Fərda Xudaverdiyev: "İnanın, ciddi obrazı komediyadan daha yaxşı oynayaram"

"O güc, potensial məndə var. Sadəcə bir gün onu sərgiləməyə imkan yaradılsın"


"Rasim Balayev kimi böyük ustaddan istedadlıdır sözünü eşitmək özü qürur verir. Tənqidlərə gəlincə, əgər tənqidlərdən çəkinsəydim, uğur əldə etmək mümkün olmazdı"




"Stand-up” sözünün əsas mənası ayağa qalxmaq deməkdir. Amma bu sadəcə ayağa qalxmaq deyil. Norveçlilərin "fösinq”, isveçlilərin "stoup” dedikləri şeyə ingilisdilli jurnalistlər "stendup” (stəndap) deyirlər. Bu üç sözün mənası eynidir: hadisə yerindən reportaj. 
Stand-up, eyni zamanda teatrın çox qədim növlərindən biridir. Üstəlik, Amerikada, Avropada, hətta bir çox Asiya ölkələrində bu sənət növü geniş yayılıb.
Sırf bu işlə məşğul olan və bu işdən xəyal edilməyəcək qədər pul qazanan, milyonlarca tamaşaçını öz cazibə dairəsində saxlayan bir çox məşhur stand-up sənətçisi var.

Amma bizdə kiməsə stand-up desən, ingilis dilini bilən biridirsə, uzağı, ayağa qalxacaq.

Düzdür, son illərdə Türkiyədən Cem Yılmazı izləyən gənclərimiz də kifayət qədərdir. Amma təəssüfləndirici haldır ki, onlar da Cem Yılmazdan başqa heç kimi tanımırlar. Azərbaycanda isə "stendup" ustası olaraq Fərda Xudaverdiyev qədər məşhur ikinci bir aktyor hələ ki, yoxdu. Elə ona görə də stand-up janrı ilə bağlı onunla həmsöhbət olduq.

Hazırda Türkiyədə olan Fərda Xudaverdiyev «Şərq»ə maraqlı müsahibə verdi. Aktyorla olan maraqlı söhbəti «Şərq»in oxucularına təqdim edirik. 

- Stand-up nədir? Azərbaycanda bu janrı ilk siz tamaşaçıya təqdim etmisiz. 

- "Stand-up komedi" nədir? Janrın adını birbaşa dilimizə çevirsək, ən yaxşı halda "Ayaqüstü komediya” olar. Doğrudan da belədir. Stand-up sənətçisi tamaşa boyu təkbaşına 1 saat, bəzən 2-3 saat gülməli hadisələr, hekayələr danışmalı olur.
Bunu danışarkən də əsasən ayaq üstə olurlar. Əslində stand-up göründüyü qədər asan bir janr deyil. Gəldin, səhnəyə çıxdın, danışdın. Bununla bitmir. Səhnəyə çıxan aktyor təkbaşına 1 saatdan artıq elə maraqlı olmalıdır ki, tamaşaçı onu izləməkdən yorulmasın. Burda aktyorun səs tembrindən tutmuş, jestikasına, mimikalarına və senaridə istifadə etdiyi mövzuya qədər hər bir söz, element o qədər dəqiq və maraqlı seçilməlidir ki, səni izləyən tamaşaçı sənə inansın. Sən sadəcə güldürməməlisən, tamaşaçını duşündürməyi də  bacarmalısan. Ən vacib məqamlardan biri isə odur ki, Stand up-lar o qədər aydın, rahat tərzdə ifadə vasitələri ilə söylənməlidir ki, hər kəs, ən savadsız belə izləyici onu başa düşə bilsin. Hətta jestikalar o qədər professional təqdim olunmalıdır ki, işarələrdən səni anlamaq mümkün olsun.  

- Hazırda Türkiyədəsən. Deyəsən, işgüzar səfərdəsən.

- Bəli, işgüzar səfər deyəndə bir filmə dəvət almışdım. Senari mənə bir qədər gec gəlib çatmışdı. 10 gün də hazırlıqlarımız oldu. Diyarbakır şivəsi ilə oynamalıydım. Selcuq Aydəmirin senarisi əsasında çəkilən "Baba parası" filmində çəkilməli idim. Ahmet Kural, Murad Cəmcirlə bir yerdə filmə də çəkilirdim. Sadəcə elə oldu ki, mən son məqamda özüm imtina etdim. Səbəbi isə budur ki, onlar mənim bütün işlərimi internet üzərindən izləmişdilər, mənim çıxışlarımı çox bəyənmişdilər. Filmdə də mən Diyarbakır şivəsində danışmalı idim. Onlar dedilər ki, çox istedadlısan. Hətta 10 gün məşqlər etdik, Diyarbakır şivəsini də otuzdurdum dilimə. Ən sonda harda ilişib qaldıq. Bizim kültürlərimizdə müəyyən fərqlər var. Onlarla sürətli qovaclama, improvizasiyalar etməliydim. Murad Cəmcir, Ahmed Kural, digərləri sürətlə danışanda mən heç nə başa düşmürdüm. Adi danışıqları başa düşsəm də, o tərzdə tez-tez anlaya bilmirdim. Mənə təklif etdilər ki, filmin çəkilişləri zamanı sənə kömək etsinlər, məşqlər et. Mən razı olmadım. Çünki filmin çəkiliş prosesində mənə həddindən artıq zaman ayrılmalıydı ki, o tempi tuta bilim. Mən də bunu istəmədim, digər aktyorların zamanına, vaxtına girmiş olardım. Bunu istəmədim. Ona görə də razılaşdıq ki, bu film qalsın, növbətisinə bir yerdə işlərimiz olar. Mənə dedilər ki, əgər bir yerdə çalışmağımızı istəyirsənsə biz sənə şərait yaradaq, hocalar tutaq sənin üzərində çalışsınlar. Oyunçu kurslarına getmək lazımdı, mən də buna razılaşdım. Türkiyədən  oyunçu dostlar mənə dəstək olmaq üçün imkan qədər mənimlə zaman keçirirlər ki, dili öyrənə, mənimsəyə bilim. Mənə oyunçu koçu tutublar, hazırlaşıram. Üzərimdə çalışıram. 

- Bax, bəzi tanınmışlar bir az uğur əldə etdikdən sonra bununla kifayətlənirlər, axtarış etməyə, üzərlərində çalışmağa ehtiyac duymurlar. Fərda isə bu qədər tənqidlərə baxmayaraq dayanmadı. Elə Azərbaycan səhnəsinə stand-up janrını da ilk sən gətirmisən.

- 6 il stand-up üzərində çalışdıq. Axır ki, professional səhnəyə stand-upı gətirə bildik. Stand-up çox çətin janrdır. Ən çətin  hazırlığı və təqdimatı olan bir janrdır. Ona görə də  Türkiyədə "Stand-up"-çı deyəndə stuldan qalxıb görüşürlər. Türkiyənin məşhur aktyoru Şafaq Sezarla  bizim gözəl  dostluq münasibətimiz yaranıb. Biri-birimizə məsləhətlərimiz olur. Hətta Murad Cəmcir də məndən müəyyən məsləhətlər aldı. Şafaq Sezar çox çalışdı ki, stand-up etsin, səhnəyə çıxsın, amma alınmadı. Müəyyən söhbətlərimiz oldu onunla, hətta bir az ona kömək də etdim bu sahədə, amma bir müddət sonra gəldi dedi ki, abi, məndə alınmır, olmadı. Yəni bu sahə göründüyü kimi asan deyil. Şafaq bəy dedi ki, iki dəfə cəhd etdim, məndə alınmadı. O cür usta adam səhnəyə çıxmağa risk etmədi. Bizdə belə bir təsəvvür  var ki, nə var ki, mən də çıxıb danışaram. Amma elə deyil. Əsas odur biz öz üzərimizdə işləyirik. Azərbaycanla bağlarımız da qopan deyil.  Filmlərimiz, layihələrimiz də olacaq. Sadəcə bundan sonra olacaq işlər daha fərqli olmalıdır. Çünki Türkiyədə də aldığım dərslər, topladığım təcrübə, yaxşı mənada «Oğurladığım» bilgilər mənə elə gəlir ki, növbəti layihələrin bir az da uğurlu alınması üçün səbəb ola bilər

- «Stand-up»-çının söz bazası zəngin olmalıdır, mütaliən nə qədər çox olsa, o qədər  sənə köməyi dəyər. Mütaliəni gücləndirmək üçün son vaxtlar kitab oxumusanmı?  

- Stand-up əslində başından keçən hekayələrin maraqlı nəqlidir. Ya da başqasının başından keçənləri maraqlı tərzdə danışmaq, maraqlı düzülüşdə təqdim etməkdir. Sən sanki ən yaxın dostuna bunları danışıb, onunla paylaşım edirsən. Vacib olan səmimiyyətdir. Səhnədə olan insan sadə, səmimi olmalıdır. Stand-up fəlsəfəni sevmir, sadəliyə üstünlük verir. Şafaq Sezar deyir ki, sənin jestlərinə vuruldum, bəzi sözləri anlamasam da, hərəkətlərin, mimikaların məni güldürürdü, ləzzət edirdi. Qaldı kitab oxumağıma, son əlimə alıb oxuduğum kitab «İçimdəki Devi oyandır» əsəridir. Türk dilində olan kitabdır. Dilimi rəvanlaşdırmaq üçün oxuyuram. Hələ bitirməmişəm. Hazırda fərdi dərslər alıram, onlara zamanım gedir. 

- Bir zamanlar sizi tənqid edənlər olurdu. Xalq artisti Rasim Balayev də onlardan olub. Amma son açıqlamasında səni istedadlı gənc kimi qəbul etdi...

- Rasim Balayev kimi böyük ustaddan istedadlıdır sözünü eşitmək özü qürur verir. Tənqidlərə gəlincə, əgər tənqidlərdən çəkinsəydim, uğur əldə etmək mümkün olmazdı. Tənqidlərdən qorxmaq doğru deyil. Elə tənqidlər var ki, onlardan nəticə çıxarmaq vacibdir. Mən tənqidlərdən qorxmamışam. Elə tənqidlər olub ki, onlar mənə stimul verib. Özümdə demişəm ki, gör səhnədə mən sənin qarşına bu dəfə necə çıxaram. Bax, bu iddia mənim uğurlarıma səbəb olub. O tənqidlər mənə təkan olub. Mənə o qədər tənqidlər yazanlar da olub ki, direktimə də yazan olub. Mən kimsəyə cavab verməmişəm. Səbrlə işimlə o cavabı ünvanlamağa üstünlük vermişəm. 

- Hansı rejissorların filmlərini daha çox sevirsən?

- Səmimi desəm, mən o qədər filmləri izləmirəm. Niyə? Çünki belə bir fikir də var ki, insan şüuru bəzən gördüyünü, eşitdiyini şüuraltı  beynə köçürür. Mən senarist olduğum üçün elə məqamlar olur ki, bilmədən belə şüuruma köçür, sonradan o yazdıqlarıma təsir edir. Ona görə də çalışıram ki, filmləri izləməyim ki, ordakı hər hansı detal şüuraltı beynimdə yer salar, yazarkən ondan istifadə edərəm, oğurluq görünər. Hərdən deyirlər e, filan film, filan ekran əsərini xatırlatdı. Bəzən onu oğurlamırsan, sadəcə baxırsan beynində yer edir, bir gün də yaradıcı insan beynin altında olanı özününki  kimi hiss edib iş ortaya qoyur. Məlum olur ki, bu oğurluq senaridir, ya da ekran işidir. Ona görə də beynimi çox yormuram,  komik  filmlərə baxmıram ki, birdən oğurlaya bilərəm. 

- Səni komik obrazlarda görmüşük. Özünü ciddi obrazda görə bilirsən?

- İnanın məndə ciddi obraz bəlkə də daha uğurlu alınar, çünki mən özümü dramatik obrazlarda, filmlərdə görürəm. Bilirəm ki o güc, o potensial məndə var. Sadəcə bir gün onu sərgiləməyə imkan yaradılsın. İnşallah, mənə elə gəlir ki, o gün bir gün çatacaq. Mən çox ciddi, tragik, dramatik bir filmdə və elə obrazda görünə bilərəm. Türkiyədən filmlərə artıq dəvətlər gəlib, mən əminəm ki,  ciddi obrazı komediyadan daha yaxşı oynaya bilərəm. Bəzən həyata keçirə bilmədiyin arzular olur. Ona həvəsin çox olur. Düşünürəm ki, yaradıcı insanlar həm də həssas olur deyə, ciddi obrazlar daha maraqlı alına bilir. Mən də duyğusal insanam əslində, elə duyğusallıq üzərindən yola çıxsam, inanıram ki, bu məndə alınar.


Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu