Dilqəmin oğlu ümidli, Şahbazın qardaşı isə ümidsizdir: Girovların doğmalarının gözü yoldadır  

Kürdoğlu Əsgərov: "Atamın tezlikdə vətənə qayıtmasına inanıram"


İlham Quliyev: "Sonuncu dəfə qardaşımın nə vaxt məktub yazdığını xatırlamıram"


Erməni əsirliyində olan girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər var. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri girovlarla görüşüb. BQXK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: 

“Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

BQXK-nın girovlarımızla görüşü barədə Sherg.az-a danışan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının tezlikdə vətənə qayıtmasına inandığını deyib.

Onun sözlərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının girovlarımızın dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarının bəhrəsi olacaq:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənimlə əlaqə saxlayaraq bildirdilər ki, sentyabr ayı ərzində atama və Şahbaz Quliyevə baş çəkəcəklər. Amma təəssüf ki, onların məktubu və videosu barədə bizə heç bir məlumat vermədilər. Ailənin narahatlığını nəzərə alaraq komitə atama baş çəkəndən dərhal sonra bizə məlumat verdi. Komitə əməkdaşı bildirdi ki, “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş oldu, səhhətləri normaldır”. Komitə həmçinin bildirdi ki, yaxın günlərdə bizə məktub, video və şəkil barədə məlumat verəcəklər”. 

K.Əsgərov yaxın zamanda atasının və Şahbaz Quliyevin terror aktı törətmək məqsədi ilə ölkəmizə gələn erməni diversantlarla dəyişdiriləcəyinə inandığını dedi:

“Ermənistanın baş nazirinin köməkçisi və Ermənistanın müdafiə naziri də belə bir açıqlama vermişdi ki, girovlarımızın Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istisna deyil. Müdafiə Nazirliyindən sonra Xarici İşlər Nazirliyi də belə açıqlama verdi ki, “biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycandakı erməni əsgərlərlə dəyişdirilməsini istəyirik”. Mənim çox böyük ümidim var. Hər zaman demişəm ki, atamı və Şahbaz Quliyevi erməni əsirliyindən azad edə biləcək tək bir insan var, o da ölkə başçısı İlham Əliyevdir. Yaxın zamanda dövlətimizin apardığı daxili və xarici siyasət nəticəsində atam ermənilərin əlindən azad ediləcək”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə olduqca ümidsizdir: 

“Beynəlxalq Qızıl Komitəsi ilə əlaqəm yoxdur. Komitə onsuz da heç bir iş görmür. Komitənin sonuncu dəfə qardaşımla görüşməsindən isə xəbərim yoxdur. Onların səhhətindən də xəbərdar deyiləm. Sonuncu dəfə qardaşımın nə vaxt məktub yazdığını xatırlamıram. Çünki uzun müddət keçib ki, onunla bağlı məlumat ala bilmirik. Əlaqəmiz tam kəsilib”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu