiş strategiya və xüsusi proqramlar vasitəsilə dövlət siyasəti kimi müəyyənləşdirilir və gerçəkləşdirilir: 

“Heç şübhəsiz, bu zaman önə çıxan ən prioritet istiqamət milli maraqlarımızın qorunması və əhalinin rifah halının yüksəldilməsidir. Qeyd etmək lazımdır ki, məskun olduğumuz mürəkkəb geostrateji rayonda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil. Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daima öndə tutmaq ilk növbədə güclü iqtisadiyyatla əlaqəli olur ki, Azərbaycan məhz hər şeydən öncə iqtisadi müstəqilliyini qura bilib. Hazırda sənayeləşmə dərəcəsi xeyli yüksək olan şaxələndirilmiş rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Bəzən ölkəmizə qarşı müxtəlif təzyiq kampaniyalarının təşkil olunması da elə bu faktorlarla bağlıdır. Çünki biz milli maraqlarımızdan əsala güzəştlər vermirik və bu bəzi rəqiblərimizi  xeyli narahat edir”. 

Parlament üzvü bildirib ki, Azərbaycan həyata geçirdiyi müxtəlif təyinatlı regional və qlobal miqyaslı iri tutumlu layihələrlə beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrilib: 

“Təkcə enerji sektorunda əldə edilən naliyyətlər və meqa layihələr Avropanın enerji xəritəsini dəyişən xüsusi alternativ layihələr kimi, bu sahədə təhlükəsizliyi təmin edən vasitə kimi nəzərdən keçirilir.

Şübhəsiz ki, söhbət təkcə Avropanın enerji təhlükəsizliyindən deyil, həm də Azərbaycanın təhlükəsizliyindən gedir ki, bu da qarşlıqlı maraqların uzlaşdırılmasının optimal düsturu kimi ortaya çıxır. Əlbəttə, bütün bunlar nəticə etibarilə müharibə vəziyyətində olan Azərbaycanın hərbi- siyasi qüdrətini artırmaqla eyni zamanda sosial problemlərin həlli üçün yaxşı şərtlər formalaşdırır.

Ölkəmizdə həyata keçirilən kompleks sosial islahatların maliyyə mənbəyi də onun uğurlu olmasının səbəbi də karbohidrogen ehtiyatlarımızdan və digər iqtisadi resurslarımızdan səmərəli istifadənin təşkili ilə bağlıdır. Bunu da Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən strateji siyasəti ilə əlaqələndirməliyik”.



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu