Radionu çayxanaya çevirmək olmaz: Yaşlı professor efirə qoşulur, aparıcı başlayır onunla məzələnməyə

"Efiri xarici musiqilərlə doldururlar. Bir dəfə də türk dünyası musiqisi saatı tərtib etsinlər. Dinləyicilərin bilmədiyi, tanış olmadığı türk musiqilərindən səsləndirsinlər"



Radio cəmiyyətindirsə, mənim – vətəndaşın istədiyini də efirə verməlidir. Həmçinin dövlət siyasəti də radioda əksini tapmalıdır



Azərbaycan Radiosunda da Bədii Şura yaradıldı. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkədə fəaliyyət göstərən televiziyalarda bədii şuralar yaradılmağa başlandı. İlk Bədii Şura məhz Azərbaycan Dövlət Televiziyasında yaradıldıqdan sonra digər yerli – özəl telekanallar da bədii şuralar yaratmağa başladılar. 
Bədii Şuralara kifayət qədər tanınan simalar, incəsənət xadimləri cəlb edildi.

Adlara baxmaq yetərlidir ki, bədii şuraların sanballı olduğu görünsün. Amma görüntü həm də reallıqdırmı? Artıq neçə aydır televiziyalarda bədii şuralar fəaliyyət göstərir. Nə dəyişib? Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya xaricində digər telekanallarda heç nə! Azərbaycan Dövlət Televiziyasına Bədii Şura heç gərək də deyildi. Onsuz da bu televiziyada hər kəs işini bilir və ölçülər – xüsusən də milli dəyərlər ölçüsü heç pozulmadı. Amma özəl televiziyalar barədə eyni fikri söyləmək nə yazıq ki, mümkün deyil. Nə olsun ki, hamısında Bədii Şura yaradılıb və xalqın hörmətini qazanmış şəxslər orada təmsil olunur. Heç bir fəaliyyət gözə çarpmır. Gözə “girən” yenə də bayağı proqramlar, ucuz şoular, dəyərlərimizin heçə sayıldığı, əsəb mənbəyi tok-şoulardır. Yenə də cəmiyyətimizin “baş məsləhətçi”ləri müğənniciklərdi. Sanki “filosof”dular, ailə dəyərlərinin, milli adət-ənənələrin “qarantı”dırlar. Telekanallara irad tutulanda isə, “biz özəlik, dövlətdən vəsait almırıq, bazara işləmək məcburiyyətindəyik” deyirlər.      

Radiolarda bədii şuralara ehtiyac var


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdindəki Azərbaycan Radiosunda yaradılmış Bədii Şuranın tərkibi artıq müəyyənləşib. Şuranın tərkibinə AzTV–nin sədr müavini Rəşad Nəsirov, “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlixanlı, “Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlı daxildir.
Radiodakı Bədii Şura nə iş görəcək? 

Əməkdar jurnalist Azər Həsrət “Şərq”ə açıqlamasında Azərbaycan Televiziyası və Radiosunun, Bədii Şurasız da keçinə biləcəyini, lakin göründüyü kimi, məsuliyyət dərk edərək belə bir addım atdıqlarını dedi:

- Problem özəl tv və radiolardadır. Özəl radioların hazırkı durumu şəxsən məni narahat edir. Xüsusilə özəl radioların proqram siyasəti ilə bağlı ciddi ölçü götürülməlidir. Radioya məxsusi  marağım və simpatiyam var. Hesab edirəm ki, radio yayımı xüsusi diqqət tələb edən məsələdir. Hazırda ən çox əlçatan məhz radiodur. Televiziyanı ümumiyyətlə, bir kənara qoyuram. Çünki gün ərzində bəlkə də 1-2 saat televiziyaya baxıram, ya da heç baxmıram. Daha çox internetlə məşğulam, ya da radio dinləyirəm. Hazırda radio ən çox informasiya əldə edə biləcəyimiz vasitədir. Təsəvvür edin ki, paytaxtdan kənarda, uzaq bir yerdəsiniz. Televiziyaların tezliyi pozulub, internet şəbəkəsi də itib, yoxdur. Əlimizin altında radio varsa, köməyimizə çatacaq. Ən azından avtomobilin radiosunu işə salıb xəbər dinləyə biləcəyik, uzaqbaşı həzin bir musiqiyə qulaq asacağıq. Yəni hətta internetin, mobil rabitənin əlçatmaz olduğu vaxtlarda da radio insanın köməyinə çatır. Tutalım, 300 kilometrlik bir yol gedirsən, burada ən sadiq yoldaşın məhz radio olacaq. Amma əlbəttə ki, yaxşı radio. Bəri başdan deyim ki, Azərbaycan Dövlət Radiosu və İctimai Radionu çıxmaq şərtilə digərləri bərbad vəziyyətdədir. Söhbət özəl radiolardan gedir. Günün əksər hissəsi radioda canlı efirdir. Təsadüfi adamları çıxarırlar efirə. Nə danışıqlarını bilirlər, nə də nədən danışdıqlarını. Həqiqətən də mən çox əsəbiləşirəm. Avtomobillərlə bağlı bir verilişdir, maşın ustasını dəvət ediblər efirə, o da başlayır bildiyi dildə danışmağa. Nə qədər rusdilli sözlər işlədir. Səhv əvəzinə «oşibka» deyir. Sərfiyyat yerinə «rasxod» sözünü işlədir. Dəfələrlə, təkrar-təkrar rus kəlmələri işlədir. Aparıcı isə indiki ifadəylə desək, verilişin moderatoru da, səhvləri düzəltməyi, düzəliş etməyi ağlından da keçirmir. Aparıcı da qoşulur qonağa. Onun işlətdiyi kəlmələri bu da təkrarlayır. Sözünün əvvəlini-axırını bilməyən aparıcılar, Azərbaycan dilinin qaydalarına nabələd adamlar… Bir də görürsən, yaşlı professor efirə qoşulub, qızı yaşında aparıcı başlayır onunla məzələnməyə. Gah da aparıcılar biri-birinə söz atır, sataşır. Normal vəziyyətdə iki nəfərin biri-birinə deməyə çəkindiyi, ehtiyat etdiyi, etikadan kənar saydığı sözləri, ifadələri bunlar canlı efirdən səsləndirirlər. Elə bil çayxanadadılar, ya da bardadılar. Biri lazım gəldi-gəlmədi şaqqanaq çəkib gülür. Lağ-lağı, şit-şit danışıqlar efiri alıb başına. Radionu bozbaşxanaya çevirmək olmaz. 

Radio güclü kütləvi informasiya vasitəsidir


A.Həsrət qeyd edir ki, Azərbaycanda yayımlanan bütün radiolardan ciddi informasiya vasitəsi kimi istifadə edilə bilər. Amma təəssüf ki, özəl radiolar proqram siyasətini yalnız əcnəbi musiqi üzərində qurur:

- Mənim ən çox dinlədiyim Azərbaycan radiosudur. Həqiqətən də bu radionu dinləməkdən zövq alıram. Musiqi verilişləri də gözəldir, aparıcılar da peşəkardır. Nitq mədəniyyətinə malikdirlər. Dilləri qüsursuzdur. Proqram tərtibatını da bəyənirəm. Özəl radioların heç birində bunlar yoxdur. İşləri-peşələri xarici musiqi səsləndirməkdi.  Bütün gün ərzində xarici musiqi səsləndirmək nə deməkdir? Nə qədər olar amerikan, ingilis musiqisi səsləndirmək? Yıxılana balta çalmaq kimi anlaşılmasın, illər öncə mən ANS ÇM radiosu haqqında da sərt ifadələr işlətmişdim. «Vay-şüvən» xəbərçilik metodunu bir kənara qoyuram, mən bu radionun musiqi proqramı siyasətini yabançı meyilli hesab edirdim. İndi bəzi özəl radiolar sanki onun yolunu davam etdirməyə səy göstərirlər. Efiri xarici musiqilərlə doldururlar. Bir dəfə də türk dünyası musiqisi saatı tərtib etsinlər. Dinləyicilərin bilmədiyi, tanış olmadığı türk musiqilərindən səsləndirsinlər. Türk musiqisi deyən kimi, Türkiyənin pop musiqisini qəsd etdiyimi düşünməsinlər. Uyğur muğamları səsləndirsinlər. Azərbaycanın 7 muğamı varsa, uyğur türklərinin 12 muğamı var. Bircə dəfə səsləndiriblərmi o muğamları?!      

Radio çox ciddi və gərəkli ictimai təbliğat və təşviqat vasitəsidir. Eyni zamanda radio çox ciddi informasiya yayıcısı rolunu oynaya bilər. Əgər peşəkarlıqla idarə olunarsa. Çünki radioda canlı efir saatı daha çoxdur. İctimaiyyətlə ünsiyyət yaratmaq imkanları da genişdir. Əlimizdə olan bu imkanlardan niyə səmərəli istifadə olunmur? Məncə, radioların ideoloji problemi var. Bununla da dövlət səviyyəsində ciddi məşğul olunmalıdır. Radio böyük təsir gücünə malik kütləvi yayım vasitəsidir. Problemlərin gündəmə gətirilməsində radionun imkanlarından geniş istifadə edilə bilər. Daha çox analitikləri, politoloqları efirə dəvət etsinlər, canlı yayımda ciddi mövzular ətrafında müzakirələr təşkil edilsin. Radio ancaq çal-çağır üçün nəzərdə tutulmayıb. Siyasi proseslər, regional məsələlər də müzakirəyə çıxarılmalıdır. Bəzən özəl radiolar özlərini kənara çəkir. Bu qətiyyən düzgün deyil. Radio özəl olsa da, yayımlandığı tezlik axı dövlətindir. Dövlət də vətəndaşa məxsusdur. Deməli, vətəndaşları düşündürən, narahat edən məsələlərə də radio diqqət və vaxt ayırmalıdır. Radio cəmiyyətindirsə, mənim – vətəndaşın istədiyini də efirə verməlidir. Həmçinin dövlət siyasəti də radioda əksini tapmalıdır. Azərbaycan dilinin düzgün işlədilməsi qaydalarından son zamanlar çox danışılır. Adətən də özəl radiolar tənqid edilir. Amma di gəl, aparıcılar danışıq tərzində düzəliş etməyə heç səy də göstərmirlər. Sanki bütün bu deyilənlər, səslənən iradların bunlara heç bir dəxli yoxdur. Mən senzuranın qəti əleyhinə olan adamam. Amma dövlət məsələlərində, cəmiyyətimiz üçün vacib olan hallarda radioların proqram siyasətinə də doğru müdaxiləni vacib sayıram. Bu mənada hesab edirəm ki, özəl radiolarda bədii şuralar fəaliyyət göstərməli, şuralara peşəkarlar dəvət edilməli və bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır.

Bədii şuralara ehtiyac var


Qeyd etdik ki, bədii şuralarda kifayət qədər tanınmış simalar təmsil olunur. Bəs onlar köklü dəyişikliyə nail ola biləcəkmi? 
Peşəkar jurnalist Vəfa Allahverdiyeva TV və radiolarda bədii şuraların yaranmasına gətirib çıxaran səbəblər və tamaşaçıların gözləntiləri barədə «Şərq»ə danışdı: 

- Televiziyanın böyük təsir gücü daşıyan bir informasiya vasitəsi olmasına heç kəs şübhə etməz yəqin ki. Əvvəlki dönəmlərdə bir televiziya var idi, üstündə dövlət kəlməsi var idi deyə, hər məsələyə ciddi məsuliyyət mövcud idi. Üstəlik, bədii şura anlayışı da həmin televiziya məkanından miras qaldı. Bədii Şura senzor rolunda çıxış edirdi: efirə çıxan istər aparıcı olsun, istər müğənnı, istərsə də televiziyanın mikrofonları bir zəhmət adamının qarşısında qurulsun, geyimlərə, kəlmələrə əməlli-başlı nəzarət edilirdi. Kimsə yaxası açıq tamaşaçı qarşısına çıxa bilməz; vulqar, şit görünmək olmaz; nitq qüsurlu, dialekt şəklində olmaz və s.  Nəyə görə? Çünki cəmiyyət yüksək əxlaqi dəyərlərə, savadlı olmağa, ədəbli olmağa meyilli idi və çalışılırdı ki, topluma pozitiv  olan keyfiyyətlər aşılansın. İctimai qınaq, savadlı danışmağa önəm güclü olmasaydı, ozamankı mənzərənin indikindən heç bir fərqi olmazdı. Ona görə də içimizdə keçmişin gözəl tablosuna, keçmişin senzurasına bir nostalgiya var.

Dövlət və özəl televiziyalarda Bədii Şuranın yaranmasına verilən qərar gecikmiş olsa da, doğru addımdır. Lakin burada önəmli olan bir məsələ var: Bədii Şuranın tərkibinə kimlər daxildir və efirdəki qüsurları aradan qaldırmağa nüfuzu, gücü nə qədər yetərlidir? Təəssüf ki, bu yerdə nikbin olmağa dəymir. Konkret ad çəkmək etik baxımdan doğru olmaz və qarşılıqlı təhqir yarada bilər deyə, ümumi danışmaq yetərlidir, həm də elin gözü onsuz da tərəzidir. 
V.Allahverdiyeva hesab edir ki, bədii şuraların tərkibində dəyərli isimlər də var, fəqət, bu iş üçün layiqli olmayanlar da:

- Məncə, bütün parametrləri ilə bir-birinə  ziddiyyət təşkil edən insanların formatı Bədii Şura vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyəcək. O adamlar ortaya nəsə qoya bilərlər ki, eyni düşüncəyə sahibdirlər, bir-birinin ictimai nüfuzunu qəbul edirlər. Uzun illər televiziya tribunasından ən əxlaqlı davranışı, ən əxlaqlı geyim tərzini, sənət peşəkarlığını cəmiyyətə mədəniyyət adamları sərgiləyib. Televiziya müstəvisi bu gün də onların əlindədir. Amma indi nə sənət nümayiş olunur, nə yüksək mənəvi dəyərlər. Ölkənin xeyli sayda yeni nəsil mədəniyyət nümayəndələri, hətta köhnə nəslə mənsub bir qrup sənətkarlar da sanki mənəvi terrorla məşğul olmaq öhdəliyi götürüblər. Başlıca günahkarsa, öz işini ucuz metodlar, reytinq prinsipləri üzərində quran özəl radio və televiziyalardır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu