Şimal-Cənub layihəsinin reallaşmasında Azərbaycanın rolu və qazanacağı dividendlər... – Ekspertdən izah


Son dövrlərdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda, fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda stabil və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyib. 
Qeyd edək ki, “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. 

Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.
2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib. 2018-ci ilin martında İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.

Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kreditin verilməsinə dair qərar qəbul olunub. 

Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb. 

Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək.
Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan Respublikası gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib.



Şimal-Cənub layihəsinin reallaşmasında Azərbaycanın rolunu, bu layihədə iştirakdan ölkəmizin qazanacağı siyasi və iqtisadi dividendlər barədə “Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov  qeyd edib ki, son illər ərzində Azərbaycanın nəqliyyat sektorunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi kimi irimiqyaslı infrastruktur layihələr həyata keçirilib:

“Bütün bunlar ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra isə Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. 
Odur ki, ortaya yeni-yeni vəzifələr çıxır.

Bu baxımdan, Rusiya, İran və Hindistanın təsisçisi olduqları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri arasında ticarət əlaqələrinin geniş potensiala malik olması və bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından istifadə edə, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsiylə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi bunlardan biri sayılır. 

Təsadüfi deyil ki, bu gün Azərbaycanın cənub qonşusu ilə iqtisadi-ticarət əlaqələrinin real vəziyyətindən və o cümlədən, bu sahədə gələcək inkişafdan söhbət açdıqda iki ölkənin nəqliyyat infrastrukturunun birləşdirilməsi məsələsi və bunun vacibliyi bir nömrəli məsələyə çevrilib. Hətta, hər 2 ölkə arasında əlaqələrdə belə, bundan sonrakı bütün vəzifə və istəklər, həmçinin əldə olunması istənilən bütün növ səmərə məhz, qeyd olunan məsələnin həllinə bağlıdır.

Bu baxımdan, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri zamanı iki dövlət arasında imzalanan sənədlər sırasında “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqavilə böyük əhəmiyyətə malik oldu. Ümumiyyətlə, sözügedən səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atıldı”.

P.Heydərov diqqətə çatdırıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tikilib istifadəyə verilməsi nəticəsində Azərbaycan ilə İran 2 qitəni – Avropa ilə Asiyanı birləşdirəcəklər:

“Başqa sözlə desək, Astara-Astara tranzit dəhliz dəmir yolu Şimal ilə Cənub arasında bir növ körpü rolunu oynayacaq ki, bu da söhbətin təkcə, bu və ya digər ölkələr arasında deyil, məhz regionlar arasında əlaqələrdən və onun gələcək inkişafından getdiyi deməkdir. 
Belə ki, Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr demək olacaq. 

Azərbaycan üzərindən keçəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı, xərclər baxımdan rəqabətqabiliyyətli olacaq. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək ki, bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti demək olacaq. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun xeyrini əyani gördükcə isə, qeyd olunan rəqəm artıq da ola bilər.

Belə bir yolun üzərində yerləşmək və praktik olaraq, alternativsiz tranzit ölkə olmaq isə Azərbaycan üçün hədsiz dividentlər gətirəcək. Yəni, bu, birincisi milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq. İkincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaradacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da gerçəyə çevirəcək. Dördüncüsü və bəlkə də ən vacibi isə, Azərbaycanın özü üçün gələcəkdə İran körfəzi ölkələrinə asan çıxmaq imkanı əldə edəcək.

Belə ki, yaxın perespektivdə İran ərazisində Qəzvin-Rəşt-Astara dəmir yolu da tikilib istifadəyə verilərsə bu, real olacaq. Və Azərbaycanın Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışı və o cümlədən, əks istiqamətdə nəqliyyat daşımalarından illik gəliri 300-400 milyon ABŞ dolları qədər və hətta bir az da çox təşkil edəcək. Hansı ki, Bakının hazırda bütün növ yük daşımalardan gəliri elə bu qədərdir. 

Odur ki, Astara-Astara tranzit dəmir yolu dəhlizi Azərbaycan üçün daha çox vacibdir. Ona görə də Bakı bunun gerçəkləşməsi üçün daha çox çalışmaqdadır. Çünki, sözügedən dəhliz tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında və yeni iş yerlərinin yaradılmasında, bütövlükdə Bakının regionda iqtisadi mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynayacaq”.

Ekspert onu da əlavə edib ki, Azərbaycan sözügedən sahədə üzərinə düşən vəzifəni sonuna qədər icra edib:

 “Çünki burada cəmi 8,3 kilometrdən söhbət gedir. Eyni zamanda, Astara çayı üzərində eni 10, uzunluğu 82 metr olacaq körpü də salınıb. Dəmir yolu körpüsünün tikintisi xərclərini Azərbaycan və İran bərabər şəkildə ödəyib. 

O ki qaldı Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yoluna, Azərbaycan Rəşt-Astara dəmir yolunun inşasının maliyyələşdirilməsi üçün İrana 500 milyon ABŞ dollarında kredit xətti açmağa razılıq da verib. Azərbaycanın kreditisə “Şimal-Cənub” layihəsinin reallaşmasını sürətləndirəcək”.



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu