Dərdlər çoxdur, danışılası deyil

Sevinc Əliyeva: "Övlad hansı yaşdadırsa, ana da o yaşda olmalıdır. Mən təəssüf edirəm ki, övladımın yaşında ola bilmədim" 



"Düzdür, gənc yaşda elmi nailiyyətlərə imza atdım, seçildim, mənə vəzifə verildi, məsuliyyət daşıyıram. Amma qadın gərək ilk növbədə analıq vəzifəsini yerinə yetirsin"



Övladlarımızın daha sağlam və sosiallaşmış böyüməsi üçün, həm də qadınların elm sahəsində daha aktiv çalışmaları üçün analıq məzuniyyəti və müavinət məsələlərinə yenidən baxılmalıdır




Son illərdə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı hər il artır. 2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olan qadınların sayı 2 312, 2018-ci ildə isə 3 459 nəfər olub. Tədqiqatçı qadınların çoxu elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.

Ötən ilin məlumatlarına görə, ölkədə 832 qadın humanitar sahə üzrə tədqiqat aparır. Qadınların elmdə ən az diqqət göstərdikləri sahə isə tibdir. Ötən il cəmi 3 nəfər qadın tibb sahəsi üzrə tədqiqat işi aparıb. Həmin şəxslərdən yalnız birinin elmi dərəcəsi (fəlsəfə doktoru) olub.

Mövzunu, elm sahəsində aktiv çalışan xanımla – Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva ilə davam etdirdik.

S.Əliyeva ötən il İspaniyada qadınların bu məsələ ilə bağlı petisiya başlatdıqlarını xatırlatdı: başlatdığı aksiyanı alqışladığını dedi:

- Ötən il ispan qadınları ölkənin Elm Nazirliyinə petisiya ünvanlamışdılar. Petisiyada elmi tədqiqat sahəsində gender diskriminasiyası probleminin həlli və qadın alimlərə ana olmaq arzusu naminə elmi karyerasından vaz keçməməyə imkan verən tədbirlər görülməsi tələb olunurdu.
Kampaniyada iştirak edən fəallar videoçarx hazırlamışdı. Videoçarxda analığın onların karyerasına təsirindən bəhs olunurdu. Bununla yanaşı, sosial şəbəkələrdə “Ya alim, ya da ana” heşteqi yerləşdirilmişdi. Onlarca qadın videoçarxa münasibət bildirərək, ana olmağa qərar verdikdən sonra peşə və elmi fəaliyyətlərində qarşılaşdığı problemləri paylaşmışdılar. 

Ölkəmizdə də elm sahəsində çalışan qadınlar çoxdur. Və bəzən görürük ki, ailə qayğıları qadınlara elmi fəaliyyətlə tələb edilən səviyyədə məşğul olmağa imkan vermir. Belə fikir var ki, qadınlar elm sahəsində bacarıqlarını kişilər qədər göstərə bilmir. Bu, həqiqətən belədir. Səbəb də alim qadının alimliklə yanaşı ana, həyat yoldaşı olmasıdır. Normal ana, istər alim olsun, istərsə hansısa digər peşənin sahibi, ilk növbədə uşağının səsinə səs verəcək. Qadın uşağının səsinə səs vermirsə, o, bir ana kimi öz vəzifəsini tam yerinə yetirmiş sayıla bilməz. Şəxsən mənə yenidən seçim etmək imkanı verilsəydi, mən birinci növbədə ailəmi, övladımı seçərdim. Çünki övladım 5 yaşında olanda, mən elmi iş üzərində işləyirdim və övladıma gərəkən diqqəti, gərəkən zamanı ayıra bilmirdim. Elm sahəsində olanlar bilir ki, elmi iş üzərində işləmək necə çətin bir işdir. Hələ sənədlərin hazırlanması prosesi… Danışılası deyil. Övlad hansı yaşdadırsa, ana da o yaşda olmalıdır. Mən təəssüf edirəm ki, övladımın yaşında ola bilmədim. Düzdür, gənc yaşda elmi nailiyyətlərə imza atdım, seçildim, mənə vəzifə verildi, məsuliyyət daşıyıram. Amma qadın gərək ilk növbədə analıq vəzifəsini yerinə yetirsin. Əgər qadın evinin qapısından içəri daxil olursa, artıq anadır, həyat yoldaşıdır. Mən deyə bilmərəm ki, bu gün filan məqalə üzərində işləmişəm, ona görə bu gün ac qalacaqsız. Mən belə qadınlığı qəbul etmirəm. 

S.Əliyeva hesab edir ki, qadınların həyat qayğılarını azaldacaq addımlar atıla bilər:

- Əgər biz cəmiyyətimizin həqiqətən də normal şərtlər altında inkişafını istəyiriksə, yəni qadınların elm sahəsində və ümumiyyətlə, sosial həyatın bütün sahələrində kişilərlə bərabər çalışmasını istəyiriksə, qadınların həyat qayğılarını azaldacaq nələrsə etmək olar. Bu, bizim cəmiyyətə lazımdır. Məsələn, mən elmlər doktoru kimi yay mövsümündə 52-56 gün məzuniyyətdə oldum. Bəs sonra? Analıq ancaq məzuniyyət dövrü ilə məhdudlaşmalıdır? Qadın yalnız məzuniyyətdə olduğu müddətdəmi anadır?! Qadının yükünün azalması gərək gündəlik həyatı əhatə etsin. Düşünürəm ki, məsələn, iş saatları azaldılsa yaxşı olar. Qadın evinə, ailəsinə, uşağına bir az da artıq vaxt ayırar. Analıq məzuniyyətinin müddəti də çox azdır. Doğuşdan 3 ay əvvəl, 3 ay da sonra qadına ödənişli məzuniyyət hüququ verilir. Qadın övladı 3 yaşına çatanadək evdə oturub uşağa baxmaq hüququna malikdir. Amma belədə, iş yeri saxlansa da, əmək haqqı ödənişi edilmir artıq.

İşləyən əksər qadınlar məhz maddi durumla bağlı işə qayıdır. Ana olmuş qadınların 90 faizi bir neçə aydan sonra işə çıxır. Belədə təbii ki, körpə anasız böyüyür. Analıq məzuniyyəti dövründə verilən müavinətin miqdarı da azdır. Bu da gənc anaların övladın baxımını kənara qoyub işə çıxmalarına bir səbəbdir. Hesab edirəm ki, övladlarımızın daha sağlam və sosiallaşmış böyüməsi üçün, həm də qadınların elm sahəsində daha aktiv çalışmaları üçün analıq məzuniyyəti və müavinət məsələlərinə yenidən baxılmalıdır. Deyə bilərlər ki, evdə oturan qadın elmlə necə məşğul olacaq, amma indiki internet, geniş kommunikasiya  imkanları zamanında bunların heç biri problem deyil. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu