“Nyu-Yorkda Ermənistan tərəfi ilə görüşə qatılmaq doğru deyildi” - MÜSAHİBƏ


Tofiq Zülfüqarov: “Paşinyan düşünür ki, hakimiyyətini saxlamaq üçün müharibə yeganə vasitədir”

“Çünki müharibə başlayarsa, Paşinyan birbaşa Rusiyanı ittiham edəcək. Ermənistan daxilindəki ruspərəst qüvvələri mühakimə edərək bəyan edəcək ki, bu vəziyyət Rusiyaya görə  yaranıb”



Müsahibimiz sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Keçmiş XİN başçısı ilə Azəbaycan- Ermənistan XİN rəhbərlərinin Nyu-York görüşü, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq. Söhbəti təqdim edirik:

- Nyu-York görüşündən gözləntiləriniz varmı və nədən ibarətdir ? 

- Heç bir müsbət gözləntim yoxdur.  

-Niyə ?

-Çünki belə görüşlər illərdir, davam edir. Lakin ərazilərimizin işğaldan azad olunmasına heç bir imkan yaratmır.  Bu da ondan irəli gəlir ki, Ermənistan getdikcə daha sərt mövqe nümayiş etdirir. Amma Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” bəyanatı bizim üçün çox faydalı bir bəyanatdır.

-Məsələn, nə kimi faydası var ?

 -Bu bəyanat Paşinyanın məqsədini ortaya qoydu. Bundan əvvəl müxtəlif baxışlar vardı. Yüksək  mədəni müxtariyyət məsələsini gündəmə gətirirdilər. Amma indi məlum oldu ki, məqsəd o deyil. Separatçı ölkənin niyyəti iğal etdiyi Azərbaycan torpaqlarının hamısını özünə birləşdirməkdir. Yəni, Paşinyan bu bəyanatı ilə Ermənistanın əsas məqsədi olan ərazi iddialarını, hərbi işğalı, etnik təmizləmə və ilhaq siyasətini tam şəkildə açıqlayıb. Məhz məlum bəyanatdan sonra həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət işğalçı ölkənin əsas niyyətini bildi. 

- Həmin bəyanatdan sonra Azərbaycan tərəfi nə etməli idi?

-Əlbəttə, bu bəyanatdan sonra Azərbaycan tərəfi məlum görüşə qatılmalı deyildi. Onsuzda bu görüşlərə təbliğat üsulu kimi baxırıq. Bu və ya digər yollarla Ermənistanın işğalçı siyasətini ifşa etməyə çalışırıq. Amma indiki halda bu görüşə qatılmaq doğru deyildi. Ona görə ki, danışıqlar ümidiz bir prosesə çevrilib. 

- Ermənistan tərəfi bir yandan bəyanat verir ki, Qarabağ bizimdir, digər yandan görüşlərə meyl göstərir. Sizcə, bu paradoks nədən irəli gəlir ? 

- Belə “görüşlər” onlar üçün faydalıdır. Biz danışıqlar deyən kimi, onlar hazır olduqlarını bəyan edirlər. Amma bu, bizim üçün effektiv deyil. Təbii ki, Azərbaycan bu görüşlərə qatılmamalıdır. Çünki əsas məqsədimiz işğal olunmuş ərazilərimizi azad etmək, bu işğal nəticəsində öz doğma yurdlarından didərgin düşən əhalimizi  öz torpaqlarına qaytarmaq və ölkənin suverenliyini tam şəkildə bərpa etməkdir. Yüksək mədəni müxtariyyət və başqa məsələləri unutmaq lazımdır. Bu mənada Azərbaycan daha ciddi addımlar atmalıdır.

-Məsələn..?

- Yəni, Azərbaycan tərəfi birmənalı olaraq bilməlidir ki, Ermənistan işğal etdiyi  Azərbaycan torpaqlarını danışıqlar yolu ilə azad edən deyil. Biz bu barədə beynəlxalq ictimaiyyətə və ya institulara da mesaj göndərməliyik. Həmin mesajda qəti şəkildə bəyan etməliyik ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlimizdən gələn hər şeyi etdik, lakin Ermənistan ilhaq siyasətindən əl çəkmir. Bu baxımdan Paşinyanın məlum bəyanatlarından sonra danışıqlarda heç bir məna görmürəm.  Mənası olmayan danışıqlara qatılmaqla nəyəsə müyəssər olmaq mümkünsüzdür. 

- Münaqişənin həllində vasitəçilik ATƏT-in Minsk qrupuna həvalə olunub. bu qurum da görüşlərin təşkilindən başqa bir iş görmür. Bəzi hallarda işğalçı Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur. Sizcə, bu quruma ehtiyac varmı ? 

-Beynəxlaq təcrübə onu göstərir ki, beynəlxalq ictimaiyyət bu və ya digər konfliktə öz münasibətini bildirməlidir. Biri var vasitəçilik, biri də var sülhə məcburetmə. Məsəslən, Kuveytin işğalından sonra, bu məsələ ilə bağlı yaradılan koalisiya İraqı sülhə məcbur etdi. İşğalçını Kuveyt torpaqlarından çıxardı. Minsk qrupu da Ermənistandan Azərbaycan torpaqlarından çıxmağı tələb edərsə, biz bu qrupu dəstəkləməliyik. Əgər bu qurum onu tələb etmirsə, həmin təşkilata, vasitəçiyə  ehtiyac qalmır. Paşinyanın bəyanatını Minsk qrupu da eşitdi, o qrupdakı həmsədrlər də.  Paşinyan deyir ki, torpağı danışıqlar yolu ilə azad edən deyiləm. Daha başqa fikrə ehtiyac qalmır. Minsk qrupu Ermənistanı sülhə məcbur edə bilmir. Belə olan şəraitdə həmin vasitəçiyə heç bir ehtiyac qalmır. 

Sadəcə olaraq, Azərbaycan dövləti öz konstitutsiyasındakı qərarların icrasına çalışmalıdır. Yəni, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Biz öz siyasətimizi bunun üzərində qurmalıyıq. Bunu beynəlxalq istitutlar və vasitəçilərin də diqqətinə çatdırmalıyıq. Amma yenə deyirəm vasitəçilərdən heç bir gözləndim yoxdur. Onlar bu illər ərzində bizə bir şey vermədi. 

-Qeyd etdiniz ki, Paşinyan kifayət qədər açıq konstekdə danışır və hər ötən gün  bəyanatlarını bir az sərtləşdirir. Amma bilirik ki, həm şəxsi heyyət, həm də hərbi texnika baxımından Azərbaycan işğalçı ölkədən dəfələrlə üstündür. Bunu Paşinyan da anlamamış deyil. Belə olan halda düşmən ölkənin rəhbəri bu gücü, cəsarəti haradan və ya kimdən alır ? 
 
-Ermənistanın işğalçı siyasətinin əsasını təşkil edən Rusiyanın siyasətidir. Bir sözlə, Rusiyanın təcavüzkar ölkəyə təhlükəsizlik təminatı verməsidir. Amma hazırda Moskvanın mövqeyi dəyişib. Ermənistana təminat vermək iqtidarında deyil. Belə bir şəraitdə Azərbaycan da siyasətini dəyişməlidir. Biz bu reallığı və imkanı görməyə bilmərik. Baxın, hazırda Rusiya Ermənistana  nə hərbi, nə də iqtisadi təminat verir. Paşinyan bilir ki, bir dövlət olaraq Ermənistanın gələcəyi yoxdur. Paşinyan dövləti saxlamaq üçün Qərbə üz tutdu. İndi də Qərbdən maliyyə yardımı istəyir. Amma nə Qərb, nə də Rusiya ona iqtisadi köməklik göstərməyə hazırdır. Bu Ermənistanda sistemli bir problemdir. Paşinyan bu problemi həll etmək üçün istəyir ki, Rusiyanın himayəsindən çıxıb, Qərbə üz tutsun. O başa düşür ki, döyüş olacaqsa, ağır itkilər verəcəklər. Amma onu da düşünür ki, hakimiyyətini saxlamaq üçün müharibə yeganə vasitədir. O bu addımı atmaq istəyir. Paşinyan müharibənin riskini hesablamır. Çünki müharibə başlayarsa, Paşinyan birbaşa Rusiyanı ittiham edəcək. Ermənistan daxilindəki ruspərəst qüvvələri mühakimə edərək bəyan edəcək ki, bu vəziyyət Rusiyaya görə  yaranıb. Bununla da Paşinyan  öz hakimiyyətini gücləndirəcək. Ona görə, baş nazir bu məqsədlə belə siyasət həyata keçirir. O birmənalı olaraq hərbi əməliyyatlara səbəb ola biləcək bəyanatlar verir.

-Paşinyanın məlum bəyanatından sonra Azərbaycan tərəfi, sanki, bir qədər loyal münasibət sərgilədi...

-Azərbaycan Xarici İşlər Nazirliyi loyal münasibət göstərə bilər. Amma ayrı-ayrı qurumlar, ayrı-ayrı ekspertlər buna sərt təpki verdilər.  İmkan tapıb Xarici İşlər Nazirliyinə çatdırmaq gərəkir ki, bizə belə görüşlər lazım deyil.  


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu