Mürəkkəb vəziyyət yaranıb: "Düşmən çalışır ki, danışıqlarda humanitar missiya fiaskoya uğrasın"

“ABŞ-da baş tutan Qarabağ danışıqları ərəfəsində cəbhə xəttində təxribatın törədilməsi və əsgərimizin şəhid edilməsi girovların qarşılıqlı dəyişdirilməsi razılaşmasını pozmağa hesablanıb”. 

Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə cəbhə xəttindəki gərginliyi dəyərləndirərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-da Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı girovların dəyişdirilməsi məsələsi razılaşdırılmalı idi: 

“Bu təxribatın arxasında “Qarabağ klanı” və onların təlimat aldıqları xarici dairələr dayanır. “Qarabağ klanı” hazırkı məqamda ilkin olaraq Paşinyanın Qarabağla bağlı bütün təşəbbüslərini sabotaj etməyə çalışır. Orduda və separatçıların nəzarətində olan hərbiçilərin bu təxribatı danışıqlar prosesini pozmağa yönəlib.

Məlum məsələdir ki, Kreml hər zaman ABŞ-da aparılan danışıqların əleyhinə olub. Dəfələrlə Vaşinqtonda keçirilən görüşlər zamanı bu cür təxribatlar edilib. Düşmən çalışır ki, danışıqlarda humanitar missiya fiaskoya uğrasın. Çox mürəkkəb vəziyyət yaranıb. Hesab edirəm ki, danışıqlarda yeni variant olmalı və Moskva ilə koordinasiyalı aparılmalıdır. Əks halda “Qarabağ klanı” və Ermənistandakı qeyri-stabil vəziyyət danışıqlara mane olacaq”.
 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu