"Texniki baxışa getdim, məndən 60 manat aldılar" - Daha bu məsələlərə son qoyulacaq

Elməddin Muradlı: "Vaxt gələcək sürücülər deyəcəklər ki, “kaş köhnə qaydalar olardı" 



Maşınların texniki baxışına görə dövlət rüsumu artırılır. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.  Təklifə əsasən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır. 

Bəzi hallarda avtomobillərin texniki baxışdan keçməməsi müəyyən problemlərə səbəb olur. Bir çox sürücülər bu prosesə qeyri-ciddi yanaşırlar. Görəsən, rüsumların artması sürücülərin məsələyə daha ciddi yanaşmasına səbəb ola bilərmi?

Məsələni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a bildirdi ki, avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı problemlər gec də olsa həllini tapacaq.

Ekspertin sözlərinə görə, ölkəmizdə texniki baxışla bağlı bir çox yeniliklər gözlənilir:

“Bu yeniliklərdən biri də texniki baxışın özəl şirkətlərə verilməsidir. Məsələ prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı”nda da öz əksini tapıb. Düşünürəm ki, yaxın vaxtlarda yeniliyin şahidi olacağıq. Əslində texniki baxış rüsumlarının artırılması ilə bağlı təklif sadəcə olaraq qanunverici orqana daxil olub. Layihə Prezident Administrasiyasına göndərilib. Bəs, rüsumların artırılması hansı zərurətdən irəli gəlir? Texniki baxış rüsumlarının 25 faizi Yol Patrul Xidməti əməkdaşlarının maaşına hesablanıb. Digər məbləğlər isə texniki baxışın həyata keçirilməsi ilə bağlı maddi texniki bazanın yenilənməsi istiqamətinə xərclənir. Texniki baxış elə də sadə proses deyil, xüsusi texniki vasitələr tərəfindən həyata keçirilir. Yanvarın 1-dən artıq heç bir sürücü müəmma qarşısında qalmayacaq. Avtomobili texniki baxışdan keçirən kimi məlumatlar dərhal mərkəzi məlumat sisteminə yerləşdiriləcək. Bu məlumatlar əsasında "Asan ödəniş" sistemi vasitəsilə elektron kabineti yaratmış olsaq, asanlıqla növbəti texniki baxış vaxtını və digər sualların cavabını tapa biləcəyik. Hesab edirəm ki, bu da müəyyən qədər xərc tələb edir. Bunun üçün xeyli işçi olmalı, həmin işçilərin əmək haqqı ödənilməlidir. Fikrimcə, bu zərurətdən irəli gələrək rüsumlar artırılıb. Əvvələr bu məsələ o qədər də önəmli deyildi. Artıq texniki baxış elektron sistemə çevrilir. Bu sistem vasitəsilə də sürücülərin məlumatlandırılması rahatlaşır”. 

E.Muradlının qənaətincə, texniki baxışın daha keyfiyyətli mərhələyə qədəm qoyduğunun şahidi olacağıq:

“Çünki vaxtilə deyilirdi və müəyyən əsaslar var idi ki, texniki baxış formal şəkildə həyata keçirilir. Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstəriş verilib. Artıq neqativ hallar konkret olaraq yığışdırılıb. Hər bir avtomobil mütləq texniki baxış məntəqəsinə gedir, orada yoxlanılır. Kimlərinsə yanacaqdoldurma məntəqəsindən, sığorta şirkəti tərəfindən texniki baxış talonu alması yığışdırılıb. Düşünürəm ki, sürücüləri texniki baxışın mahiyyətini dərk edəcəklər. Bəziləri deyir ki, “texniki baxışa getdim və məndən 50-60 manat aldılar”. Daha bu məsələlərə son qoyulacaq. Amma gəlin görək qanuni şəkildə texniki baxış tələbi irəli sürüləndə sürücülər buna dözə biləcəkmi? Onlar yanğınsöndürən balon və dərman qutusunda qanunla nəzərdə tutulan dərmanların hamısını çantasında hazır qoya biləcəkmi? Hesab edirəm ki, vaxt gələcək sürücülər deyəcəklər ki, “kaş köhnə qaydalar olardı”. Təəssüf ki, bu gün bəziləri dostundan yanğınsöndürən balonu alır, maşını texniki baxışdan keçirir, axşam isə geri qaytarır. Sürücü dərk etmir ki, sabah maşını yananda dost yanında olmayacaq. Ona görə də bütün avtomobillər qaydalara uyğun şəkildə olmalıdır. Gec də olsa problem həllini tapacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu